Məhkəmə qərarları › İş №3(026)-374/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-374/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-374/2025 31.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxx 1995-ci ildə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə 31 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 30 oktyabr 2025-ci il tarixdə Qobustan RPŞ-nin inzibati binasında ucadan hay-küy salaraq nalayiq ifadələr işlətmiş və xırda xuliqanlıq hərəkətləri etmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X6 bildirdi ki, 30 oktyabr 2025-ci il tarixdə Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Vüsal Məmmədov raportla müraciət edərək bildirmişdir ki, 30 oktyabr 2025-ci ildə KMQ-nin əməliyyat müvəkkili Murad Alıyevlə birlikdə xidməti ərazidə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhəli bilinən Bakı şəhər sakini Şəxs və Abşeron rayon sakini X4 RPŞ-yə dəvət edərkən sonuncular uca səslə ünvansız nalayiq küçə söyüşləri söyməyə başlamış, onlara intizamlı olmağı və ictimai qaydanı pozmamağı bildirmişlər. Bundan sonra həmin raport onun icraatına daxil olmuş, o da Şəxs və digər şəxslərin izahatlarını alaraq, yekunda Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əmisi oğlu X5 rayonuna istirahət məqsədilə gəlmişdir. Bu zaman baş vermiş oğurluq hadisəsi ilə əlaqədar onları şübhəli şəxs qismində Qobustan RPŞ-yə dəvət etmişlər. Qobustan RPŞ-də olan zaman isə həqiqətən də əsəbiləşərək ünvansız nalayiq ifadələr işlətmişdir. O, törətdiyi əməldən peşmandır. Özü ailəlidir, 2 azyaşlı uşağı var. Həmçinin o, Vətən müharibəsində iştirak etmiş, Laçın və Füzuli rayonlarının azad olunmasına görə medallarla təltif edilmişdir. Onun hazırda ikinci qrup əlilliyi ilə bağlı sənədlər TSEK-ə göndərilmişdir. Ona görə də barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlini səmimi şəkildə etiraf etməsinin və peşman olmasının nəzərə alınaraq, onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, X2 İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsindən də göründüyü kimi, Şəxs Qobustan RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, törətdiyi bu əməli özünün əsəbi olması ilə əlaqələndirmişdir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşmançılığını, himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını (07 fevral 2021-ci il və 15 may 2022-ci il təvəllüdlü), eləcə Vətən müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun əməlində məsuliyyətini ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. İXM-in 510-cu maddəsinin sanksiyasında isə 50 manatdan 100 manatadək məbləğdə inzibati cərimə və ya 15 günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını, eləcə də, Şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, Vətən müharibəsi iştirakçısı olmasını və əməlini etiraf edib səmimi peşmançılığını bildirməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bu zaman İXM-in 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə görə, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 30 oktyabr 2025-ci il tarixdə inzibati qaydada tutulmuş Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar