Məhkəmə qərarları › İş №3(026)-377/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-377/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-377/2024 15.11.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X2 və zərərçəkmiş şəxs X6 iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qobustan rayonu, Nərimankənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 14 noyabr 2024-cü il tarixdə Qobustan şəhəri ərazisində xırda xuliqanlıq hərəkətləri törətmiş, bununla ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlu protokolu müdafiə edərək bildirdi ki, 14 noyabr 2024-cü ildə günorta saatlarında Qobustan rayonu, Nərimankənd kəndi ərazisində İslam Kərimov adlı şəxsin sexində Şəxs və Qədir Qəribov arasında mübahisə yaranmış, Şəxs əvvəlcə sexdə, daha sonra isə küçədə təhqiramiz ifadələr işlətmişdir. Həmin şəxslər oradan uzaqlaşdırılmış, daha sonra Qədir Qəribov “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bu səbəbdən də Şəxs barəsində protokol tərtib olunmuşdur. O, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməsini, onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Qədir Qəribov onun əmisi oğludur. Onun əmlak payı olan sahədə Qədir Qəribov və İslam Kərimov qeyri-qanuni darvaza sexi işlədirlər. Həmin ərazidə onun şəhid qardaşı Beydulla Qəribovun xatirəsinə şəhid parkı var, Qədir Qəribov isə həmin parkın çəpərlərini söküb aparmışdır. O da 14 noyabr 2024-cü ildə sexə gəlib əmlak payını zəbt etmələri və şəhid qardaşı üçün salınmış parkı pis vəziyyətə salmaları barədə onlara etiraz etmiş, barələrində şikayət edəcəyini bildirmiş və çıxıb getmişdir. O, heç kəsə söyüş söyməmiş, təhqiramiz ifadə söyləməmişdir. Onun barəsində qeyd edilənlər həqiqətə uyğun deyil. Özü də ikinci qrup əlildir. O, 50 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, 14 noyabr 2024-cü ildə İslam Kərimovla sexdə iş görərkən Şəxs sexə gəlmiş və nalayiq söyüşlər söymüşdür. Özü naharda bir qədər araq içmiş olsa da, Şəxs da həmin vaxt sərxoş olmuşdur. Şəxs sərxoş olan zaman ətrafdakı şəxslərə qarşı nalayiq ifadələr işlədib onlara ilişir. Ona görə də Şəxs sexdən getməsini tələb etmiş, bu zaman Şəxs yenə də nalayiq ifadələr işlətmiş, ölü-diri söyüşü söymüşdür. Qeyd etdi ki, Şəxs əvvəlcə sexin içərisində söyüş söymüş, gedib qısa müddət sonra qayıtdıqda isə sexdən kənarda söyüş söymüşdür. Həmin vaxt qaynaqçı Amil, komxozda işləyən Bəhruz da orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, onun işlədiyi sex özünə məxsus deyil, sexin yerləşdiyi ərazidə 600-dən artıq şəxsin əmlak payı mövcuddur. O, həmin sexi 2 ilə yaxındır ki, işlədir. Şəxs hər dəfə içən zaman sexə gəlib ona sexdən çıxmasını, sexin özünə aid olduğunu bildirir. O isə hər dəfə ona təklif edir ki, sexin yerləşdiyi yerdə bir neçə otağı gəlib düzəldib işləsin. Qədir Qəribov da onun yanında işləyir. 14 noyabr 2024-cü ildə Şəxs yenidən sexə gəlmiş, Qədir Qəribovu, daha sonra isə onu söyüb təhqir etmiş, o da onu oradan uzaqlaşdırmışdır. Gedib qısa müddət sonra qayıdan Şəxs yenə də söyüş söyüb getmişdir. Həmin vaxt orada komxoz Bəhruz olmuş, Amil isə Əflatunun içkili olmasını görüb çölə çıxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Qəribov barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Məhkəmə qeyd edir ki, Şəxs əvvəlcə sex ərazisində, daha sonra isə ondan kənarda söyüş söyərək nalayiq ifadələr işlətməsi İXM-in 510-cu maddəsinin tərkibinin yaranmasına əsas vermişdir. Bu hal zərərçəkmiş şəxslə yanaşı, şahidin ifadəsi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs ikinci dərəcəli əlil olmasını və şəhid qardaşı olmasını nəzərə alaraq hesab edir ki, hazırkı halda onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsinə zərurət yoxdur. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X2 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq vəkil X2 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar