Məhkəmə qərarları › İş №3(026)-387/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-387/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-387/2024 25.11.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, xx xxxx 1992-ci ildə Qobustan rayonu, Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qobustan rayonu, Çalov kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 25 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 24 noyabr 2024-cü il tarixdə axşam saatlarında ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X10 protokolu müdafiə edərək, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməsini, onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 24 noyabr 2024-cü ildə axşam saatlarında sinif yoldaşı ilə toydan çıxarkən sinif yoldaşının çiynindən kurtkası düşmüş, o da onun kurtkasını qaldırmışdır. İçkili vəziyyətdə olduqlarına görə biraz yüksək səslə danışırdılar. Bir qədər sonra polis əməkdaşları yaxınlaşmış, onlara səslərinin tonunu qaldırmamağı bildirmişlər. O da polislərin bu tələbinə heç bir etiraz etmədən, səsinin tonunu aşağı salmışdır. Bununla da məsələ yekunlaşmışdır. Polislərin ona qarşı hər hansı başqa tələbi olmamışdır. Lakin səhəri eşitmişdir ki, onu yenidən axtarırlar, bununla bağlı o, polis şöbəsinə getmiş, şöbədə axşam olan məsələni protokollaşdırıb onu məhkəməyə gətirmişlər. O, hər hansı bir söyüş söyməmişdir. Həmçinin, onun polisin hər hansısa qanuni tələbinə riayət etməməsindən danışıla bilməz, çünki ona qarşı ümumiyyətlə hər hansı konkret bir tələb olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Bəbirovun əməlində İXM-in 510-cu və 535.1-ci maddələrinin tərkibinin olmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X8 bildirdi ki, 24 noyabr 2024-cü ildə axşam saatlarında Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayının qarşısında ünvansız söyüş söyüldüyünü eşitmişlər. Həmin yerə yaxınlaşdıqda görmüşlər ki, Şəxs Şahmar Yaqubovla arasında nəsə mübahisə var və o, ünvansız söyüş söyür. Onlar Şəxs yaxınlaşıb özlərini təqdim etmiş, ondan söyüş söyməməsini tələb etmişlər. Şəxs isə cavabında “mən polis filan hərləmirəm, gedin işinizlə məşğul olun” demişdir. Buna görə də onlar Şəxs şöbəyə aparmaq üçün həmin yerə dəstək çağırmışlar. Həmin yerdə camaat da çox idi, tanımadığı şəxslər Şəxs qırmızı rəngli “VAZ 21011” markalı maşına oturdaraq oradan qaçırtmışlar. O, avtomobilin nömrəsini görməmişdir, onu xatırlamır. Həmçinin, bildirdi ki, Şəxs avtomobildə qaçırılması barədə həmin vaxt heç kəsə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X9 bildirdi ki, 24 noyabr 2024-cü ildə axşam saatlarında Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayının qarşısında Şəxs sinif yoldaşı ilə bir-birinə uca səslə söyüşlər söymüşlər. Yaxınlaşıb bu hərəkətlərini dayandırmalarını onlardan tələb etsələr də, onlar həmin hərəkətlərini dayandırmamışlar. Şəxs da onlara etiraz edərək, polislərin onların məsələsinə niyə müdaxilə etdiyini soruşmuş, “mən polis filan hərləmirəm, gedin işinizlə məşğul olun” demişdir. Bundan sonra onu polis şöbəsinə aparmaq üçün həqiqətən də onlar dəstək çağırmışlar. Lakin Şəxs həmin ərazidən necə yoxa çıxmasını bilmir. Onun xidmət yoldaşı olan Yalçın Məcnunov da həmin vaxt yanında olmuş, baxdıqlarında Şəxs artıq orada olmadığını görmüşlər. Sonradan camaatdan eşitmişdir ki, Şəxs həmin yerdən bir qədər aralıdan taksiyə minərək getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, 24 noyabr 2024-cü ildə köhnə sinif yoldaşı Şəxsla toydan çıxarkən aralarında nə baş verdiyini, nələr olduğunu xatırlamır. Çünki həmin vaxt o, içkili vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməli, onun barəsində İXMin 34.3-cü maddəsinə uyğun olaraq İXM-in 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs polisin bütün tələblərini yerinə yetirdiyini bildirmiş olsa da, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri həmin halı təsdiq etməmişdir. Belə ki, polis əməkdaşı olan şahid Yalçın Məcnunov xəbərdarlıqlara baxmayaraq, Şəxs yenə də uca səslə ictimai qaydanı pozan ifadələr işlətdiyini, buna görə də dəstək çağırıb Şəxs polis şöbəsinə aparmaq istədiklərini, lakin tanımadığı şəxslərin Şəxs qırmızı rəngli “VAZ 21011” markalı maşına oturdaraq oradan qaçırtdıqlarını bildirmişdir. Digər polis əməkdaşı olan şahid Orucəli Əliyev də öz ifadəsində xəbərdarlıqdan sonra da Şəxs ictimai qaydanı pozan hərəkətlərini davam etdirdiyini, onu polis şöbəsinə aparmaq üçün dəstək çağırdıqlarında isə Şəxs bir qədər aralıda avtomobilə minərək oradan uzaqlaşdığını eşitdiyini bildirmişdir. Şəxs sinif yoldaşı olmuş digər şahid Şahmar Yaqubov isə sərxoş olduğuna görə ümumiyyətlə nə baş verdiyini xatırlamadığını bildirmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, Şəxs 24 noyabr 2024-cü ildə axşam saatlarında ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlətmiş, polisin bu hərəkətlərini dayandırması və polis şöbəsinə aparılması barədə qanuni tələblərinə əməl etməmiş, bununla da İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə bildirir ki, Şəxs hər iki maddə üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, İXM-in 34.3-cü maddəsinin tələbinə görə ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir, başqa sözlə, Şəxs barəsində məhz İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmuşdur. Belə ki, İXM-in 33.1.7-ci maddəsinə görə, onun inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran, lakin hazırda 4 aylıq uşağının olması İXM-in 32.2-ci maddəsi baxımından onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X2 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq vəkil X2 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar