Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-399/2024 05.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, Qobustan rayon Polis Şöbəsinin əməkdaşları protokolu tərtib edən X2 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X3 və müdafiəçisi X1, Qobustan rayon prokurorunun köməkçisi X10 iştirakı ilə, xx xxxxxxx 2007-ci ildə Qobustan rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonunda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə 04 dekabr 2024-cü il tarixli, İXP6725271 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X6 bildirdi ki, sosial şəbəkədə yayılmış görüntülərlə bir şəxsin gecə saatlarında “VAZ-21011” markalı avtomobillə təhlükəli manevrlər edərək maşının təkərini qaldırdığı müəyyən olunmuşdur. Həmin avtomobil onun tərəfindən saxlanılmış, ödənilməmiş cərimələri olduğuna görə duracağa yerləşdirilmiş, daha sonra sözügedən videogörüntülərlə bağlı avtomobili idarə etmiş Şəxs və onun atası Elşad Gülməmmədovun izahatları alınaraq, yetkinlik yaşına çatmayan Şəxs barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X9 bildirdi ki, sosial şəbəkədə yerləşdirilmiş videogörüntü əməkdaşlar tərəfindən aşkar edilən kimi raportla şöbə rəhbərliyinə məlumat verilmiş, avtomobili idarə edən şəxsin şəxsiyyətini müəyyənləşdirmək üçün müvafiq tədbirlər görülmüşdür. Araşdırma zamanı avtomobili idarə edən şəxsin Şəxs olması müəyyən edilmiş, həmin şəxs valideyni ilə birlikdə Qobustan rayon Polis Şöbəsinə dəvət olunaraq, izahatları alınmışdır. İzahat zamanı görüntülər vətəndaşa təqdim olunmuş və o, səmimi etiraf edərək bildirmişdir ki, həqiqətən də, videodakı şəxs odur və avtomobildə bir neçə azyaşlı dostu olmuşdur. O, yoldaşları ilə kompüter salonuna gedərkən nəqliyyat vasitəsini sağa-sola ani manevrlər etdirərək, avtomobilin təkərlərini qaldırmaqla ictimai təhlükəli əməli törətmişdir. Lakin etdiyi hərəkətlərin avtoxuliqanlıq əməli olduğunu bilmədiyindən ona köməklik göstərilməsini xahiş etmişdir. Bununla bağlı vətəndaşa müvafiq izah da verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, videogörüntülərdə qeydə alınan hadisənin nə vaxt olduğunu dəqiq xatırlamır, amma təxminən 2024-cü ilin sentyabr ayının 14-ü olmuşdur, bircə onu bilir ki, həmin vaxt hələ məktəb açılmamışdı. Həmin vaxt avtomobildə o və ondan kiçik 3 dostu var idi. O, atasının icazəsi olmadan onun avtomobilini götürmüşdür. Dostları ilə kompüter salonuna gedərkən avtomobilin təkərlərini qaldıranda onun sağ arxa təkəri yerindən çıxmışdır. Onlar təkəri yerinə taxdıqdan sonra əvvəlcə kompüter salonuna, oradan isə birbaşa evə getmişlər. Atası da hadisədən məlumat tutduqda, onu danlamışdır. O, etdiyi əməldən peşmandır və bir daha bu cür əməl etməməyə çalışacaqdır. Həmçinin, qeyd etdi ki, özü axşamlar ofisiant işləyib ailəsinə baxır, ona görə də yüngül məbləğdə cərimə verilməsini xahiş edir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X7 bildirdi ki, Şəxs onun oğludur. O, sözügedən hadisədən video sosial şəbəkədə yayılandan sonra cəmi bir neçə gündür ki, məlumat tutmuşdur. Oğlunun etdiyi əmələ görə təyin ediləcək cəriməni ödəməyə hazırdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X4 bildirdi ki, barəsində icraat aparılan şəxsə minimal həddə cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Qobustan rayon prokurorunun köməkçisi X13 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yetkinlik yaşına çatmadığına görə onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq oluna bilmir və bu səbəbdən də ona cərimənin minimum məbləğdə təyin olunmamasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə (mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə) görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə görə, on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsini və müdafiəçisini, Qobustan RPŞ-nin əməkdaşlarını, Qobustan rayon prokurorunun köməkçisini dinləyib, Şəxs istinad edilən əməli törətməsini təsdiq edən videogörüntünü özündə əks etdirən inzibati materiallara əlavə olunmuş videodiski məhkəmə iclasında tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafına və inzibati xətanın əks olunduğu sübutlara qiymət verərək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Məhkəmə qeyd edir ki, Şəxs gecə saatlarında atasına məxsus avtomobili onun təkərini yolun səthindən qaldırmaqla idarə edərək, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə, yol hərəkəti qaydalarını isə davamlı şəkildə pozmuş, bununla da, avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Bu hal onun özünün etirafı, tədqiq edilmiş videogörüntü və digər sübutlar ilə təsdiq olunur. Məhkəmə Şəxs səmimi peşmançılığını və onun yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci və 32.1.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Bundan əlavə, məhkəmə Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və yetkinlik yaşına çatmamasını da nəzərə alaraq bildirir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə inzibati tənbeh tətbiq olunmalı, o, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manat məbləğində inzibati cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində inzibati cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X1 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq vəkil X1 hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-399/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-399/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver