Məhkəmə qərarları › İş №3(026)-399/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-399/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-399/2025 14.11.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxx 1974-cü il təvəllüdlü, Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Qobustan şəhəri, X6 küçəsi, ev 22 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və Probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 14 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-65/2025 saylı, 12 mart 2025-ci il tarixli icra sənədinə əsasən cəmi 6586 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X4 verilməlidir. Lakin borclu Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra sənədinin icrasını təmin etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Qobustan Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(026)-65/2025 saylı icra sənədinə əsasən Şəxs 6500 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86 manat məbləğində pul alınaraq X4 ödənilməlidir. Həmin icra sənədi verildikdən sonra Qobustan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, 15 aprel 2025-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş və SMS-bildirişlər göndərilmişdir. Borcluya inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq məktubu göndərilmiş, onun yazılı izahatı alınmış, həmçinin barəsində axtarış elan edilmişdir. Borclu icra sənədi üzrə öz borcunun bir hissəsinin ödənilməsi təklif edilsə də, yenə də ödəniş etməmişdir. Tələbkar da dəfələrlə şikayət ərizəsi ilə icra şöbəsinə müraciət etmişdir. Beləliklə, qeyd edilən icra sənədi üzrə borcunu ödəməməklə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, özü süd vəzi xərçəngindən və şəkər xəstəliyindən əziyyət çəkir. Onun barəsində Ağcabədi Rayon Məhkəməsində cinayət işinə baxılaraq hökm çıxarılmış və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək ayağına elektron nəzarət vasitəsi bağlanmışdır. Həmin işlə əlaqədar onun telefonu özündə olmadığına görə icra sənədini mübahisələndirə bilməmişdir. İcra sənədində göstərilən qədər onun borcu olmasa da, hər bir halda o, tələbkara olan borcunu bir dəfəyə ödəmək iqtidarında deyil. Yalnız hər ay 200 manat ödəmək imkanı var. Onun xəstəliyi də nəzərə alınmaqla, məhkəmədən barəsində inzibati cərimə növündə tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs qadın olması və xəstəliyi nəzərə alınmaqla, onun barəsində həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(026)- 65/2025 saylı icra vərəqəsindən görünür ki, Şəxs 6500 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86 manat məbləğində pul alınaraq X4 ödənilməlidir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 15 aprel 2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin 12 mart 2025ci il tarixli, 2(026)-65/2025 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, SMS-bildirişlər göndərilmiş, inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq məktubları göndərilmiş, yazılı izahatı alınmış, həmçinin onun barəsində axtarış elan edilmişdir. Beləliklə, toplanmış iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, Şəxs tərəfindən Qobustan Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(026)-65/2025 saylı icra sənədi icra məmuru tərəfindən müəyyən edilmiş müddət ərzində icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmiş, nəticədə icra sənədi üzrə 6586 manat məbləğində ümumi borcdan hər hansı ödəniş edilməmişdir. Şəxs da məhkəmə iclasında həmin borcu bir dəfəyə ödəməyə imkanı olmadığını bildirərək, özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bildiyini etiraf etmişdir. Məhkəmə Şəxs icra sənədi üzrə borcunu ödəməməsini səmimi şəkildə etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və bildirir ki, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəuyğun saymır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar