Məhkəmə qərarları › İş №3(026)-412/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-412/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-412/2024 23.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, xx xxxxx 1984-cü ildə Leninsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 23 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 23 dekabr 2024-cü il tarixdə, saat 11:30-da 711 saylı postda kobudluq edərək, ictimai qaydanı pozmuş, eyni zamanda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X12 protokolu özünün tərtib etdiyini bildirərək onu müdafiə etdi və Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 23 dekabr 2024-cü ildə içki içib avtomobil sürməmiş, ondan yalnız 1 gün əvvəl içki içmişdir. O, Qobustan RPŞ-nin əməkdaşları tərəfindən təklif olunan alkotesterlərlə, eləcə də, oranın həkimləri ilə razı deyil. O, Bakı şəhəri, Xətai rayonunda qeydiyyatdadır. Bakı şəhərində belə bir müayinə görməmişdir. Postda da polis əməkdaşlarından tələb etmişdir ki, onu Bakıdakı kimi və oradakı avadanlıqlarla müayinə etsinlər. Bakıdakı avadanlıqlar Qobustan rayonundakı avadanlıqlardan başqa cürdür, onlar bir-birindən fərqlənir. Ona məhz Bakıdakı avadanlıqlar təqdim olunmalı idi. Həkimlər də elə polis əməkdaşlarının istifadə etdiyi avadanlıqla onu müayinə etmək istəyirdilər. Ona görə də müayinə ilə razılaşmır. Onu müayinə üçün başqa rayona aparmalı idilər. Həmçinin, bildirdi ki, o, heç kəsi hədələməmişdir. Əziz Seyidov adlı şəxsin də adını ona görə çəkmişdir ki, onun yüksək vəzifəli şəxs olmasından istifadə edib polis əməkdaşlarının çəkinib ona hörmətlə yanaşsınlar. Əziz Seyidov onun qohumu deyil. Eləcə də, o, ümumiyyətlə, hər hansı söyüş söyməmişdir. Əksinə, polis əməkdaşları ona qarşı zor tətbiq edərək, polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı X5 bildirdi ki, 23 dekabr 2024-cü ildə 711 saylı stasionar postda xidmət apararkən Şəxs avtomobili saxlanılmış, bu zaman onda sürücünün sərxoş olmasına dair şübhə yaranmışdır. O, Şəxs içki içibiçməməsi barədə soruşduqda bildirmişdir ki, o, əvvəlki gün içki içmişdir. Bu zaman Şəxs təklif etmişdir ki, alkotester vasitəsilə sərxoşluq vəziyyətinin yoxlanışından keçsin və mövcud olan 2 alkotesteri ona təqdim etmişdir. Lakin Şəxs müayinə olunmaqdan imtina etmiş, həkimə getmək istədiyini bildirmişdir. Bu səbəblə də onun həkimə aparılması təmin edilmişdir. Lakin Şəxs həkimdə də müayinədən keçməkdən imtina etmişdir. Onun yeganə bildirdiyi məsələ isə o olmuşdur ki, Bakı şəhərində müayinələr belə aparılmır, orada başqa cür müayinə həyata keçirilir. Bununla da Şəxs hər hansı bir formada müayinədən keçməkdən imtina etmişdir. Bundan sonra həkim tərəfindən müvafiq akt tərtib olunmuş və onlar posta qayıtmışlar. Posta qayıtdıqda sərxoşluq müayinəsindən keçmədiyinə görə o, Şəxs avtomobilin cərimə meydançasında saxlanılması üçün onun açarını tələb etmişdir. Şəxs isə açarı verməkdən imtina edərək, onunla mübahisə etməyə başlamışdır. O da bundan sonra məcbur olub Qobustan RPŞ-yə müraciət etmiş, şöbədən X3 rəisi Rəşad Məmmədov gələrək Şəxsla təxminən yarım saata qədər söhbət aparmışdır. Lakin Şəxs onunla da aqressiv şəkildə danışaraq, özünün Bakıdakı şəkildə, orada mövcud olan avadanlıqlarla həkim müayinəsindən keçirilməsində israr etmişdir. Halbuki, bütün ölkə ərazisində polislərə eyni markalı və eyni sertifikatlı alkotesterlər paylanılmışdır. Yarım saatlıq söhbət zamanı Şəxs yenə də öz dediklərini təkrarlamış, Rəşad Məmmədovla polis şöbəsinə getməmiş, stasionar postun da iş rejimini pozmuşdur. Bundan sonra, Rəşad Məmmədov əlavə naryad çağırmışdır. Həmin əlavə naryad gəldikdən sonra, Şəxs onları hədələməyə başlamış, hansısa vəzifəli şəxsin qohumu olduğunu bildirmişdir. Dəfələrlə Şəxs onlarla avtomobilə əyləşib polis şöbəsinə getməsi, əks halda, ona zor tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Uzun sürən mübahisələrdən sonra Şəxs könüllü şəkildə avtomobilə əyləşməyə razı sala bilmədiklərinə görə polis əməkdaşlarının müdaxiləsi ilə Şəxs avtomobilə əyləşdirilərək polis şöbəsinə aparılmışdır. Həmçinin, bildirdi ki, Şəxs bir sıra nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis kapitanı X6 bildirdi ki, o, polis serjantı Elməddin Abdullayevin müraciətindən sonra 711 saylı stasionar posta getmişdir. Orada Şəxs dəfələrlə şöbəyə getmələri və orada izahatını verməsi, hansı növ həkim müayinəsindən keçmək istəyirsə, o şəkildə müayinədən keçməsi barədə təklif etmişdir. Lakin Şəxs heç bir şəkildə razılaşmamış, onu hədələməyə başlamışdır. Şəxs hər dəfə onu avtomobilə dəvət edərkən özünü yerə atmağa çalışmışdır. O da kənardan durub bu vəziyyəti videolentə almışdır. Həmçinin, bildirdi ki, Şəxs “Bura Ermənistandırmı?” və bu kimi digər ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı X14 bildirdi ki, onlar 23 dekabr 2024-cü ildə 711 saylı stasionar posta əlavə naryad olaraq çağırılmışlar. Posta getdiklərində Şəxs avtomobilə əyləşməyə heç cür razı olmamış, ona toxunan kimi özünü gah dizi üstə yerə atmış, gah da yerə uzanmışdır. Bununla bağlı videoçəkiliş də aparılmışdır. Onlar da həmin zaman Şəxs yerdən qalxmasını gözləyirdilər. Lakin uzun müddət müqavimət göstərməsinə baxmayaraq, sonradan onların da müdaxiləsi ilə Şəxs avtomobilə mindirilərək polis şöbəsinə aparılmışdır. Həmçinin, bildirdi ki, Şəxs rus dilində nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı X4 digər şahid X14 ilə eyni məzmunda izahat verdi. Şəxs tərəfindən söyüş söyülüb-söyülməməsi barədə isə bildirdi ki, o, ümumiyyətlə, rusca bilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 müdafiə etdiyi şəxsə daha yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, protokolu tərtib etmiş şəxsin və şahidlərin ifadələrini dinləyib, inzibati materiallara əlavə olunmuş videogörüntünü özündə əks etdirən və məhkəmə iclasında tədqiq olunan diskə, eyni zamanda məhkəmə iclasında tədqiq edilən digər sübutlara qiymət verərək hesab edir ki, Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hər hansı söyüş söymədiyini bildirmiş, şahidlərdən X17 Əmirovun rusca nalayiq ifadələr işlətdiyini, Rəşad Məmmədov onun “Bura Ermənistandırmı?” və bu kimi digər ifadələr işlətdiyini, Elməddin Abdullayev də Şəxs bir sıra nalayiq ifadələr işlətdiyini, Orxan Məhəmmədzadə isə özünün rusca bilmədiyini qeyd etmişdir. Göründüyü kimi, Üsüb Üsüblü qeyri-müəyyən şəkildə yalnız Şəxs rusca nalayiq ifadələr işlətdiyini, Orxan Məhəmmədzadə isə ümumiyyətlə rusca bilmədiyini qeyd etməklə, Elməddin Abdullayev də ümumi olaraq nalayiq ifadələr işlətdiyini bildirməklə, faktiki olaraq təsdiqedici dəlil təqdim edə bilməmişlər. X13 Əmirovun bildirdiyini söylədiyi ifadələr isə özlüyündə nalayiq ifadə hesab olunmur. Məhkəmə tərəfindən tədqiq edilmiş videogörüntülərdə də Şəxs nalayiq ifadələr işlətməsi halı müəyyən olunmamışdır. Bu səbəbdən də, Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkibi müəyyən edilmir. Ona görə də Şəxs yalnız İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs polisin qanuni tələblərinə riayət etməməsini təkzib etsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edir. Belə ki, şahid qismində dindirilmiş polis əməkdaşları Şəxs sərxoşluq müayinəsindən keçməkdən imtina etdiyini, həm alkotester, həm də həkim müayinəsindən keçirilməsinə razı olmadığını, özünün ancaq Bakıdakı şəkildə müayinə olunmalı olmasına dair əsassız səbəblər irəli sürdüyünü, onun könüllü şəkildə polis şöbəsinə getməkdən də imtina etdiyini bildirmişlər. Şəxs polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması halı məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərlə də öz təsdiqini tapmışdır. Qeyd edilənlərdən də göründüyü kimi, Şəxs 23 dekabr 2024-cü ildə polisin qanuni tələblərinə qəsdən tabe olmamaqla, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını (əsas: “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumat) məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq vəkil X1 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar