Məhkəmə qərarları › İş №3(026)-416/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-416/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-416/2024 27.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, xx xxxxxxxx 1974-cü ildə Şamaxı rayonu, Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qobustan rayonu, Çalov kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 27 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 27 dekabr 2024-cü il tarixdə, saat 09:20 radələrində Qobustan RPŞ-nin inzibati binasında səs-küy salaraq xidməti fəaliyyəti pozmuş, eyni zamanda polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Babaşov Ehtiram Etibar oğlu bildirdi ki, 27 dekabr 2024-cü il tarixdə vətəndaş Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Protokolu rəhbərlik tərəfindən araşdırılması ona həvalə olunmuş raport əsasında tərtib etmişdir. Şahidlərdən izahat almaqla müəyyən etmişdir ki, Şəxs 27 dekabr 2024-cü ildə 09:20 radələrində Qobustan RPŞ-nin inzibati binasında səs-küy salaraq xidməti fəaliyyəti pozmuş, eyni zamanda səs-küyün dayandırılması barədə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hadisə zamanı özü polis şöbəsində olmadığına görə şəxsən həmin hadisənin şahidi olmamışdır. Araşdırma aparılarkən Şəxs izahat verməkdən və ümumiyyətlə araşdırma materiallarındakı müvafiq sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə tərtib edilmiş protokolla razılaşmır və özünü həmin maddələrin heç biri ilə təqsirli bilmir. Əksinə, həmin protokolun tərtib edilməsində məqsəd ona qarşı Qobustan RPŞ-də 27 dekabr 2024-cü il tarixdə edilmiş qanunsuzluqların ört-basdır edilməsidir. Belə ki, qeyd edilən tarixdə o, Qobustan RPŞ-də təhqiqatçı Elşən Eyvazov tərəfindən döyülmüş, hadisənin baş verdiyi səhər saatlarından saat 15:00-a qədər qanunsuz və əsassız olaraq məcburi qaydada polis şöbəsində saxlanılmışdır. Mobil telefonu da əlindən alındığına görə həmin müddət ərzində baş verənlər barədə prokurorluğa və ya digər aidiyyəti qurumlara şikayət etmək imkanından məhrum edilmişdir. Belə ki, 25 dekabr 2024-cü il tarixdə onun oğlu Səlim Alcanlının iştirakı ilə Qobustan şəhəri ərazisində avtoqəza baş vermişdir. Qəzada xəsarət alan heç kim olmamış və Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsi tərəfindən həmin məsələ araşdırılmışdır. Elə həmin tarixdə də Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsinin bölmə rəisi Faiq Quliyevin verdiyi yazılı arayış əsasında onun oğlu Səlim Alcanlı idarə etdiyi və qəzada bir qədər zədələnmiş “Niva” markalı avtomobilini Sumqayıt şəhərinə təmir üçün aparmışdır. 26 dekabr 2024-cü il tarixdə Faiq Quliyev ona zəng vuraraq Qobustan RPŞ-yə dəvət etmişdir. Buna görə də o, 27 dekabr 2024-cü il tarixdə səhər saatlarında Faiq müəllimin qəbuluna gəlmişdir. Faiq Quliyev öz xidməti otağında onu qəbul etmiş, mehriban və normal şəkildə ünsiyyət quraraq qəza ilə bağlı təhqiqatçı Elşən Eyvazovun araşdırma apardığını, təhqiqatçının avtomobilin polis şöbəsinə gətirilməsini tələb etdiyini bildirərək ona təhqiqatçı ilə görüşməsini təklif etmişdir. Buna görə də onlar Faiq Quliyevin təklifi ilə birlikdə təhqiqatçı Elşən Eyvazovun xidməti otağına keçmişlər. Bu zaman Faiq müəllimin müavini, polis kapitanı Rəşad müəllim də həmin xidməti otağa keçmişdir. Həmin təhqiqatçı Elşən müəllimi o, bir müddətdir ki, Qobustan RPŞ-nin əməkdaşı kimi tanımış, lakin onunla hər hansı bir dostluğu və ya düşmənçiliyi olmamışdır. Elşən müəllimin xidməti otağına daxil olarkən mehriban şəkildə salam vermiş və oturmağa dəvət olunmadığı üçün ayaq üstə dayanmışdır. Faiq müəllim də Elşən müəllimə özünün onun dəvəti ilə gəldiyini bildirmişdir. Bu zaman təhqiqatçı ona yaxınlaşaraq qəfildən “sən qudurmusan ə?” deyərək sağ əli ilə onun sol qulağına çox möhkəm şillə zərbəsi vurmuşdur. Bu hadisə o qədər səbəbsiz və gözlənilməz olmuşdur ki, o, nə edəcəyini və buna necə reaksiya verməli olduğunu bilməmişdir. Onun çaşqınlığını görən və otaqda olan Faiq və Rəşad müəllim təhqiqatçı Elşənə “bizi zibilə saldın” deyərək onu təhqiqatçının otağından dəhlizə çıxardılar. O, bir qədər özünə gəlib baş verənlərlə bağlı öz narazılığını bildirəndə onu sahə müvəkkillərinin əyləşməsi üçün nəzərdə tutulan xidməti otağa keçirtdilər. Həmin otaqda sahə müvəkkiləri Zöhrab və Mübariz var idi. Bildirdi ki, o özü dörd uşaq atasıdır, nəvələri var, fərdi sahibkardır, kifayət qədər maddi imkanı və cəmiyyət içində hörməti var. Özü Qobustan rayonunun Çalov kəndində qeydiyyatda olsa da, əksər vaxt Bakı şəhərində yaşayır. Həmin gün də ümumiyyətlə ona aidiyyəti olmayan bir məsələ ilə bağlı, barəsində hər hansı şikayət və araşdırma materialı olmadan, Qobustan RPŞ-yə çağırılıb orada döyülməsi ona o qədər pis təsir etmişdir ki, haqlı olaraq aidiyyəti qurumlara şikayət edəcəyini bildirmişdir. Bundan sonra onu ümumiyyətlə otaqdan buraxmamış və hədələməyə başlamışlar. Xüsusən də həmin təhqiqatçı Elşən Eyvazov onu tutduracağı ilə hədələyir, Faiq Quliyevi və Rəşad Baloğlanovu “vətəndaşdan qorxmaqda” ittiham edirdi. Həmin ərəfələrdə onun əyləşdiyi otağa gələn şəxslərdən biri də Rəsul Məmmədov olmuşdur. Rəsul müəllim onu hörmətli bir rayon sakini kimi əvvəldən də tanımış və onunla mehriban görüşərək baş verənlərə təəccüblənmişdir. Baş verənlərin fonunda onun qan təzyiqi yüksəlmiş və ürəyində də stend olduğuna görə halı pisləşmiş, polis əməkdaşlarından təcili tibbi yardım çağırmalarını tələb etmişdir. Bir müddət sonra təcili tibbi yardımdan 2 qadın həkim gəlmişdir. Nə qədər təəccüblü olsa da, həkimlər ona sərxoşluq vəziyyətinin yoxlanılması üçün gəldiklərini bildirmişlər. O isə həkimlərə sərxoş olmadığını, təhqiqatçı Elşən Eyvazov tərəfindən döyüldüyünü, başından zərbə aldığını, qulağında səs və başında ağrı əmələ gəldiyini, qan təzyiqinin yüksəldiyini və ürəyində stend olduğunu bildirmiş, özünün müayinə və tibbi yardım üçün xəstəxanaya aparılmasını tələb etmişdir. Gələn həkimlər isə onun sərxoş olmaması barədə akt tərtib etməklə kifayətlənərək xəstəxanaya aparmaqdan imtina etmişlər. Təzyiqini ölçüb normadan çox yüksəldiyini görəndə isə ona iynə vurmağı təklif etmişlər. O isə həkimlərin onun döyülməsi barədə bildirdiklərinə etinasızlığını görərək, polis şöbəsində ona iynə vurulmasından qorxmuş və yenə də xəstəxanaya aparılıb orada müayinə və müalicə olunmasını tələb etmişdir. Həkimlər isə yenə də onun dediklərinə məhəl qoymadan “iynə vurulmasını istəmirsənsə, imtina ərizəsi yaz” deyə bildirmişlər. O da öz xətti ilə ərizə yazaraq, həmin ərizədə təhqiqatçı Elşən Eyvazov tərəfindən döyüldüyünü, həkimlərin etinasızlığı barədə qeydlər aparmaqla polis şöbəsində ona iynə vurulmasından imtina etdiyini qeyd etmişdir. Həmin ərizəni götürən həkimlər başqa heç bir tədbir görmədən çıxıb getmişlər. Həkimlər gedəndən sonra otağa gələn təhqiqatçı Elşən Eyvazov istehza ilə gülərək onun sinəsinə çox da bərk olmayan bir yumruq zərbəsi vurmaqla yenə də tutulmaqla hədələmişdir. Bu hadisənin şahidi də həmin vaxt Elşən Eyvazovun yanında olan digər təhqiqatçı Rəsul Məmmədov olmuşdur. Bundan sonra hələ bir neçə saat ərzində o, ac, susuz, telefonu əlindən alınmaqla ətraf aləmlə əlaqədən məhrum edilmiş şəkildə qanunsuz olaraq polis şöbəsində saxlanılmış, gedən hər hansı araşdırma barədə ona məlumat verilməmişdir. Yalnız sonradan gələn sahə rəisi Ehtiram Babaşov ona məhkəməyə aparılacağını bildirmişdir. Bu şəkildə o, təxminən saat 15:00-15:15 radələrinədək qanunsuz olaraq saxlanılmış və bundan sonra məhkəməyə gətirilmişdir. Hazırda baş verən hadisə barədə məhkəmənin aidiyyəti qurumlara məlumat verməsini tələb edir, özü də imkan tapan kimi Baş Prokurorluğa müvafiq müraciət edəcəkdir. Mobil telefonu da hal-hazıradək ona qaytarılmamışdır və polislər məhkəmənin qəbul etdiyi qərardan asılı olmayaraq onu təkrar polis şöbəsinə qaytaracaqlarını bildirirlər. Xahiş edir ki, bununla bağlı müvafiq tədbir görülsün. Bir daha bildirir ki, özünü hər hansı qanunsuz əməldə təqsirli bilmir, əksinə, ona qarşı edilmiş yuxarıda qeyd etdiyi əməllərin araşdırılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X10 bildirdi ki, onun icraatında 25 dekabr 2024-cü il tarixdə Qobustan şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma materialı var. Yol-nəqliyyat hadisəsinin iştirakçılarından biri də vətəndaş Şəxs oğlu Səlim Alcanlıdır. Araşdırma materialı onun icraatına daxil olarkən tərəfindən müəyyən edilmişdir ki, sürücü X11 idarə etdiyi və avtomobillərin toqquşmasında iştirak edən “Niva” markalı nəqliyyat vasitəsini hadisə yerindən yayındırmışdır. Sözügedən yol-nəqliyyat hadisəsində xəsarət alan olmasa da, müvafiq prosessual hərəkətlərin aparılması üçün “Niva” markalı avtomobilin polis şöbəsində olması onun tərəfindən zəruri hesab edilmişdir. O, bu barədə Dövlət yol polisi bölməsinin rəisi Faiq Quliyevə bildirərək avtomobilin polis şöbəsinə gətirilməsinin təmin edilməsini xahiş etmişdir. 27 dekabr 2024-cü il tarixdə səhər saatlarında isə onun xidməti otağına yol-nəqliyyat hadisəsini törədən Səlim Alcanlının atası Şəxs gəlmişdir. Şəxs rayon sakini kimi tanısa da, onunla əvvəllər hər hansı dostluğu və ya düşmənçiliyi olmamışdır. Şəxs onunla əvvəldən hörmətsiz şəkildə danışmağa başlamış, “avtomobili hansı səbəbdən icazəsiz aparmısan?” sualına isə “əcəb etmişəm”, “yaxşı etmişəm” kimi ifadələrlə cavab verməyə başlamışdır. O, vətəndaş Şəxs qaydaqanuna əməl etməsini tələb etdikdə isə ona yenə də hörmətsiz cavab vermişdir. Özünün 30-40 ildir daxili işlər orqanlarında xidmət etdiyini, vətəndaşın onunla bu cür danışdığının hələ şahidi olmadığını göstərmişdir. Hətta Şəxs onun barəsində tədbir görəcəyini bildirdikdə, sonuncu ona “pox yeyərsən” deyə cavab vermişdir. Həmin bu söhbətin şahidi isə həmin vaxt yanlarında olan təhqiqatçı yoldaşı Rəsul Məmmədov olmuşdur. Şəxs guya onun tərəfindən döyülməsi barədə bildirdikləri isə şər və böhtandır. Təcili yardım briqadası isə polis şöbəsinə yalnız sonuncunun sərxoşluq vəziyyətinin müayinə olunması üçün gəlmişdir. Baş verənlər barədə o, RPŞ-nin rəisinə məlumat vermiş və müvafiq araşdırma aparılaraq Şəxs barəsində protokol yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsinin bölmə rəisi, polis baş leytenantı X12 bildirdi ki, Şəxs rayon sakini kimi uzun müddətdir ki tanıyır, normal münasibətləri var və onunla hər hansı ədavət və ya düşmənçiliyi yoxdur. 25 dekabr 2024-cü ildə Qobustan rayonu ərazisində iki avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin avtomobillərdən birinin sürücüsü Şəxs oğlu Səlim Alcanlı olmuşdur. Həmin yol-nəqliyyat hadisəsi üzrə tərəflərindən ilkin araşdırma aparılmış, hadisə yerinə baxış keçirilmiş, sxem çəkilmiş, avtomobillərə baxış keçirilmişdir. Yol-nəqliyyat hadisəsində xəsarət alan olmadığına görə hər iki avtomobilin sahibinə, o cümlədən Şəxs oğluna avtomobillərini təmirə aparmalarına icazə verilərək, şəxsən onun tərəfindən müvafiq icazə arayışı da verilmişdir. Şəxs oğlu da öz avtomobilini, deməsinə görə, Sumqayıt şəhərinə təmirə aparmışdır. Sonradan yolnəqliyyat hadisəsinin iştirakçıları arasında sığorta məsələləri ilə bağlı narazılıq yarandığına görə toplanmış material təhqiqat qrupuna təqdim edilərək, araşdırma təhqiqatçı, polis polkovnik-leytenantı Elşən Eyvazova həvalə edilmişdir. 26 dekabr 2024-cü ildə təhqiqatçı Elşən Eyvazov ona Şəxs oğlunun idarə etdiyi “Niva” markalı avtomobilin polis şöbəsinə gətirilməli olduğunu bildirmişdir. O da bu barədə mobil telefonla Şəxs məlumat vermiş, Şəxs isə əvvəl onunla razılaşsa da, sonradan “Niva” markalı avtomobilin zədəli hissəsinin artıq təmir üçün qəlibə salındığını bildirərək avtomobili gətirə bilməyəcəyinə dair məlumat vermişdir. Səhəri gün, yəni 27 dekabr 2024-cü ildə səhər saatlarında isə Şəxs Qobustan RPŞ-yə gəlmiş və onlar öz xidməti otağında görüşmüşlər. O, Şəxs hazırda yaranmış vəziyyəti izah edərək təhqiqatçı Elşən Eyvazovla görüşməsini təklif etmişdir. Şəxs etiraz etmədiyinə görə hər ikisi birlikdə Elşən Eyvazovun xidməti otağına keçmiş, otaqda olarkən həm Şəxs, həm Elşən Eyvazov bir-birilə mehriban şəkildə salamlaşmış və normal, etik normaları pozmadan ünsiyyətdə olmuşlar. O özü həmin otaqda çox da ləngimədən 3-5 dəqiqədən sonra sonuncuları otaqda tək qoyaraq öz xidməti otağına qayıtmışdır. X16 otağında olduğu qısa bir müddət ərzində nə Şəxs, nə də Elşən Eyvazovun hər hansı kobud ifadə işlətdiyinin şahidi olmamışdır. Bir müddət sonra onların arasında hansısa narazılıq yarandığını eşitmişdir. Lakin sonradan Elşən Eyvazovun otağında nəyin baş verdiyi ona məlum deyil, Elşən Eyvazovun da Şəxs vurmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan rayon X5 Tibbi Yardım stansiyasının həkimi X9 bildirdi ki, 27 dekabr 2024-cü ildə növbədə olarkən Qobustan RPŞ-dən hansısa vətəndaşın sərxoşluq vəziyyətinin yoxlanılması üçün çağırış gəlmişdir. Yaxın zamanlarda qüvvəyə minmiş təlimatlarına görə, bu onların vəzifə funksiyalarına aid olmasa da, yeni mexanizmin olmadığını nəzərə alıb onlar əvvəlki təlimata uyğun olaraq çağırışa getmişlər. Qobustan RPŞ-də onlar hazırda məhkəmə qarşısında dayanan vətəndaş Şəxs görmüşlər və sonuncunun sərxoşluq vəziyyətini müayinə edərək ayıq olduğunu müəyyən etmişlər. Eyni zamanda, Şəxs onlara polis tərəfindən onun sol qolağına zərbə vurulduğunu, başında ağrıların olduğunu, eyni zamanda ürəyində stend olduğunu bildirmişdir. Onlar həmin şəxsin təzyiqini ölçmüş və onun təzyiqinin 220/100-ə yüksəldiyini müəyyən etdiklərinə görə bu barədə müayinə aktında da qeyd aparmışlar. Şəxs onlardan xəstəxanaya aparılmasını tələb etsə də, vizual müayinə zamanı onlar Şəxs qulaq nahiyəsində gözlə görülə bilən hər hansı xəsarət müəyyən etmədiklərindən onu xəstəxanaya aparmamışlar və baş ağrılarının qan təzyiqindən qaynaqlandığını düşünərək təzyiqin aşağı salınması üçün iynə vurmağı təklif etmişlər. Şəxs isə özünü aqressiv apararaq iynə vurdurmaqdan imtina etmiş, öz əli ilə imtina ərizəsi yazmışdır. Şəxs tərəfindən yazılmış həmin ərizəni də hazırda məhkəmə iclasında təqdim edir. Təqdim olunan Şəxs tərəfindən əl yazısı ilə yazılmış və imzalanmış həmin ərizənin məzmununda qeyd edilmişdir ki, “Mən Şəxs tərəfindən bildirirəm ki, məni polis şöbəsində Elşən adlı polis başıma vuraraq xəsarət yetirib. Polis şöbəsinə gələn həkimlər onlardan yardım istədim. Təzyiqimi ölçdülər, təzyiqim oldu və başımın ağrısını onlara bildirdim. Onlar məni xəstəxanaya aparmaqdan imtina etdilər. Xahiş edirəm məni xəstəxanaya aparın, onlar deyir, biz xəsarət görmürük. Ona görə də onların mənə iynə vurmasına etiraz edirəm”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan rayon X5 Tibbi Yardım stansiyasının feldşeri X8 digər şahid X9 ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Alcanovun əməlində İXM-in 510-cu və 535.1-ci maddələrinin tərkibinin olmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Babaşov Ehtiram Etibar oğlu bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs adını çəkdiyi digər polis əməkdaşlarının mobil telefon nömrələrinə zəng çatmadığına görə onların hazırkı məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs törətdiyi iddia olunan inzibati xətalarla bağlı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində ziddiyyətlər öz əksini tapmışdır. Belə ki, Qobustan RPŞnin TQ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X10 öz ifadəsində xidməti otağında Şəxs onunla əvvəldən hörmətsiz şəkildə danışmağa başladığını, “avtomobili hansı səbəbdən icazəsiz aparmısan?” sualına “əcəb etmişəm”, “yaxşı etmişəm” kimi ifadələrlə cavab verdiyini, Şəxs qayda-qanuna əməl etməsini tələb etdikdə isə ona yenə də hörmətsiz cavab verdiyini bildirsə də, məhkəmə iclasında dindirilmiş digər şahid Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsinin bölmə rəisi, polis baş leytenantı X4 Alcanovun onunla birlikdə Elşən Eyvazovun xidməti otağına keçdiyini, otaqda olarkən həm Şəxs, həm Elşən Eyvazovun bir-birilə mehriban şəkildə salamlaşdığını və normal, etik normaları pozmadan ünsiyyətdə olduqlarını, özünün həmin otaqda çox da ləngimədən 3-5 dəqiqədən sonra sonuncuları otaqda tək qoyaraq xidməti otağına qayıtdığını, Elşən Eyvazovun otağında olduğu qısa müddət ərzində nə Şəxs, nə də Elşən Eyvazovun hər hansı kobud ifadə işlətdiyinin şahidi olmadığını, bir müddət sonra onların arasında hansısa narazılıq yarandığını eşitdiyini bildirmişdir. Göründüyü kimi, şahid X15 Alcanovun onunla əvvəldən etibarən kobud danışdığı, tələblərinə əməl etmədiyi barədə bildirdikləri şahid Faiq Quliyevin ifadəsi ilə təkzib olunur. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz ifadəsində bildirdiyi hallar – onun polis şöbəsinə çağırılması səbəbi, əvvəlcə Faiq Quliyevin xidməti otağında olması, daha sonra Faiq Quliyevlə birlikdə Elşən Eyvazovun xidməti otağına keçməsi və onunla salamlaşması barədə bildirdikləri şahid Faiq Quliyevin bildirdikləri ilə üst-üstə düşür. Həmçinin, onun müayinəsi üçün təcili tibbi yardım stansiyasından həkimlərin gəlməsi, həkimlərin əvvəlcə onun sərxoşluq vəziyyətini müayinə etməsi, həkimlərə başında ağrılar olduğunu, təzyiqinin qalxdığını, Elşən Eyvazov tərəfindən döyüldüyünü bildirməsi, ona iynə vurulmasından imtina etməsi kimi hallar da təcili tibbi yardım stansiyasının həkimi və feldşeri olan şahidlərin ifadələri ilə üst-üstə düşür. Həmçinin, Şəxs qeyd etdiyi halları (Elşən Eyvazov tərəfindən döyülməsi, başında ağrıların olması, təzyiqi olması, iynə vurulmasından imtina etməsi) həkimlərə yazaraq vermiş olduğu imtina ərizəsində də qeyd etmişdir. Sözügedən ərizənin əsli də məhkəmə iclasında şahid Aytən Şərifova tərəfindən təqdim olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində ictimai qaydanı pozan hər hansı hərəkətlərə yol verməsi və ya onun polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması kimi halların mövcudluğu öz təsdiqini tapmır və onun əməlində inzibati xəta tərkibi müəyyən edilmir. İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq vəkil X2 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar