Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-417/2024 29.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxx 1989-cu ildə Şamaxı rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 29 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 28 dekabr 2024-cü ildə 17:40 radələrində polis şöbəsinin qarşısında uca səslə söyüş söyərək polisin qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Babaşov Ehtiram Etibar oğlu protokolu müdafiə edərək bildirdi ki, raport əsasında Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib etmişdir. Raportda 28 dekabr 2024-cü ildə axşam saat 6 radələrində Şəxs polis şöbəsinin qarşısında içkili vəziyyətdə səs-küy salaraq nalayiq ifadələr işlətməsi, söyüşlər söyməsi göstərilmişdir. Şöbənin əməkdaşları yaxınlaşıb onu sakitləşdirməyə çalışsalar da, o, polislərin tələblərinə əməl etməmişdir. Buna görə də Şəxs inzibati qaydada tutulmuşdur. Bu zaman onun üzərində olan əşyalar da yoxlanılmış, lakin üzərində hər hansı bir əşya və ya pul aşkar olunmamışdır. Şəxs özünə məxsus olan əşyaları polis şöbəsinə daxil olanda Nəzarət-Buraxılış Məntəqəsində qoymuş, məhkəməyə gələrkən isə özünə aid olan bütün əşyaları oradan götürmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, cəzaçəkmə müəssisəsindən 14 dekabr 2024-cü ildə çıxmışdır. Buna görə də sahə müvəkkili onu qeydiyyata düşməsi üçün polis şöbəsinə çağırmışdır. O, 28 dekabr 2024-cü ildə polis şöbəsinə gələrək sahə müvəkkilinin qəbulunda olmuş, izahat yazmışdır. Sonradan çıxıb gedəndə şöbənin həyətində polis şöbəsinin əməkdaşı Rəşad Məmmədov ilə rastlaşmışdır. Rəşad Məmmədov onu yenidən polis şöbəsinə qaytartmış, orada onu döymüş, cibində olan 350 manat puldan 300 manatını götürmüşdür. Həmçinin, bu ilk belə hal olmamışdır. Rəşad Məmmədov vaxtilə onun anasından da pul tələb etmiş, qardaşlarını da bir neçə dəfə döymüşdür. Lakin hazırkı vaxtadək döyülmələri və ya onlardan pul tələb olunması barədə nə o, nə də ailə üzvləri hər hansı orqana müraciət etməmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs özünü təqsirli bilməməsini nəzərə alaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin İTB-nin rəisi X2 bildirdi ki, Şəxs dəfələrlə məhkumluq həyatı yaşamışdır. Yaxın vaxtlarda yenidən azadlığa çıxmış, bundan sonra sahə müvəkkili də qeydiyyata düşməsi üçün onu polis şöbəsinə çağırmışdır. Şəxs isə polis şöbəsinə sərxoş vəziyyətdə gəlmişdir. O RPŞ-nin Dövlət yol polisi bölməsinin rəisi Faiq Quliyevlə birlikdə şöbənin həyətində olan yol-nəqliyyat hadisəsi törətmiş avtomobillərə baxarkən Şəxs şöbədən söyüş söyə-söyə çıxdığını görmüşdür. Yaxınlaşıb ona söyüş söyməməsini bildirmiş, bu zaman onun ağır dərəcədə içkili olduğunu görmüşdür. Lakin Şəxs onun tələbinə məhəl qoymamış, söyüş söyməyə davam etmişdir. Ətrafdakı kimsə bu sözləri eşitməsin deyə Şəxs şöbəyə keçirtmiş, sərxoşluq vəziyyətinin müayinəsi üçün həkimləri çağırmışlar. O isə müayinədən keçməkdən imtina etmişdir. Bundan sonra məcbur olub Şəxs barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək saxlanılmış, hazırda isə məhkəməyə çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin MSY-nin mühafizəsi üzrə polis nəfəri X3 bildirdi ki, hadisə baş verən vaxt o, Nəzarət-Buraxılış Məntəqəsində xidmətdə olmuşdur. 28 dekabr 2024-cü ildə Şəxs şöbəyə gələrək əvvəlcə sahə müvəkkilinin qəbuluna getmişdir. Sonradan şöbədən söyüş söyə çıxmış, bu zaman X1 yaxınlaşaraq bu hərəkətlərinə son verməyi tələb etmiş, o isə yenə də əxlaqsız sözlər danışmağa davam etmişdir. Bundan sonra Şəxs şöbəyə keçirtmişlər və onun sərxoşluq vəziyyətini müayinə etmək üçün həkimlər gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X8 bildirdi ki, o, post patrul xidmətinin əməkdaşıdır. Hadisə baş verən vaxt şöbənin həyətində bir nəfərin söyüş söydüyünü görmüşdür. Bu zaman X10 Abdulaliyevə oranın ictimai yer olduğunu bildirmiş, ondan hərəkətlərini dayandırmasını tələb etmişdir. Özü də Şəxs yaxınlaşanda onun içkili olduğunu görmüşdür. Bundan sonra onu şöbəyə keçirtmişlər və sərxoşluq vəziyyətinin müayinəsi üçün həkimlər gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməli, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə isə əməlində inzibati xəta tərkibi olmadığına görə İXM-in 53.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün polis şöbəsində döyüldüyünü, üzərindən müəyyən məbləğdə pul götürüldüyünü, əvvəllər də bu kimi halların yaşandığını bildirsə də, indiyədək bu hallar barədə hər hansı bir hüquqmühafizə orqanına müraciət etmədiyini qeyd etmişdir. Bu baxımdan məhkəmə Şəxs ifadəsində qeyd etdiyi halları inandırıcı hesab etmir və bildirir ki, onun ifadəsində göstərdikləri ümumi özünümüdafiə xarakterli ifadələrdir və hər hansı bir sübutla öz təsdiqini tapmır. Lakin şahidlərin hər birinin ifadəsindən müəyyən olunur ki, Şəxs sərxoş vəziyyətdə Qobustan RPŞ-nin həyətində uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, bununla da, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı, Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi müəyyən olunmur. Belə ki, Şəxs Qobustan RPŞ-nin həyətində uca səslə nalayiq ifadələr işlətməsinin müəyyən olunmasına və onun RPŞ-yə keçirilməsinə baxmayaraq, polisin məhz hansı qanuni tələbinə qəsdən tabe olmamasını müəyyən etmək mümkün olmur. Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibinin yaranması halını təsdiq etmək üçün isə hər hansı mötəbər sübut təqdim olunmamışdır. İXM-in 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə bildirir ki, Şəxs hazırda yetkinlik yaşına çatmayan 2 uşağının olması və onun ikinci qrup əlil olması İXM-in 32.2-ci maddəsi baxımından məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Eləcə də, onun barəsində inzibati tənbeh tətbiq olunarkən İXMin 31.4-1-ci maddəsinə uyğun olaraq, inzibati qaydada tutulması halı da nəzərə alınmalıdır. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə icraata xitam verilməli, o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-417/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-417/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver