Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-42/2025 19.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXMin) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs balansında olan “ND5252GGSZ yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, nəticədə İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də Qobustan RPŞ-nin DYP bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X4 tərəfindən Şəxs barəsində 28 yanvar 2025-ci il tarixdə İXP6853998 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ DYP bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X4 bildirdi ki, “ND5252GGSZ yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qobustan rayonu ərazisində hərəkətdə olan zaman radar vasitəsilə həmin nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə edildiyi və sözügedən nəqliyyat vasitəsinin Şəxs mülkiyyətində olduğu müəyyən edilmişdir. Bu səbəbdən də sözügedən orqana hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə edən fiziki şəxs barədə məlumat verilməsinə dair sorğu ünvanlansa da, orqan tərəfindən sorğunun alınmasından sonra 5 gün müddətində ona cavab verilməmiş, bununla da İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də onun tərəfindən Şəxs barəsində İXM-in 347-ci maddəsində göstərilən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3 qeyd etdi ki, “ND5252GGSZ yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Qobustan RİH-nin mülkiyyətində olsa da, o, əvvəlcə Qobustan rayon Kommunal Müəssisələri Kombinatının, daha sonra Qobustan RİHB-nin 06 iyul 2022-ci il tarixli, 069 nömrəli sərəncamı ilə Qobustan RİH-nin 1 saylı Yaşıllaşdırma İdarəsinin balansına verilmiş, 01 avqust 2022-ci ildə müvafiq təhvil-təslim aktı tərtib olunmuşdur. Qobustan RİH-nin 1 saylı Yaşıllaşdırma İdarəsi isə müstəqil balansa və VÖEN malikdir, məhkəmələrdə müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir. Ona görə də hesab edir ki, ünvan 1 ünvanlanmalı idi. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən X4 yekun olaraq bildirdi ki, 28 yanvar 2025-ci il tarixli protokol tərtib olunarkən Qobustan RPŞ-də “ND5252GGSZ yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Qobustan RİH-nin balansında olmamasına dair məlumat olmamışdır. Hazırda isə sözügedən nəqliyyat vasitəsinin Qobustan RİH-nin 1 saylı Yaşıllaşdırma İdarəsinin balansında olması öz təsdiqini tapdığından iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-in 123.1-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. İXM-in 123.2-ci maddəsinə əsasən, hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar çıxarır. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-in 123.3-cü maddəsinə əsasən, bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. İşdəki Qobustan RPŞ-nin Şəxsnə ünvanlanmış sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs mülkiyyətində (istifadəsində) olan “ND5252GGSZ yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs İXM-in 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə) törətdiyinə görə, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-in 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması barədə xəbərdarlıq edilmişdir. İşdən görünür ki, sözügedən sorğu 11 yanvar 2025-ci il tarixində göndərilmiş, 16 yanvar 2025-ci il tarixində Qobustan RİH-ə çatdırılmışdır. İşdəki Qobustan RİHB-nin 068 nömrəli, 06 iyul 2022-ci il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, Şəxs tabeliyində 1 saylı Yaşıllaşdırma İdarəsi yaradılmış, həmin İdarənin əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.2, 1.4 və 1.7-ci bəndlərinə görə, Qobustan RİH-nin 1 saylı Yaşıllaşdırma İdarəsi qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının kənarlarında və Qobustan şəhəri ərazisində yaşıllıqların salınmasını, becərilməsini və mühafizəsini təmin etmək məqsədi ilə fəaliyyət göstərən dövlət müəssisəsidir. İdarə öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir. İdarə müstəqil balansa, Qobustan RİH tərəfindən onun operativ idarəçiliyinə verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunan, Qobustan RİH-nin və öz adı yazılan möhürə, müvafiq ştamplara, blanklara və bank hesabına malikdir. İşdəki Qobustan RİH-nin 13 fevral 2025-ci il tarixli məktubundan görünür ki, “ND5252GGSZ yük” markalı, **-JA-*** dövlət nömrə nişanlı avtomobil Qobustan RİH-nin balansında deyil. Həmin avtomobil Qobustan rayon Kommunal Müəssisələri Kombinatının balansında olmuş, Qobustan RİHB-nin 06 iyul 2022-ci il tarixli, 069 nömrəli sərəncamına əsasən Qobustan RİH-nin 1 saylı Yaşıllaşdırma İdarəsinin balansına verilmişdir. İşdəki Qobustan RİHB-nin 069 nömrəli, 06 iyul 2022-ci il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, Qobustan rayon Kommunal Müəssisələri Kombinatının balansında olan “Yaşıllaşdırma” bölməsinə aid müvafiq avadanlıq, mal-material və texnika Qobustan rayon Yaşıllaşdırma İdarəsinin balansına verilmişdir. İşdəki 01 avqust 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, digər texnika və avadanlıqlarla yanaşı, “ND5252GGSZ yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi də həmin tarixdə Qobustan RİH-nin 1 saylı Yaşıllaşdırma İdarəsinə təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilir ki, Qobustan RPŞ tərəfindən sorğu Qobustan RİH-ə deyil, Qobustan RİH-nin 1 saylı Yaşıllaşdırma İdarəsinə verilməli idi. Belə ki, “ND5252GGSZ yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Qobustan RİH-nin 1 saylı Yaşıllaşdırma İdarəsinin operativ idarəçiliyində və istifadəsində olmuşdur. Bu səbəbdən də sorğu məhz sözügedən İdarəyə ünvanlanmalı idi. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Qobustan RİH-nin hərəkətsizliklə ifadə olunan əməlində İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində İXM-in 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 53, 114, 115, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-42/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-42/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver