Məhkəmə qərarları › İş №3(026)-425/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-425/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-425/2025 25.11.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan RPŞdən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 25 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 25 noyabr 2025-ci il tarixdə Qobustan RPŞ-nin qapı postunda xırda xuliqanlıq hərəkətləri etmiş və polisin qanuni tələbini qəsdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 protokolu müdafiə edərək bildirdi ki, 25 noyabr 2025-ci ildə onun icraatına Qobustan RPŞnin PPXB-nin bölük komandiri Elçin Xeyrullazadənin və Qobustan RPŞ-nin PPXB-nin polis nəfəri Vüsal Abdiyevin raportları daxil olmuşdur. Raportlarda göstərilmişdir ki, 24 noyabr 2025-ci il tarixində gecə saat 12-yə işləmiş Şəxs adlı şəxs Qobustan RPŞ-nin inzibati binasının qapı postuna yaxınlaşmış, orada uca səslə nalayiq ifadələr işlədib ünvansız söyüşlər söyərək oğlu Bəxtiyar Mamedovun polis əməkdaşları tərəfindən şərləndiyini, buna görə də inzibati binanı dağıdacağını bildirmişdir. Hər iki polis əməkdaşı həmin vətəndaşa özlərini təqdim edib onu nizam-intizama dəvət etsələr də, o öz aqressiv hərəkətlərinə davam etmiş, sakitləşməmiş, onlara müqavimət göstərmiş, buna görə də güc işlətməklə onun Qobustan RPŞ-nin inzibati binasına aparılması təmin edilmişdir. Bundan sonra həmin məsələ araşdırılması üçün onun icraatına verilmişdir. O da müvafiq şəxslərin izahatlarını aldıqdan sonra Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, 24 noyabr 2025-ci il tarixdə axşam saatlarında ona oğlu X6 rayonunun Nabur kəndində yerləşən kafedə dostları ilə yeyib-içərkən polis əməkdaşlarının oğlunu tutub Qobstan RPŞ-yə aparmaları barədə xəbər gəlmişdir. O da bu xəbəri aldıqdan sonra Qobustan RPŞ-nin inzibati binasının qarşısına getmiş, lakin binaya daxil olmamış, post qapısından çöldə dayanmış, uca səslə etirazlarını bildirmiş, oğlunun hansı səbəbdən şöbəyə gətirildiyini soruşmuşdur. Həmin vaxt əsəbi olduğundan uca səslə etirazlarını bildirsə də, o, hər hansı söyüş söyməmiş, polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X9 bildirdi ki, 24 noyabr 2025-ci il tarixdə axşam saatlarında o, Qobustan RPŞ-nin qapı postunda xidmətdə olmuşdur. Bu zaman Şəxs oğlu polis şöbəsinə gətirilmiş, bundan bir neçə dəqiqə sonra isə Şəxs gəlib inzibati binaya daxil olmaq istədiyini bildirmişdir. O, Şəxs içəri keçib-keçə bilməyəcəyi barədə məlumat aldıqdan sonra ona içəri keçə bilməyəcəyini bildirdikdə Şəxs post qapısından 5-6 metr aralaşaraq küçədə ünvansız söyüşlər söyməyə başlamışdır. Buna görə də o, digər əməkdaşlara məlumat vermiş, digər polis əməkdaşı Seyidabbas Seidov gəlmişdir. Onlar Şəxs səs salmamasını tələb etsələr də, Şəxs sakitləşməmişdir. Buna görə də onlar Qobustan RPŞ-nin PPXB-nin bölük komandiri Elçin Xeyrullazadəyə bu barədə məlumat vermişlər. O gəldikdə Şəxs kobud şəkildə öz narazılığını ifadə etmiş, inzibati binanı dağıdacağını bildirib hədə-qorxu gəlməyə çalışmışdır. Buna görə də Şəxs şöbənin inzibati binasına aparılmış, öz hayküyünə orada davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı X5 digər şahid X9 ilə oxşar məzmunda ifadə verərək bildirdi ki, 24 noyabr 2025-ci il tarixdə axşam saatlarında Qobustan RPŞ-yə gətirilmiş Bəxtiyar Mamedovun atası Şəxs oğlunun gətirilməsindən bir neçə dəqiqə sonra şöbənin post qapısına yaxınlaşıb orada səs-küy salmağa başlamış, buna görə də Vüsal Abdiyev onu çağırmış, lakin birlikdə Şəxs sakitləşdirə bilmədiklərinə görə Qobustan RPŞ-nin PPXB-nin bölük komandiri Elçin Xeyrullazadəni çağırmışlar. O gəldikdən sonra da Şəxs kobud şəkildə öz etirazlarını bildirmiş, binanı dağıdacağını bildirib hədə-qorxu gəlməyə çalışmışdır. Buna görə də o, şöbənin inzibati binasına aparılmış, orada səs-küy salmağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin PPXB-nin bölük komandiri, polis kapitanı X3 ifadəsində bildirdi ki, 24 noyabr 2025-ci il tarixdə axşam saatlarında Qobustan RPŞ-də xidmətdə olarkən rabitə cihazı vasitəsilə ona bir şəxsin Qobustan RPŞ-nin inzibati binası qarşısında səs-küy salması barədə məlumat verilmiş, buna görə də o, şöbənin qarşısına çıxmışdır. Burada vətəndaş Şəxs səs-küy saldığını görmüşdür. Ona yaxınlaşdıqda isə o, oğlunun polis şöbəsinə gətirilməsinə görə narazılığını kobud şəkildə ifadə etmiş, binanı dağıdacağını bildirib hədə-qorxu gəlməyə çalışmışdır. Bundan sonra onu şöbənin inzibati binasına gətirsələr də, o, səs-küy salmağa davam etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlində inzibati xəta tərkibi olmamasının nəzərə alınaraq, onun barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməli, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə isə əməlində inzibati xəta tərkibi olmadığına görə İXM-in 53.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24 noyabr 2025-ci il tarixdən 25 noyabr 2025-ci il tarixə keçən gecə Qobustan RPŞ-nin inzibati binasının qarşısında ictimai qaydanı pozan hərəkətlər etməsi iş materialları, protokolu tərtib etmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs bu əməli ilə ictimai qaydanı pozmuş, nəticədə İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Şəxs özü də hadisə baş verən zaman Qobustan RPŞ-nin post qapısından çöldə, yəni küçədə (ictimai yerdə) uca səslə öz etirazlarını bildirdiyini qeyd etmişdir. Bununla yanaşı, Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi müəyyən olunmur. Belə ki, iş materialları ilə Şəxs polisin hansısa qanuni tələbinə qəsdən tabe olmamasını müəyyən etmək mümkün olmur. Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibinin yaranması halını təsdiq etmək üçün isə hər hansı mötəbər sübut təqdim olunmamışdır. O da nəzərə alınmalıdır ki, şəxsin polis şöbəsinə gətirilmiş oğlu barəsində məlumat almağa çalışması onun polisin qanuni tələbinə tabe olmaması kimi qiymətləndirilə bilməz. Ona görə də onun İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə bildirir ki, Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hər hansı bir hal müəyyən edilmir. İXM-in 510-cu maddəsinin sanksiyasında 50 manatdan 100 manatadək məbləğdə inzibati cərimə və ya 15 günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq bildirir ki, Şəxs barəsində inzibati həbsin tətbiq edilməsi üçün əsas yoxdur. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 510-cu maddəsi çərçivəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar