Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-438/2025 27.11.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1987-ci ildə Şamaxı rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru Vəli İsmayılov tərəfindən HK- 1/390 nömrəli material üzrə qəbul edilmiş 17 noyabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarla Qobustan rayonu, Nabur kəndində yaşayan Zərərçəkmiş şəxs əri Şəxs barəsində müraciəti əsasında aparılan araşdırmada cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Qobustan rayonu, Nabur kəndində yaşayan Şəxs İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Qobustan RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Şəxs barəsində 27 noyabr 2025-ci il tarixdə İXM-in 157-ci maddəsi ilə MN ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 29 oktyabr 2025-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs fiziki ağrı yetirməklə döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt təhqiqat araşdırması ilə təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 bildirdi ki, Qobustan rayonu, Nabur kəndində yaşayan Zərərçəkmiş şəxs 30 oktyabr 2025-ci il tarixdə ərizə ilə Qobustan RPŞ-yə müraciət edərək, əri Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında Qobustan RPŞ-nin TQ-də araşdırma aparılmışdır. Araşdırma zamanı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs başın sol təpə nahiyəsinin səthi yarası, burun kökünün sıyrığı və sol göz altı nahiyəsinin qançırı olmaqla, dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmişdir. Həmin araşdırma üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs İXM-in 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Bundan sonra onun tərəfindən Şəxs barəsində 27 noyabr 2025-ci il tarixdə İXM-in 157-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, uzun müddətdir, Zərərçəkmiş şəxs ilə evlidir. Lakin onların münasibətləri yaxşı olmamış, həmişə aralarında söz-söhbət olmuş, zərərçəkmiş şəxs onu və ailəsini danışdırmamışdır. O, arvadını döyməmiş, 29 oktyabr 2025-ci ildə Qobustan rayonunun Nabur kəndində yerləşən evdə yalnız əlinin arxası ilə arvadının üzünə bir dəfə şillə vurmuşdur. Bundan sonra arvadı onun yaxasından yapışaraq silkələmiş, sonra o da gedib çarpayıda oturmuşdur. Ekspert rəyində arvadına vurulduğu qeyd edilən xəsarətlər onu bir dəfə şillə ilə vurmasına görə olmuşdur. Onu şillə ilə vurmasının səbəbi arvadının onun danışdırmaması və boşanmaq istəməsi olmuşdur. O, zərərçəkmiş şəxslə barışmamışdır. O, barəsində qanuna uyğun olaraq inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, o, Şəxs ilə artıq 15 ildir ki, evlidir, birgə nikahlarından bir oğlu və bir qızı doğulmuşdur. Onların münasibətləri uzun müddətdir ki, pisdir. Hətta 4-5 il əvvəl o, boşanmaq üçün məhkəməyə müraciət etsə də, sonradan valideynlərinin istəyi ilə boşanmaqdan imtina etmişdir. Lakin yenə də münasibətləri düzəlməmişdir. Şəxs əvvəllər də onu dəfələrlə döymüşdür. Sonuncu dəfə isə 2025-ci ilin oktyabr ayının 28-dən 29-na keçən gecə Şəxs onu döymüşdür. Belə ki, o, həmin gecə gec saatlara qədər haradasa içmiş, saat təxminən 2-3-ün yarısı radələrində içkili vəziyyətdə və yenə də əlində pivə butulkası ilə evə gəlib onu oyadaraq yemək gətirməsini istəmişdir. Ona yemək verdikdən sonra ondan da yanında oturmasını tələb etmiş, yanında oturduqda mübahisə etməyə başlamışlar. Bu zaman əri birinci dəfə onun ağzından yumruqla vurmuş, daha sonra isə gözünün yaxınlığından zərbə endirmişdir. Bundan sonra o, gecə vaxtı ərindən niyə onu döydüyünü soruşaraq yaxasından tutub silkələmiş, əri gedib çarpayıda oturmuş, sonradan çarpayıdan qalxaraq onu xalatın kəndiri ilə boğmağa çalışmış, daha sonra onun saçından tutaraq başını yerə dirəyib başının arxasından yumruqla vurmağa başlamış, onu öldürəcəyini bildirmişdir. Bu zaman oğlu Məhərrəmi çağırıb kömək istəmiş, oğlu atasından anasını niyə öldürdüyünü soruşmuşdur. Bundan sonra o, imkan tapan kimi ərinin əlindən qurtarıb əynindəki paltarlarla küçəyə qaçmış, gecəni küçədə keçirmişdir. Səhər hava işıqlananda isə qaynının evinə getmiş, ərinin etdiklərini ona danışmış, qaynının arvadı onun üzünün qan içində olduğunu görüb silməyə kömək etmişdir. Bundan sonra o, ərindən polisə şikayət etmişdir. Onu bağışlamamış və barışmamışdır. Onun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını istəyir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İXM 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdəki cinayət işi başlanmasının rədd edilməsi barədə 17 noyabr 2025-ci il tarixli qərardan göründüyü kimi, aparılmış təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 29 oktyabr 2025-ci il tarixdə yaşadığı Qobustan rayonu, Nabur kəndində evdə olan zaman arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əli ilə bir neçə dəfə Zərərçəkmiş şəxs vuraraq ona fiziki ağrı yetirməklə döyərək ona başın sol təpə nahiyəsinin səthi yarası, burun kökünün sıyrığı və sol göz altı nahiyənin qançırı olmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib araşdıraraq hesab edir ki, zərərçəkmiş şəxsə başın sol təpə nahiyəsinin səthi yarası, burun kökünün sıyrığı və sol göz altı nahiyənin qançırı ilə nəticələnən fiziki ağrı yetirdiyindən Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları və zərərçəkmiş şəxsin ifadəsi ilə sübuta yetirilərək öz təsdiqini tapır. Həmçinin məhkəmə iclasında Şəxs da zərərçəkmiş şəxsi şillə ilə vurduğunu qəbul etmişdir. Ona görə də Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib həmin maddə çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs zərərçəkmiş şəxsin başın sol təpə nahiyəsinin səthi yarası, burun kökünün sıyrığı və sol göz altı nahiyənin qançırı ilə nəticələnən şəkildə ona fiziki ağrı yetirməklə İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 27 noyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-438/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-438/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver