Məhkəmə qərarları › İş №3(026)-456/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-456/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-456/2025 08.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil, tələbkar X1 iştirakı ilə, xx xxxx 1985-ci il təvəllüdlü, Şamaxı rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və Probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 08 dekabr 2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-300/2025 saylı, 11 iyun 2025-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1181,5 manat pul alınıb X3 verilməlidir. Lakin Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs borc məbləğini tam ödəməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, Qobustan Rayon Məhkəməsi tərəfindən 22 iyul 2025-ci ildə verilmiş 11 iyun 2025-ci il tarixli, 2(026)-300/2025 saylı icra sənədinə əsasən Şəxs 1150 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,5 manat məbləğində pul tutularaq X3 ödənilməlidir. Həmin icra sənədi 23 iyul 2025-ci ildə Qobustan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, elə həmin tarixdə də icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş, daha sonra isə SMS-bildiriş göndərilmişdir. Şəxsla əlaqə saxlanıldıqda o, icra şöbəsinə gələcəyini bildirsə də, gəlməmişdir. X7 çoxsaylı müraciətlərinə əsasən borclu barəsində 27 avqust 2025-ci ildə axtarış elan edilmişdir. Bundan sonra 02 sentyabr 2025-ci il tarixdə Qobustan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan borclunun icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Borclu bu zaman borcundan 250 manat ödəniş etmiş, onun 931,5 manat ödənilməmiş borcu qalmışdır. Ondan sonra borclu tərəfindən hər hansı ödəniş edilməmiş, ümumiyyətlə o icra şöbəsinə gəlməmişdir. Buna görə də yenidən 21 noyabr 2025-ci il tarixdə borclu barəsində axtarış elan edilmiş, o, 08 dekabr 2025-ci il tarixdə yenidən Qobustan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. Ondan yenidən izahatı alındıqda o işsiz olduğuna görə ödəniş edə bilmədiyini bildirmişdir. Qobustan Rayon Məhkəməsi tərəfindən 22 iyul 2025-ci ildə verilmiş 11 iyun 2025-ci il tarixli, 2(026)-300/2025 saylı icra sənədi üzrə borc məbləğini tam ödəməməklə Şəxs İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsində göstərdi ki, o, bir neçə ay işsizlikdən sonra son 1 aydır ki, qeyrirəsmi olaraq Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən “M-Line” adlı müəssisədə fəhlə olaraq işləyir. Əvvəllər meyvə dükanı işlətsə də, sonradan ziyana düşərək oranı bağlamalı olmuş, bir neçə ay işsiz qalmışdır. O, işləmədiyinə görə icra sənədi üzrə pulu verə bilməyəcəyi səbəbindən utandığından icra məmurunun çağırışlarına gəlməmişdir. O, hazırda qeyri-rəsmi işlədiyinə görə ayda 150 manat məbləğində ödəniş edə bilər. Əgər hazırda həbs olunarsa, işdən çıxmalı olacaq və bununla da yenə də ödənişlərini edə bilməyəcək. Məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirdi ki, borclu Şəxs qətnamə üzrə ödəməli olduğu məbləğin ödənişindən yayınır. Hər dəfə bir neçə aydan bir onun barəsində axtarış elan edildikdən sonra polis onu icra şöbəsinə gətirir, o da gəlib hissə-hissə pul ödəyir. O, bununla razı deyil. Belə ki, onun özü heyvan saxlayıb ailəsini dolandırsa da, borclunun hərəkətləri nəticəsində onun maddi vəziyyətində problem yaranır. Şəxs borclu olduğu məbləği tam ödəməlidir ki, o, heç olmasa yenə də bir neçə baş heyvan alıb saxlasın və onun pulu ilə ailəsini dolandırsın. Hesab edir ki, Şəxs həbs olunacağı təqdirdə öz borcunu tam ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs qeyri-rəsmi olaraq da olsa, yeni işə girməsi nəzərə alınaraq onun barəsində həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-in 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə surəti olan Qobustan Rayon Məhkəməsi tərəfindən 22 iyul 2025-ci ildə verilmiş 11 iyun 2025-ci il tarixli, 2(026)-300/2025 saylı icra vərəqəsindən görünür ki, Şəxs 1150 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,5 manat məbləğində pul tutularaq X3 ödənilməlidir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 23 iyul 2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsi tərəfindən 22 iyul 2025-ci ildə verilmiş 11 iyun 2025-ci il tarixli, 2(026)-300/2025 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, xəbərdarlıq məktubları göndərilmiş, yazılı izahatları alınmışdır. Həmçinin icra məmuru tərəfindən borclu Şəxs barəsində iki dəfə - 27 avqust 2025-ci ildə və 21 noyabr 2025-ci ildə axtarış elan edilmişdir. Sonuncu dəfə isə 08 dekabr 2025-ci il tarixdə borclu Şəxs Qobustan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Qobustan rayon İcra və Probasiya şöbəsinə gətirilməsi təmin edilmişdir. Beləliklə, toplanmış iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, Şəxs tərəfindən Qobustan Rayon Məhkəməsi tərəfindən 22 iyul 2025-ci ildə verilmiş 11 iyun 2025-ci il tarixli, 2(026)-300/2025 saylı icra sənədi icra məmuru tərəfindən müəyyən edilmiş müddət ərzində tam icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmişdir. Belə ki, borclunun həmin icra sənədi üzrə ödənilməli olan 1181,5 manat məbləğində puldan yalnız 250 manat hissəsini ödəməsi və qalan 931,5 manat məbləğində borcun ödənilməmiş qalması iş materialları və tərəflərin bildirdikləri ilə təsdiq olunur. Şəxs qeyri-rəsmi olaraq işə girdiyini bildirərək barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq ediləcəyi halda işdən çıxmalı olacağını, bu səbəblə yenidən ödənişləri edə bilməyəcəyini qeyd etmişdir. Lakin məhkəmə bildirir ki, icra sənədi üzrə cəmi 1181,5 manat məbləğində ödənişi icra etməkdə çətinlik çəkən borclu barəsində 500 manatadək 1000 manatadək məbləğində inzibati cərimənin tətbiq edilməsi ağlabatan deyil. Bu zaman məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və maddi vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 08 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar