Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-457/2025 08.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X6 tərəfindən HK-1/444 saylı material üzrə qəbul edilmiş 08 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Vüsal Məmmədovun 04 dekabr 2025-ci il tarixli raportu əsasında aparılan araşdırmada cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs, X1 və X4 İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qobustan RPŞ-nin İTB-yə verilməsi, qərarın surətinin Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qobustan RPŞ-nin DYPB-yə verilməsi qərara alınmışdır. Bundan sonra Şəxs barəsində İXM-in 333-1.1-ci maddəsi ilə 08 dekabr 2025-ci il tarixli, İXP7656024 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, 04 dekabr 2025-ci il tarixində, saat 08:30-da “Toyota Prius” minik markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmə halına yol vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan RPŞ-nin DYPB-nin yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 bildirdi ki, 04 dekabr 2025-ci il tarixdə “Toyota” markalı, **- TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhərindən Şamaxı rayonu istiqamətində hərəkət edərkən manevr etmə qaydalarını pozduğuna görə o avtomobili saxla əmri vermiş, bundan sonra avtomobilə yaxınlaşıb özünü təqdim etmiş, ona yolhərəkəti qaydasını pozduğunu bildirmişdir. Bu zaman sürücü Şəxs narahat olduğunu görüb onu avtomobildən düşürtmüş, qapını açdıqda avtomobildən narkotik qoxusu gəldiyini hiss etmişdir. Həmin zaman avtomobildə 3 qadın sərnişin də olmuşdur. Bu fakt barədə şöbə rəisinə məruzə etdikdən sonra onu polis şöbəsinə gətirərək avtomobilini duracağa yerləşdirmişlər. Daha sonra isə onu Sumqayıtda yerləşən narkoloji mərkəzə göndərdikdə aydın olmuşdur ki, o, narkotik vasitədən istifadə edərək avtomobilini idarə etmişdir. Buna görə də onun barəsində İXM-in 333-1.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 333-1.1-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, həqiqətən də, polis tərəfindən idarə etdiyi avtomobil saxlanılan gün yolda gələrkən avtomobildə olan və bir neçə aydır ki, tanıdığı müştərilərdən Gülnar və Nuranə adlı qadınlarla tanımadığı İran vətəndaşından aldığı narkotik vasitədən istifadə etmiş, avtomobildəki Aysel adlı müştəri isə narkotik vasitə istifadə etməmişdir. O, narkotik vasitə istifadə etməsinə baxmayaraq, avtomobilini idarə etmişdir. Hazırda öz əməlindən peşmandır, bir daha belə əmələ yol verməyəcəkdir. O, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs törətdiyi əməldən peşman olması nəzərə alınaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İXM-in 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. İşdəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 dekabr 2025-ci il tarixli, 7631 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Rəydə göstərilmişdir ki, 06 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsində ambulator məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində THC (+), PGB (+) aşkar olunmuşdur. Şəxs məhkəmə iclasında ifadəsindən də görünür ki, sonuncu özünü təqsirli bilib əməlini qəbul edərək avtomobildə olan sərnişinlərdən ikisi ilə birlikdə narkotik vasitə istifadə etdiyini və narkotik vasitədən istifadə etdikdən sonra avtomobili idarə etdiyini etiraf etmişdir. İş materiallarından görünür ki, Şəxs qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozaraq, avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi onun etirafı və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara və onun törətdiyi əməli etiraf etməsinə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Bunu nəzərə alan məhkəmə bildirir ki, Şəxs o, nəqliyyat vasitəsini idarə edərkən narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində olduğundan İXM-in 333-1.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməsə də, onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmuşdur. Belə ki, İXM-in 32.1.1-ci maddəsinə görə, onun törətdiyi əməli etiraf edib səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Bu zaman məhkəmə Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran halın olmamasını, onun əməlindən peşman olub onu səmimi etiraf etməsini nəzərə alaraq həmin inzibati tənbeh tədbirinin minimum həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-457/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-457/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver