Məhkəmə qərarları › İş №3(026)-458/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-458/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-458/2025 08.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxx 2001-ci ildə Xaçmaz rayonu, Müşfiq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1 nömrəli yataqxana ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X6 tərəfindən HK-1/444 saylı material üzrə qəbul edilmiş 08 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Vüsal Məmmədovun 04 dekabr 2025-ci il tarixli raportu əsasında aparılan araşdırmada cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin X3, X2 və Şəxs İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qobustan RPŞ-nin İTB-yə verilməsi, qərarın surətinin X3 İXM-in 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qobustan RPŞ-nin DYPB-yə verilməsi qərara alınmışdır. Bundan sonra Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə 08 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 04 dekabr 2025-ci il tarixdə E.Əzimovun idarə etdiyi avtomobildə sərnişin qismində əyləşən Şəxs narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini etiraf etmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 bildirdi ki, 04 dekabr 2025-ci il tarixdə Qobustan RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən X3 idarə etdiyi avtomobil saxlanılarkən həmin avtomobilin sürücüsünün və avtomobildəki sərnişinlərin narkotik vasitədən istifadə etməsinə dair şübhə yaranmış, bununla bağlı şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Bundan sonra şöbənin Təhqiqat qrupunda araşdırma aparılmış, araşdırmanın yekunu olaraq 08 dekabr 2025-ci il tarixli qərarla qərarın surətinin Şəxs İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qobustan RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. Bundan sonra həmin məsələ araşdırılması üçün onun icraatına daxil olmuş, izahat verərkən Şəxs Elnur Əzimovun avtomobilində olarkən narkotik vasitə olan marixuanadan istifadə etdiyini etiraf etmişdir. Buna görə də onun barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, həqiqətən də, 04 dekabr 2025-ci il tarixdə X3 idarə etdiyi avtomobillə yolda olarkən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. O vaxtadək yalnız bircə dəfə - 2025-ci ilin noyabr ayının təxminən 24-26-da narkotik vasitədən istifadə etmişdir. Hazırda etdiyi əməldən peşmandır, bir daha bu cür əmələ yol verməyəcəkdir. Onun onkoloji xəstə anası, şəkər xəstəsi olan atası və ruhi xəstə qardaşı var və onlara özü baxır. O, bu hallar nəzərə alınmaqla barəsində mümkün qədər yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlini səmimi şəkildə etiraf etməsinin və peşman olmasının, onun himayəsində xəstə valideynlərinin və qardaşının olmasının nəzərə alınaraq, onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 dekabr 2025-ci il tarixli, 7633 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Rəydə göstərilmişdir ki, 06 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsində ambulator məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Şəxs məhkəmə iclasında ifadəsindən də görünür ki, sonuncu özünü təqsirli bilib əməlini qəbul edərək avtomobildə olarkən narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara və onun törətdiyi əməli etiraf etməsinə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Ona görə də məhkəmə onun İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun əməlində məsuliyyətini ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını, eləcə də, Şəxs əməlini etiraf edib səmimi peşmançılığını bildirməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 206-cı maddəsi çərçivəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 dekabr 2025-ci il tarixli, 7633 nömrəli rəyini nəzərə alan məhkəmə hesab edir ki, Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 206-cı maddəsi çərçivəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İXM-in 206-cı maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar