Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-466/2025 10.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxxx 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan və Stansiya Sumqayıt, Şərəf qəsəbəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 09 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 09 dekabr 2025-ci il tarixdə saat təxminən 18:40 radələrində Qobustan şəhəri, H.Əliyev prospektində X7 və X8 ilə birlikdə ucadan hay-küy salaraq nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 bildirdi ki, 09 dekabr 2025-ci il tarixdə Qobustan RPŞ-nin PPXBnin əməkdaşları xidmətdə olarkən Qobustan şəhəri ərazisində 3 şəxsin avtomobil qarşısında dayanıb uca səslə mübahisə etdiklərini və nalayiq ifadələr işlətdiklərini görmüş, buna görə də həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib onları nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər yenə də öz mübahisələrinə davam edərək polisin qanuni tələbinə tabe olmamışlar. Bu səbəbdən də həmin şəxslər Qobustan RPŞ-yə gətirilmişdir. Şöbədə onun tərəfindən Şəxs izahatı alınarkən o, Ramil adlı dostu ilə Qobustana gəldiklərini, bu zaman Kənan adlı tanış taksi sürücüsünün onlardan maşını təmir etdirmək üçün pul aldıqdan sonra maşını təmir etdirmədiyini və yolda qaldıqlarını, buna görə də aralarında mübahisə baş verdiyini bildirmişdir. Buna görə də onun barəsində İXM-in 510cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 09 dekabr 2025-ci il tarixdə o, tanışı Ramil adlı şəxslə birgə Qobustan rayonuna gəlmiş, bu zaman taksi sürücüsü olan digər tanışı Kənan adlı şəxsi sürücü kimi gətirmişlər. Kənan avtomobilində problem olduğunu bildirdiyindən onlar Kənana həmin problemi aradan qaldırması üçün pul vermiş, avtomobilə benzin vurmuş və əlavə ödəniş də etmişlər. Lakin avtomobilində problem olmadığını desə də, sonradan Kənanın avtomobilində yenidən problem yaranmışdır. Buna görə də Qobustan şəhərində olarkən avtomobilin qarşısında küçədə uca səslə bir-birləri ilə mübahisə etmiş, Kənana yüngül söyüşlər söymüşlər. Bu zaman kənardan onları görən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib hərəkətlərini dayandırmalarını tələb etsələr də, onlar bir müddət mübahisə etməyə davam etmişlər. Buna görə də sonradan onlar polis şöbəsinə gətirilmişdir. O, hazırda əməlindən peşmandır. Himayəsində 2 azyaşlı uşağı var və onlardan biri xəstədir. Ona görə də barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X2 bildirdi ki, 09 dekabr 2025-ci il tarixdə saat təxminən 18:40 radələrində Qobustan şəhəri, H.Əliyev prospektində digər polis əməkdaşları ilə birgə xidmətdə olarkən 3 nəfər şəxsin avtomobilin qarşısında dayanıb birbirləri ilə uca səslə mübahisə etdiklərini və nalayiq ifadələr işlətdiklərini görüb onlara yaxınlaşmış, özlərini təqdim edib bu hərəkətlərinə son vermələrini tələb etmişlər. Lakin həmin şəxslər öz hərəkətlərini dayandırmamış, mübahisə etməyə davam etmişlər. Buna görə də onlar Qobustan RPŞ-yə gətirilmiş, orada olarkən şəxsiyyətləri müəyyən edilmiş, onlardan birinin hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlini səmimi etiraf etməsinin və əməlindən peşman olmasının, himayəsində 2 azyaşlı uşağının olmasının və onlardan birinin xəstə olmasının nəzərə alınmasını, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməli, onun barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq İXM-in 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 09 dekabr 2025-ci il tarixdə ictimai yerdə - Qobustan şəhəri, H.Əliyev prospektində uca səslə digər şəxslərlə mübahisə etməklə və söyüş söyməklə ictimai qaydanı pozması, onu nizamintizama dəvət edən polis əməkdaşlarının həmin qanuni tələblərinə tabe olmaması və öz hərəkətlərini davam etdirməsi iş materialları ilə öz təsdiqini tapır. Bu halların baş verməsini Şəxs da təsdiq edir və bildirir ki, hazırda əməlindən peşmandır. Qeyd edilənlərdən də göründüyü kimi, Şəxs 09 dekabr 2025-ci il tarixdə ictimai yerdə - Qobustan şəhəri, H.Əliyev prospektində uca səslə digər şəxslərlə mübahisə etməklə və söyüş söyməklə ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının həmin qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etdirmiş, bununla da İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə bildirir ki, Şəxs hər iki maddə üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, İXM-in 34.3-cü maddəsinin tələbinə görə ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir, başqa sözlə, Şəxs barəsində məhz İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşmançılığını, eləcə də, himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, işdəki 09 dekabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 dekabr 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu 09 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-466/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-466/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver