Məhkəmə qərarları › İş №3(026)-467/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-467/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-467/2025 10.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Laçın rayonu, Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, Pircahan ərazi dairəsi, Seyidlər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 09 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 09 dekabr 2025-ci il tarixdə saat təxminən 18:40 radələrində Qobustan şəhəri, H.Əliyev prospektində X4 və X3 ilə birlikdə ucadan hay-küy salaraq nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X5 bildirdi ki, 09 dekabr 2025-ci il tarixdə Qobustan RPŞ-nin DYPB-nin əməkdaşları xidmətdə olarkən Qobustan şəhəri, H.Əliyev prospektində saat təxminən 18:40 radələrində üç şəxsin uca səslə mübahisə etdiklərini və nalayiq ifadələr işlətdiklərini görüb onlara yaxınlaşaraq özlərini təqdim etmiş, bu hərəkətlərinə son vermələrini tələb etmişlər. Lakin həmin şəxslər polisin qanuni tələbinə əməl etməyərək yenə də öz hərəkətlərini dayandırmayaraq mübahisəyə davam etmişlər. Bununla bağlı raport onun icraatına daxil olduqdan sonra o, Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 09 dekabr 2025-ci il tarixdə o, Ramil və Samir adlı tanışlarını Qobustan rayonunun Nabur kəndində qəbir üstünə gətirdikdən sonra Qobustan şəhəri ərazisində olarkən avtomobilində nasazlıq yaranmış və buna görə də aralarında mübahisə baş vermişdir. Mübahisəyə səbəb isə o olmuşdur ki, həmin şəxslər avtomobildəki problemi aradan qaldırması üçün ona pul versələr də, o gəlib qayıtdıqdan sonra problemi aradan qaldırmaq qərarına gəlmiş və nasaz avtomobillə yola çıxmış, yarıyolda qalmışdır. Həmin vaxt əsəbi olduğuna görə nələr dediyini tam olaraq xatırlamır, amma uca səslə küçədə mübahisə etmişlər. Onları görən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək hərəkətlərinə son vermələrini tələb etsələr də, onlar mübahisəni davam etdirmişlər. Bundan sonra onları polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşmandır və himayəsində 3 uşağı var. O, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlini səmimi etiraf etməsinin və əməlindən peşman olmasının, himayəsində 3 uşağının nəzərə alınmasını, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara və onun əməlini etiraf etməsinə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməli, onun barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq İXM-in 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 09 dekabr 2025-ci il tarixdə ictimai yerdə - Qobustan şəhəri, H.Əliyev prospektində uca səslə digər şəxslərlə mübahisə etməklə və söyüş söyməklə ictimai qaydanı pozması, onu nizamintizama dəvət edən polis əməkdaşlarının həmin qanuni tələblərinə tabe olmaması və öz hərəkətlərini davam etdirməsi iş materialları ilə öz təsdiqini tapır. Bu halların baş verməsini Şəxs də təsdiq edir və bildirir ki, hazırda əməlindən peşmandır və özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilir. Qeyd edilənlərdən də göründüyü kimi, Şəxs 09 dekabr 2025-ci il tarixdə ictimai yerdə - Qobustan şəhəri, H.Əliyev prospektində uca səslə digər şəxslərlə mübahisə etməklə və söyüş söyməklə ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının həmin qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etdirmiş, bununla da İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə bildirir ki, Şəxs hər iki maddə üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, İXM-in 34.3-cü maddəsinin tələbinə görə ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir, başqa sözlə, Şəxs barəsində məhz İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşmançılığını, eləcə də, himayəsində yetkinlik yaşına çatmayan 3 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, işdəki 09 dekabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 dekabr 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu 09 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar