Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-472/2025 11.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxx 1970-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Güzdək qəsəbəsi, sovxoz evində qeydiyyatda olan və Qobustan rayonu, Ərəbşalbaş kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 515.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru X29 tərəfindən HK-1/404 nömrəli material üzrə qəbul edilmiş 07 dekabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla Qobustan rayonu, Ərəbşalbaş kənd sakinləri Şəxs, X12, X2, X8, X20, X9, X23, X16, X30, X24, X13, X14, X15, X21, X3, X25, X4, X10 və X5 əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Qobustan rayonu, Ərəbşalbaş kənd sakini Şəxs dini qurumların yaradılması və fəaliyyət qaydasını pozaraq yaşadığı evdə dini yığıncaq təşkil etməklə İXM-in 515.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində həmin maddədə nəzərdə tutulan qaydada tədbir görülməsi üçün qərarın surətinin Qobustan RPŞ-nin İTByə göndərilməsi qərara alınmışdır. Bundan sonra Şəxs barəsində İXM-in 515.0.3-cü maddəsi ilə 11 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 07 noyabr 2025-ci il tarixdə dini qurumların yaradılması və fəaliyyət qaydalarını pozaraq yaşadığı evə kənd sakinlərini dəvət edərək onların iştirakı ilə dini yığıncaq təşkil etmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ İTB-nin rəisi, polis mayoru X6 protokolu müdafiə edərək bildirdi ki, Qobustan RPŞ-yə Şəxs hərəkətləri ilə bağlı məlumat daxil olduqdan sonra RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılmış və Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru X29 tərəfindən qəbul edilmiş 07 dekabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, lakin İXM-in 515.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində həmin maddədə nəzərdə tutulan qaydada tədbir görülməsi üçün qərarın surətinin Qobustan RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Bundan sonra həmin inzibati xəta haqqında material onun icraatına daxil olmuş və onun tərəfindən araşdırma aparılaraq Şəxs barəsində İXM-in 515.0.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, müsəlman olmaqla, İslam dininin Sünni qolunun Şafilik məzhəbinə aid bir insandır, onun dini görüşləri həmin məzhəbə uyğun gəlir. O özü din xadimi olmasa da, dinə bağlı bir şəxsdir. 2025-ci ilin oktyabr ayının sonunda təxminən 1 həftəlik X7 şəhərinə Ümrə ziyarətinə gedib-gəlmişdir. Ölkəyə qayıtdıqdan sonra 07 noyabr 2025-ci ildə Qobustan rayonunun Ərəbşahverdi kəndində özünün din yoldaşları, birlikdə namaz qıldığı şəxsləri evinə qonaq dəvət etmişdir. O, həmin zaman heç bir təbliğat aparmamış, yalnız Ümrə ziyarəti zamanı başına gələnlərlə bağlı onlara danışmış, səfərdə gördüklərinə dair öz təəssüratlarını bölüşmüşdür. Həmçinin qonaqlarına yemək süfrəsi təşkil etmişdir. Lakin həmin vaxt polis əməkdaşları gələrək onlara şöbəyə getməli olduqlarını bildirmiş, onlar da razılaşaraq polis şöbəsinə getmişlər. Polis əməkdaşları onun yaşadığı evə gələndə qonaqların bir hissəsi artıq getsə də, evdə bir hissəsi qohumlar olmaqla, 18 nəfər adam olmuşdur. O, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinlənilmiş Qobustan RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X29 bildirdi ki, Qobustan rayonu, Ərəbşahverdi kənd sakini Şəxs hərəkətləri araşdırılarkən aşkar olunmuşdur ki, Şəxs 2025-ci ilin oktyabr ayının sonunda 1 həftəlik X7 şəhərinə Ümrə ziyarətinə getmiş, noyabr ayının əvvəllərində qayıtmışdır. Qayıtdıqdan sonra rayonun Ərəbşahverdi kəndində yerləşən evinə 07 noyabr 2025-ci il tarixdə özünün dini baxışlarını paylaşan insanları toplayaraq orada yığıncaq keçirmişdir. Buna görə də onun və digər şəxslərin barəsində araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilsə də, Şəxs əməlində inzibati xəta əlamətləri aşkar olunduğundan qərarın surəti Qobustan RPŞ-nin İTB-yə verilmişdir. Belə ki, Şəxs bir dini qrupun üzvü kimi özünün yaşadığı evdə onunla eyni dini baxışları paylaşan şəxsləri toplayaraq dini ayinlərin icrası ilə əlaqədar olmasa da, xüsusi bir dini baxış üzrə fikirlərin bölüşülməsi məqsədilə qrup təşkil etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlində İXM-in 515.0.3-cü maddəsinin tərkib əlamətləri olmaması nəzərə alınaraq, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İXM-in 515.0.3-cü maddəsinə əsasən, dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Buna görə də o, İXM-in 515.0.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddə çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Şəxs bir dini qrupun üzvü kimi özünün yaşadığı evdə onunla eyni dini baxışları paylaşan şəxsləri toplayaraq dini ayinlərin icrası ilə əlaqədar olmasa da, xüsusi bir dini baxış üzrə fikirlərin bölüşülməsi məqsədilə qrup təşkil etmişdir. Şəxs da qəbul etmişdir ki, din xadimi olmasa da, İslam dininin Sünni qolunun Şafilik məzhəbinin nümayəndəsi kimi Ümrə ziyarətindən qayıtdıqdan sonra 07 noyabr 2025-ci il tarixdə özünün din yoldaşlarını və birgə namaz qıldığı şəxsləri evinə nahara qonaq çağırmış, bu zaman Ümrə ziyarəti zamanı başına gələnlərlə bağlı onlara danışmış, səfərdə gördüklərinə dair öz təəssüratlarını bölüşmüşdür. Həmçinin o qeyd etmişdir ki, polis əməkdaşları onun yaşadığı evə gələndə qonaqların bir hissəsi artıq getsə də, evdə bir hissəsi qohumlar olmaqla, 18 nəfər adam olmuşdur. Bununla da 07 noyabr 2025-ci il tarixdə bir dini qrupun üzvü kimi Şəxs yaşadığı evdə onunla eyni dini baxışları paylaşan şəxsləri toplayaraq dini ayinlərin icrası ilə əlaqədar olmasa da, xüsusi bir dini baxış üzrə fikirlərin bölüşülməsi məqsədilə qrup təşkil etməsi öz təsdiqini tapır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hər hansı bir hal müəyyən edilmir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hər hansı bir halın müəyyən edilmədiyini nəzərə alaraq onun barəsində minimum həddə inzibati cərimənin tətbiq edilməsini məqsədəuyğun hesab edir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 30, 40, 43, 48-51, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 515.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 515.0.3-cü maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-472/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-472/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver