Məhkəmə qərarları › İş №3(026)-473/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-473/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-473/2025 11.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Qobustan rayon prokurorunun köməkçisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə, 10 avqust 1977-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 tərəfindən 131C-25 nömrəli material üzrə qəbul edilmiş 29 noyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla toplanmış materialda Şəxs və hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edildiyindən onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılması qərara alınmışdır. Qobustan rayon prokuroru, ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş 11 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla fiziki şəxs Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qobustan rayon prokurorluğu tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iclasında iştirak edən Qobustan rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X5 bildirdi ki, Zərərçəkmiş şəxs 30 oktyabr 2025-ci ildə rayon prokurorluğuna ərizə ilə müraciət edərək, həmin tarixdə direktor işlədiyi rayonun Ərəbşahverdi kənd ümumi orta məktəbinin dəhlizində ədəbiyyat müəllimi işləyən Şəxs onun üzərinə gələrək üstünə qışqıraraq sol çiyninə yumruq ilə bir neçə dəfə zərbə vurmasını bildirmişdir. Həmin müraciət üzrə Qobustan rayon prokurorluğunun müstəntiqi Göhər Əmiyeva tərəfindən araşdırma aparılmış, nəticədə 29 noyabr 2025-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, həmin qərarla Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edildiyindən onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılması qərara alınmışdır. Qobustan rayon prokuroru, ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş 11 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla isə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, 30 oktyabr 2025-ci il tarixdə təxminən saat 08:30 radələrində Zərərçəkmiş şəxs ilə Şəxs arasında Qobustan rayon Ərəbşahverdi kənd ümumi orta məktəbinin dəhlizində aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs sinə nahiyəsindən üç dəfə yumruq ilə vurub sonuncunu divara tərəf itələyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Təqdim edilən materiallarla Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyindən, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, o, Qobustan rayon Ərəbşahverdi kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 30 oktyabr 2025-ci il tarixdə səhər saatlarında həmin məktəbin direktoru Zərərçəkmiş şəxs və məktəbin müəllimi Ülfət Zərbaliyeva ilə aralarında dərs bölgüsü ilə bağlı mübahisələri olmuş, o da əsəbiləşdiyinə görə direktor Zərərçəkmiş şəxs sinə nahiyəsindən əlinin çöl hissəsi ilə iki dəfə vurub divara doğru itələmişdir. Hazırda öz əməlindən peşmandır və Zərərçəkmiş şəxs da bir neçə dəfə üzrxahlıq etmişdir. Zərərçəkmiş şəxs əvvəlcə onu bağışladığını bildirsə də, sonradan fikrindən daşınmışdır. O, barəsində mümkün qədər yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, o, Qobustan rayon Ərəbşahverdi kənd ümumi orta məktəbinin direktorudur. 30 oktyabr 2025-ci ildə məktəbin dəhlizində müəllim Şəxs dərs bölgüsü ilə bağlı narazılığını bildirmiş və əsəbi şəkildə onu bir neçə dəfə vurub divara doğru itələyərək ona fiziki ağrı vermişdir. O, Şəxs bağışlamaq niyyətində olsa da, sonradan bu fikrindən daşınmışdır. Bunun isə səbəbi odur ki, artıq bütün rayonda bu hadisə barədə məlumat var və sonra insanlar onun barəsində “necə oldu ki, bir Lənkəranlı müəllim gəlib səni itələdi, sən də onu bağışladın?” deyə danışacaq. Ona görə də Şəxs barəsində qanuna uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlini səmimi etiraf etməsinin, peşman olmasının və məktəbdə müəllim işləməsinin nəzərə alınaraq, onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə surəti olan məhkəmə-tibbi ekspertizasının 05 noyabr 2025-ci il tarixli, 97 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində xəsarət aşkar olunmamışdır. İşdəki cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 noyabr 2025-ci il tarixli qərarda qeyd edilənlərə görə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 30 oktyabr 2025-ci il tarixdə təxminən saat 08:30 radələrində Zərərçəkmiş şəxs ilə Şəxs arasında Qobustan rayon Ərəbşahverdi kənd ümumi orta məktəbinin dəhlizində aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs sinə nahiyəsindən üç dəfə yumruq ilə vurub sonuncunu divara tərəf itələyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən aşkar olunmuşdur ki, həqiqətən də, məktəbin dəhlizində Şəxs Zərərçəkmiş şəxsla mübahisə edərkən onun sinə nahiyəsindən iki dəfə vurmaqla sonuncunu divara tərəf itələmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və Qobustan rayon prokurorluğunun nümayəndəsini dinləyib hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs sinə nahiyəsindən iki dəfə vurub onu divara doğru itələyərək ona fiziki ağrı yetirdiyindən Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları və zərərçəkmiş şəxsin ifadəsi ilə sübuta yetirilərək öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs də öz əməlini etiraf edir. Ona görə də Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib həmin maddə çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs əməlini səmimi şəkildə etiraf etməsini, peşman olmasını və zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, eyni zamanda himayəsində 1-i yetkinlik yaşına çatmayan olmaqla 3 uşağının olmasını, özünün müəllim işləməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmur. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar