Məhkəmə qərarları › İş №3(026)-54/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-54/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-54/2025 10.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxx 1999-cu ildə Qobustan rayonu, Üzümçü qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu, Bədəlli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 157ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X6 30 yanvar 2025-ci il tarixli qərarı ilə Şəxs və X7 əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onların barəsində CM-in həmin maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs və X7 əməlində İXM-in 157-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan onların barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Şəxs barəsində 10 fevral 2025-ci il tarixdə İXM-in 157-ci maddəsi ilə MN ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 15 dekabr 2024-cü il tarixdə X3 yumruqla sol sifət nahiyəsindən bir dəfə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X8 bildirdi ki, 15 dekabr 2024-cü il tarixində Şəxs toydan çıxdıqdan sonra mübahisə zamanı Yamil Əmiraslanovun üz nahiyəsinə sağ yumruğu ilə vuraraq qəsdən fiziki ağrı yetirmişdir. Bu səbəbdən də araşdırma aparılmış, RPŞ-nin İB tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, inzibati xəta tərkibi olmasına görə material İTB-yə göndərilmiş və onun tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, o, xx xxxx 1999-cu ildə Qobustan rayonunun Bədəlli kəndində doğulmuşdur və həmin kənddə yaşayır. O, həqiqətən də Yamil Əmiraslanovu vurmuşdur və təqsirli olduğunu başa düşür. Yamil Əmiraslanovdan üzrxahlıq da etmişdir. Mübahisə 15 dekabr 2024-cü ildə toy zamanı baş vermişdir. O, Yamil Əmiraslanovu zaldan kənara çağırmış, “Oba” marketin yanında söhbət etmək istəmişdir. Lakin dalaşmaq niyyəti olmamışdır. Söhbət zamanı o, Yamil Əmiraslanova kəndin içərisində maşını pis sürdüyünü bildirmiş, Yamil isə nalayiq formada yaxşı elədiyini bildirmişdir. O, həmin vaxt içkili olmamış, yanında isə heç kim olmamışdır. Sadəcə maşının yanında qardaşı Maksim və əmisi oğlu Samir olmuşdur. Aralarında mübahisə yaranarkən o, Yamili sifətindən, dodaq-burun nahiyəsindən vurmuş və Yamil yerə yıxılmışdır. O, Yamili gicgah nahiyəsindən vurmamışdır. Yamil yerə yıxılarkən onu vurmamış, Maksim və Samir onları aralamağa gəlmişdir. Barəsində tətbiq olunacaq inzibati tənbehi məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, Şəxs öz əməlini səmimi etiraf edir, zərərçəkmiş şəxslə barışmaq istəyir, peşmandır. Bu hallar və gənc olması nəzərə alınaraq onun barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirdi ki, o, Qobustan rayonunun Yekəxana kəndində yaşayır. Ondan üzrxahlıq olunsa da, evə gedərkən üzgözünün şişdiyini görmüş, bununla bağlı həkimə müraciət olunmuşdur. Həkimin rəyi polis şöbəsinə göndərilmiş, buna görə də orada işin təhqiqatına başlanılmışdır. Ona hadisə zamanı 3 zərbə dəymiş, Şəxs ona 1 zərbə vurmuşdur. Şəxsla barışmaq istəmir. Bildirdi ki, hadisə baş verən zaman 15 dekabr 2024-cü ildə o da toyda olmuşdur, toyda isə maksimum 400-500 qram araq içmişdir. Toy saat 2-də başlamış, o, toya bir qədər gec gəlmiş, dava isə təxminən saat 4-5 arasında olmuşdur. Toyda olanda Şəxs onu toydan kənara çağırmış, o da çölə çıxanda Şəxs bir neçə gün əvvəl yolda maşınla gedərkən baş vermiş məsələdən danışmağa başlamışdır. Bundan sonra kənardan 3 nəfərin onlara yaxınlaşdığını görmüş, tək qalmamaq üçün kənarda dayanan bibisi nəvəsini çağırmışdır. Həmin vaxt Şəxs onu gicgah nahiyəsindən vurmuş, o da zərbənin təsirindən yerə yıxılmışdır. Yerdə olarkən onun sifətinə təpiklə zərbə endirilmiş, lakin huşunu itirdiyinə görə təpiyi kimin vurduğunu görməmişdir. O, özünə gəlib ayağa durduqdan sonra Vasif Mədətov da onun sifət nahiyəsindən vurmuş, ona nalayiq ifadələr demişdir. Bundan sonra onları aralayıb içəri keçirmişlər. Lakin hadisə vaxtı orada olan digər şəxslər tapılmamışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, o, 30 yanvar 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan şikayət verməmişdir. Lakin həmin qərardan məlumatı olmadığına görə şikayət verə bilməmişdir. O, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İXM 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə surəti olan məhkəmə-tibbi ekspertizasının 24 dekabr 2024-cü il tarixli, 154 saylı rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər burun kökünün sıyrığı, üst dodağın səthi yarası küt əşya təsirindən törənməklə, 15 dekabr 2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib araşdıraraq hesab edir ki, zərərçəkmiş şəxs X1 nahiyəsinə zərbə vurmaqla ona fiziki ağrı yetirdiyindən Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları və Şəxs etirafı ilə sübuta yetirilərək öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib həmin maddə çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını, öz əməlini etiraf etməsini İXM-in 32.1.1-ci maddəsinə əsasən, onun zərərçəkmiş şəxslə barışmaq niyyətini İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs zərərçəkmiş şəxs X3 döyməklə İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu da nəzərə alaraq bildirir ki, ona İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bununla yanaşı, məhkəmə mübahisənin başlamasına səbəb olduğuna görə Şəxs 500 manat məbləğində inzibati cərimə olunmasını məqsədəuyğun sayır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar