Məhkəmə qərarları › İş №3(026)-55/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-55/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-55/2025 10.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx xxxxxxx 2002-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu, Yekəxana kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X8 30 yanvar 2025-ci il tarixli qərarı ilə X5 və Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onların barəsində CM-in həmin maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, X5 və Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan onların barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Şəxs barəsində 10 fevral 2025-ci il tarixdə İXM-in 157-ci maddəsi ilə MN ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 15 dekabr 2024-cü il tarixdə X4 yumruqla dodaq nahiyəsindən vuraraq qəsdən fiziki ağrı yetirmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X10 bildirdi ki, 15 dekabr 2024-cü il tarixində Yamil Əmiraslanov toydan çıxarkən mübahisəsi zamanı bir neçə şəxs tərəfindən döyülmüş, bu zaman digər şəxslə yanaşı, Şəxs Yamil Əmiraslanovun dediyinə görə dodaq nahiyəsindən zərbə vurmuşdur. Bu səbəbdən də RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, inzibati xəta tərkibi olmasına görə material İTB-yə göndərilmiş və onun tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək qeyd etdi ki, o, 15 dekabr 2024-cü ildə Bəşir adlı şəxsin toyunda olmuş, toy zamanı Yamil Əmiraslanovu ümumiyyətlə görməmişdir. O, toya bir qədər gec getmiş, təxminən 1 saat oturduqdan sonra çıxıb getmişdir. Onun dava-dalaşdan ümumiyyətlə xəbəri olmamışdır. O, 30 yanvar 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan şikayət verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, Şəxs dava baş verən zaman ümumiyyətlə orada olmadığını və zərərçəkmiş şəxsi görmədiyini bildirməsini nəzərə alaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirdi ki, o, Qobustan rayonunun Yekəxana kəndində yaşayır. Bildirdi ki, hadisə baş verən zaman 15 dekabr 2024-cü ildə o da toyda olmuşdur, toyda isə maksimum 400-500 qram araq içmişdir. Toy saat 2-də başlamış, o, toya bir qədər gec gəlmiş, dava isə təxminən saat 4-5 arasında olmuşdur. Toyda olanda Ravil Yasınov onu toydan kənara çağırmış, o da çölə çıxanda Ravil Yasınov bir neçə gün əvvəl yolda maşınla gedərkən baş vermiş məsələdən danışmağa başlamışdır. Bundan sonra kənardan 3 nəfərin onlara yaxınlaşdığını görmüş, tək qalmamaq üçün kənarda dayanan bibisi nəvəsini çağırmışdır. Həmin vaxt Ravil Yasınov onu gicgah nahiyəsindən vurmuş, o da zərbənin təsirindən yerə yıxılmışdır. Yerdə olarkən onun sifətinə təpiklə zərbə endirilmiş, lakin huşunu itirdiyinə görə təpiyi kimin vurduğunu görməmişdir. O, özünə gəlib ayağa durduqdan sonra Şəxs da onun sifət nahiyəsindən vurmuş, ona nalayiq ifadələr demişdir. Bundan sonra onları aralayıb içəri keçirmişlər. Lakin hadisə vaxtı orada olan digər şəxslər tapılmamışdır. Ona hadisə zamanı 3 zərbə dəymişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, o, 30 yanvar 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan şikayət verməmişdir. Lakin həmin qərardan məlumatı olmadığına görə şikayət verə bilməmişdir. Onun Şəxsla hər hansı düşmənçiliyi olmamışdır, lakin Şəxsla barışmaq istəmir. O, Şəxs cərimə olunmasını istəyir. İXM 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə surəti olan məhkəmə-tibbi ekspertizasının 24 dekabr 2024-cü il tarixli, 154 saylı rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər burun kökünün sıyrığı, üst dodağın səthi yarası küt əşya təsirindən törənməklə, 15 dekabr 2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İşdəki cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 30 yanvar 2025-ci il tarixli qərardan göründüyü kimi, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X9 15 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayının qarşısında şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sağ əlinin yumruğu ilə X2 sifət nahiyəsindən bir dəfə vuraraq ona qəsdən fiziki ağrı yetirmiş, eləcə də, həmin vaxt Şəxs bir dəfə sağ əlinin yumruğu ilə Yamil Əmiraslanovun dodaq nahiyəsinə bir dəfə vuraraq fiziki ağrı yetirmişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib araşdıraraq hesab edir ki, zərərçəkmiş şəxs X1 nahiyəsinə zərbə vurmaqla ona fiziki ağrı yetirdiyindən Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları və zərərçəkmiş şəxsin ifadəsi ilə sübuta yetirilərək öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib həmin maddə çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs zərərçəkmiş şəxs X4 vuraraq ona fiziki ağrı yetirməklə İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və zərərçəkmiş şəxsin xahişini nəzərə alaraq bildirir ki, Şəxs İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəuyğun sayır. Məhkəmə Şəxs minimum həddə cərimə tənbeh tədbiri tətbiq edərkən mübahisənin başlamasının səbəbkarının Şəxs olmadığını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar