Məhkəmə qərarları › İş №3(026)-556/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-556/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-556/2022 10.11.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Cəyirli kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş protokolda Şəxs 17 iyul 2022-ci il tarixdə Qobustan rayonunun Cəyirli kəndində evlərində anası X2 itələyərək ona fiziki ağrı yetirdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X3 onun anasıdır. 17 iyul 2022-ci il tarixdə saat 22 radələrində evə gəlmiş və evə gələrkən spirtli içki qəbul etmişdir. Evə gəldikdə anası spirtli içki qəbul etdiyinə görə ona irad bildirmiş və həmin zaman əsəbiləşərək anasını itələmişdir. Sonra həyətə çıxıb oturmuşdur və ayıldıqdan sonra etdiyi əməldən peşman olmuşdur. Hazırda da əməlindən peşmandır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 25 avqust 2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Qobustan rayon Cəyirli kənd sakini Şəxs müraciəti əsasında toplanmış materialda Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 25 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Qobustan rayon MTE və PAB verdiyi 23 avqust 2022-ci il tarixli 140-nömrəli rəyindən görünür ki, məhkəmə tibbi müayinəsi zamanı X1 bədəni üzərində heç bir xəsarət izi aşkar olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar