Məhkəmə qərarları › İş №3(026)-61/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-61/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-61/2025 14.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Yol-Patrul Xidməti Alayının əməkdaşı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxxx 1975-ci il təvəllüdlü, Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati tənbeh edilməsi üçün BDYPİ-nin YPXA-ya göndərilməsi qərara alınmışdır. BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* nömrəli, 12 fevral 2025-ci il tarixli protokol tərtib etmişdir. Protokolda göstərilmişdir ki, sürücü Şəxs **-YA-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Malibu minik” markalı nəqliyyat vasitəsilə Qobustan rayonu ərazisində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətdə zolağa çıxmaqla manevr etmə qaydalarını pozaraq qarşıda hərəkət edən avtomobillə toqquşmuş, nəticədə 27 fevral 1977-ci il təvəllüdlü X2 yüngül zərər dəymişdir. Bundan sonra həmin protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru, polis baş serjantı X8 bildirdi ki, 14 dekabr 2024-cü ildə sürücü Şəxs Qobustan rayonu ərazisində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən öz hərəkət zolağını dəyişərək qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşmuş, bu zaman həmin nəqliyyat vasitəsində olan sərnişin Sevda Rüstəmovanın və sürücü Saleh Rüstəmovun sağlamlığına yüngül zərər dəymişdir. Buna görə də sürücü barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əgər onların sağlamlığına yüngül zərər vurulmuş olmasaydı, sürücü barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacaqdı. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur və maşınla Bakı şəhərinə sərnişin daşıyır. 14 dekabr 2024-cü ildə Bakı istiqamətində hərəkət edərkən yolun xarab (çökək) hissəsindən maşınını yayındırmaq istəyəndə bir qədər yolun qarşı hərəkət zolağına keçmiş və qarşıdan gələn avtomobillə toqquşmuşdur. Bu zaman sərnişin Sevda Rüstəmova xəsarət almışdır. Ekspert rəyinə görə, Sevda Rüstəmovanın sağlamlığına yüngül zərər dəymişdir. Bu səbəbdən də o təqsirini qəbul edir. Barəsində tətbiq olunacaq inzibati tənbehi məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlini səmimi şəkildə etiraf etməsi nəzərə alınaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdəki 30 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 14 dekabr 2024cü ildə saat 18:35 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 68-ci kilometrliyində xx xxxxxxx 1975-ci il təvəllüdlü Şəxs idarə etdiyi “Chevrolet Malibu” markalı, **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq qarşıdan rayon istiqamətində hərəkət edən 27 dekabr 1970-ci il təvəllüdlü X3 idarə etdiyi “VAZ-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə YPXA əməkdaşı tərəfindən sənədləşdirilmiş, lakin sonradan “VAZ-2106” markalı avtomobilin sürücüsü X3 və sərnişin 27 fevral 1977-ci il təvəllüdlü X4 xəstəxanaya müraciət edərək xəsarət aldıqları qeydə alınmışdır. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş 155 nömrəli, 24 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, X4 almış olduğu xəsarətlərin – alın nahiyyəsinin səthi sıyrılmış yaraları, V (kiçik) barmağının orta falanqasının sınığı, qopuğu, sağ diz nahiyyəsinin iki ədəd, sol diz nahiyyəsinin bir ədəd yaraları küt əşya təsirindən törənməklə, 14 dekabr 2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı sərnişin qismində alınması mümkündür. X4 almış olduğu xəsarətlər dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş 156 nömrəli, 24 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, X3 almış olduğu xəsarətlərin – alt dodağın yarası, sağ baldırın orta və aşağı 1/3-nin qançırı və hematoması küt əşya təsirindən törənməklə, 14 dekabr 2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı sürücü qismində alınması mümkündür. X3 almış olduğu xəsarətlər dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib edən şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Şəxs 14 dekabr 2024-cü ildə idarə etdiyi nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə qaydalarını pozmuş, əks istiqamətdə hərəkət edən digər avtomobillə toqquşmuş, həmin avtomobildə olan sərnişin X4 və sürücü X1 yüngül zərər vurmuş, bununla da İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sözügedən inzibati xətanı törətməsi iş materialları ilə yanaşı, Şəxs öz ifadəsi ilə təsdiq olunur və o, əməlini etiraf edir. Ona görə də Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Şəxs fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, “Elektron məhkəmə” informasiya sistemində onun taksi fəaliyyəti ilə məşğul olmasına dair hər hansı məlumat aşkar edilməmiş, eləcə də, onun özü bununla bağlı hər hansı bir təsdiqedici sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə Şəxs törədilən inzibati xətanı qəbul etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və bildirir ki, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Şəxs şüurlu surətdə yolun əks hərəkət zolağına keçməklə qarşıdan gələn avtomobillə toqquşaraq həmin nəqliyyat vasitəsindəki sürücü və sərnişinin sağlamlığına yüngül zərər vurduğundan, onun barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq olunmalı, Şəxs öz əməlini qəbul etməsi halı isə nəzərə alınmaqla, həmin tənbeh tədbiri minimum həddə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 06 (altı) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar