Məhkəmə qərarları › İş №3(026)-657/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-657/2022

27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-657/2022 27.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, zərərçəkmiş şəxslər X3 iştirakı ilə, xx xxxxx 1988-ci ildə Şamaxı rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonun Nabur kəndində qeydiyyatda olan, faktiki Qobustan rayonunun Cəngi kəndində yaşayan X2 barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı protokolda X1 05 noyabr 2022-ci il tarixdə X5 döydüyü və onun “Xəzər” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 420 manat zərər vurduğu göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahat verərək bildirdi ki, Nicat Şıxaliyev həmkəndlisidir və 3 ildir həmin şəxslə küsülüdür. xx.xx.2022-ci il tarixdə o, yaşadığı evdə olmuşdur. Həmin gün saat təxminən 17 radələrində o, özünə məxsus evdə yatarkən birdən çöldən maşın səsi gəldiyini eşitmişdir. Lakin həmin maşın səsi normal sürüş kimi olmamışdır. Az qala həmin maşın onun evinə girmişdir. O, yetkinlik yaşına çatmayan övladlarının həyətdə oynadığına görə dərhal evdən çölə çıxmış, bu vaxt Nicat adlı şəxsin sərxoş halda özünə məxsus olan “Xəzər” markalı avtomobil ilə onun evinin həyətində olduğunu görmüşdür. Nicat onu söyüb təhqir edərək “gəl gedək səninlə söhbətimizi həll edək”-demişdir. O da Nicatın onu çağırmasının səbəbinin 04 noyabr 2022-ci il tarixdə onun atası Quli ilə aralarında olan mübahisə olduğunu bilmişdir. Nicat onu söyüb təhqir etməyə davam etmişdir. Nicatın idarə etdiyi avtomobilə yaxınlaşıb Nicatın sifət nahiyyəsindən bir dəfə yumruq zərbəsi vuraraq onu döymüşdür. Nicat isə avtomobili onun üzərinə sürmək istədiyi üçün o, yerdən götürdüyü daş parçası ilə Nicatın avtomobilinin arxa şüşəsinə bir dəfə vuraraq həmin şüşəni sındırmışdır. Bundan sonra isə Nicat avtomobilini həyətdə ziq-zaq vari sürüb oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, X2 ilə münasibətləri həmişə pis olmuşdur. 04 noyabr 2022-ci il tarixdə Vasif Mürsəliyev onun atası Quli ilə mübahisə etmiş və dalaşmışdır. O, həmin tarixdə Bakı şəhərində olduğundan Vasiflə danışmamışdır. 05 noyabr 2022-ci il tarixdə isə o, Qobustan rayon, Cəngi qəsəbəsinə gəlmişdir. O, evə gəldikdən sonra Qobustan rayonu, Cəngi qəsəbəsində Azpetrol YDM-nin arxasında Vasiflə görüşmüşdür. Həmin vaxt Vasif Mürsəliyev həmkəndliləri Məhəmməd Məmmədovla söhbət etmişdir. Vasif Mürsəliyev onun avtomobildən aşağı enməyinə icazə verməmiş və əlində olan bıçaqla onun avtomobilinin arxa şüşəsini vurub sındırmışdır. Daha sonra avtomobilinin yük yeri qapısına da zərbə vuraraq ziyan yetirmişdir. O, avtomobili sürüb getmək istəyərkən Vasif onun sifət və baş nahiyyəsindən ona məlum olmayan küt əşya ilə zərbə vuraraq onu döymüşdür. O isə oradan avtomobilini sürüb getmişdir. Daha sonra polis əməkdaşlarına məlumat vermişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 05 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X1 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. X1 barəsində Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələri ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Qobustan rayon polis şöbəsinin TQ-nin 05 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Şamaxı rayon MTE və PA birliyinin verdiyi 184 nömrəli sağlamlığa zərər vurmanın təyini rəyindən görünür ki, X4 bədəni üzərində aşkar edilən xəsarətlər- sol təpə nahiyyəsinin və burun kökünün səthi yaraları küt əşya təsirindən xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən törənməsi mümkündür. Nicat Şıxəliyevin almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərdən olduğundan dərəcələri təyin edilmir. Qobustan rayon polis şöbəsinin TQ-nin 05 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı “Qobustan Avtotex xidmət stansiyası”nın rəhbəri Əfqan Sadayevin vermiş olduğu aktdan görünür ki, X4 idarə etdiyi “Xəzər” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 420 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün X2 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə X2 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar