Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-87/2025 09.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi X10 iştirakı ilə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən tərtib edilmiş 07 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, “Qobustan RMX PHŞ-nə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-7783/2025 saylı göstəriş xarakterli məktub göndərilsə də, müəssisə tərəfindən Az. Res. Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci bəndinin tələbləri pozularaq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir”. Nəticədə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən tərtib edilmiş 07 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan sonra, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi 18 mart 2025-ci il tarixli etirazla məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müfəttişlik inzibati icraata xəstəxananın əməkdaşları X1, X4 və digərlərinin əməkhaqlarına verilən əlavələrin az ödənilməsi barədə şikayət ərizəsi əsasında başlamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 57.2-ci maddəsinə əsasən, yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Lakin müfəttişlik tərəfindən heç bir inzibati akt qəbul edilməmiş, sadəcə xəstəxanaya 28 yanvar 2025-ci il tarixli, 3-17-5/2-7783/2025 nömrəli məktub ünvanlanmışdır. Məktubda müfəttişliyə ərizə ilə müraciət edən əməkdaşların işlədikləri dövrdə əməkhaqlarına az hesablanmış müddətli əlavələrin 30 gün müddətinə ödənilməsinin təmin edilməsi tələb edilmişdir. İnzibati akt qəbul edilmədiyi üçün xəstəxananın verilən qərardan şikayət etmək imkanı da yaranmamışdır. Müfəttişlik inzibati icraatı həyata keçirərkən qnunvericiliyin tələblərini pozmaqla yanaşı, xəstəxanaya qarşı qeyri-müəyyən tələb irəli sürmüşdür. Belə ki, əmək haqqına əlavənin hansı məbləğdə az hesablandığını, müfəttişliyin az hesablanma barədə qənaətə necə gəldiyini, bunun hansı dövrü əhatə etdiyini, hansı şəxslərin əmək haqqı əlavəsinin əslində nə qədər olmasının düzgün hesab edildiyi barədə məsələlərə ümumiyyətlə münasibət bildirməmişdir. Müfəttişlik sözügedən məsələ barədə araşdırma apararkən aidiyyəti üzrə maliyyə və digər sahələr üzrə mütəxəssis və ekspert dəvət etmədən mübahisəli maliyyə məsələləri barədə qənaətə gəlmişdir. Müfəttişliyin tələbi Əmək Məcəlləsi və ya əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlara əməl olunması ilə bağlı deyil. Çünki işçilərin əməkhaqlarına “COVİD-19” pandemiyası ilə bağlı nəzərdə tutulan əlavələr ödənilmişdir, lakin işçilər bu məbləğin həcmi ilə razılaşmırlar ki, bu da əmək mübahisəsidir. Burada qanunvericiliyin tələblərinin pozulması halı yoxdur. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarının tətbiq olunması mübahisələndirilir ki, bu qərarın necə tətbiq edilməsi, əlavələrin hesablanma forması barədə qərar vermək səlahiyyəti müfəttişliyə aid deyil. Müfəttişlik məktubunda hesablanma metodu barədə məsələyə toxunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilən əlavənin iş vaxtına mütənasib olaraq ödənildiyi qeyd edilmişdir. Xəstəxana da öz növbəsində işçilərə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli işlədikləri vaxta mütənasib olaraq əlavələr hesablayaraq ödəmişdir. Müfəttişlik isə əlavənin az hesablandığını iddia edir, lakin iddiasını əsaslandırmır, konkret tələblə çıxış etmir. Tələb qərar və ya sərəncam şəklində olmadığı üçün xəstəxana bunu mübahisələndirə bilmir, tələbin mahiyyəti qeyri-müəyyən olduğu üçün xəstəxana müfəttişliyin bu tələbini icra edə də bilmir. Etirazda “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi barəsində 07 mart 2025-ci il tarixli, MN ******* nömrəli protokol üzrə inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 19 mart 2025-ci il tarixli iclasında iştirak etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin nümayəndəsi X12 bildirmişdir ki, təmsil etdiyi şöbəyə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin işçiləri X1 və X3 tərəfindən müraciət olunaraq, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etsələr də, onların əmək haqlarına müddətli əlavələrin müəyyən edilərək tam ödənilmədiyi bildirilmişdir. Bu səbəbdən də müraciət etmiş şəxslərin təqdim etdiyi sənədlər əsasında araşdırma aparılaraq “Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə 28 yanvar 2025-ci il tarixli göstəriş məktubu ünvanlanmışdır. Həmin məktubla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə (xüsusi şəraitdə tətbiq edilən əmək haqqı) əsasən və “Yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən həmin PHŞ-nin orta və kiçik tibb işçiləri X1, X3 və siyahıda adları qeyd edilmiş digər işçilərin işlədikləri dövrdə əməkhaqlarına az hesablanmış müddətli əlavələrin 30 gün müddətinə ödənilməsinin təmin olunması və bu barədə X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə məlumat verilməsi xahiş edilmiş, əks təqdirdə İXM-in 539.1-1-ci maddəsi barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbiri görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş suallara cavab olaraq Nicat Əliyev bildirdi ki, təmsil etdiyi şöbəyə yalnız Fatmanisə Mustafayeva və Nahidə Şaqavatova müraciət etmişdir. Yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştiraka görə əmək haqlarına müddətli əlavələrin ödənilməsi 25 mart 2020-ci ildən başlansa da, həmin ödənişlərin nə vaxta qədər davam etməli olması barədə məlumatı yoxdur. Eyni zamanda, 28 yanvar 2025-ci il tarixli göstəriş xarakterli məktubda əmək haqqına müddətli əlavələrin az hesablandığı bildirilərək, “siyahıda adları qeyd edilmiş digər işçilər” dedikdə, kimlərin nəzərdə tutulduğunu dəqiq bilmir. Şöbəyə yalnız 2 nəfər müraciət etdiyinə görə göstərişdə həmin o 2 nəfərə və siyahıda adları qeyd edilmiş digər işçilərə müddətli əlavələrin ödənilməsini ümumi olaraq göstərmişlər, amma konkret həmin şəxslərin adını bilmir. Ona görə də göstərişin ən azı həmin 2 şəxs – Fatmanisə Mustafayeva və Nahidə Şaqavatova barəsində verilmiş olması qəbul edilməlidir. Lakin həmin şəxslərə müvafiq dövrdə məhz nə qədər əlavə ödənilməli olması və faktiki nə qədər ödənilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclaslarında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi X13 bildirdi ki, barələrində tərtib olunmuş 07 mart 2025-ci il tarixli protokol qanunsuz olmuşdur. Belə ki, təmsil etdiyi publik hüquqi şəxs tərəfindən bütün işçilərinə, eyni zamanda Nahidə Şaqavatovaya və Fatmanisə Mustafayevaya koronavirus pandemiyası dövründə ödənilməli olan bütün əmək haqqına müddətli əlavələr ödənilmişdir. Eyni zamanda bildirdi ki, 2022-ci ildə də təmsil etdiyi publik hüquqi şəxs və onun direktoru barəsində inzibati məsuliyyət tədbirləri görülmüş, həm PHŞ, həm də onun direktoru cərimələnmişdir. Həmin vaxt əmək haqqına əlavələrin ödənilmədiyi şəxslər iddia ilə məhkəməyə müraciət etmiş, müvafiq məhkəmə aktları qəbul edilmişdir. Fatmanisə Mustafayeva və Nahidə Şaqavatova isə həmin vaxt məhkəməyə müraciət etməmişdir. O, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi 09 aprel 2025-ci il tarixli məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə onun nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. İXM-in 539.1-1-ci maddəsinə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İşdəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ünvanlanmış 28 yanvar 2025-ci il tarixli, 3-17- 5/2-7783/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə 04 dekabr 2024-cü il tarixdə və 05 dekabr 2024-cü il tarixdə daxil olmuş “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin işçiləri X1, X3 və digərlərinin (siyahı əlavə edilir) yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqlarına müddətli əlavələrin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarında nəzərdə tutulmuş əmək haqlarına aylıq (tarif) maaşının 5 mislinədək miqdarda müddətli əlavələrin düzgün hesablanıb ödənilməməsi və bununla əlaqədar köməklik göstərilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə ünvanladıqları şikayət xarakterli müraciətləri həmin şöbədə araşdırılır. X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə 14 yanvar 2025-ci il tarixdə 3-17-5/1-2162/2025 saylı qeydiyyatla “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş məktubdan və məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarına əsasən xəstəxanada tibb və qeyri-tibb fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqqlarına müddətli əlavələrin ödənişi 2020-ci ilin mart ayından həyata keçirilmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsinə (xüsusi şəraitdə tətbiq edilən əmək haqqı) əsasən və “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin orta və kiçik tibb işçiləri X1, X3 və siyahıda adları qeyd edilmiş digər işçilərin işlədikləri dövrdə əməkhaqlarına az hesablanmış müddətli əlavələrin 30 gün müddətində ödənilməsini təmin etməsi və bu barədə X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə məlumat verməsi xahiş edilmişdir. Əks təqdirdə, İXM-in 539.1-1-ci maddəsi ilə barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbiri görüləcəyi bildirilmişdir. İşdəki “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə ünvanlanmış 24 fevral 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, həmin publik hüquqi şəxsə xəstəxana əməkdaşlarının koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi və buna uyğun olaraq əməkhaqlarına ödənilmiş müddətli əlavələrlə bağlı daxil olmuş 28 yanvar 2025-ci il tarixli, 3-17-5/2-7783/2025 nömrəli məktuba baxılmışdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, X11 Xidməti əmək qanunvericiliyinə fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Həmin məktubda ərizəçilərə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi və icraata xitam verilməsi haqqında qərar verilməsi xahiş olunmuşdur. İş materiallarına surətləri əlavə edilmiş Qobustan Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 3(026)-409/2022 saylı qərarı ilə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 manat cərimə edilmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 3(105)-537/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, məhkəmə iclasında iştirak etmiş şəxsləri dinləyib, protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb, onlara tətbiq edilməli hüquq normalarına uyğun olaraq qiymət verərək belə qənaətə gəlir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi barəsində İXM-in 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən 07 mart 2025-ci il tarixli protokolun tərtib edilməsinin səbəbi kimi həmin şöbə tərəfindən “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ünvanlanmış 28 yanvar 2025-ci il tarixli, 3-17-5/2- 7783/2025 nömrəli göstəriş xarakterli məktubun icra edilməməsi göstərilmişdir. Məhkəmə sözügedən 28 yanvar 2025-ci il tarixli göstəriş məktubunun məzmununa nəzər saldıqda müəyyən edir ki, həmin məktubda icra edilməsi tələb olunan və icrasının məcburi olduğu qeyd edilən göstəriş tamamilə qeyri-müəyyən xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsinə (xüsusi şəraitdə tətbiq edilən əmək haqqı) əsasən və “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin orta və kiçik tibb işçiləri X1, X3 və siyahıda adları qeyd edilmiş digər işçilərin işlədikləri dövrdə əməkhaqlarına az hesablanmış müddətli əlavələrin 30 gün müddətində ödənilməsinin təmin edilməsi barədə göstərişin məzmunundan onun qeyrimüəyyən olması aydın olur. İlk növbədə o nəzərə alınmalıdır ki, həmin göstərişdə konkret olaraq kimlərə və hansı məbləğdə ödənilməmiş əmək haqqına əlavələr olduğu göstərilməmiş, “Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə məhz kimlərə və hansı məbləğdə əlavələrin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir. Həmin göstərişin verilməsinə səbəb olmuş araşdırmanın “Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin işçilərindən yalnız Fatmanisə Mustafayeva və Nahidə Şaqavatovanın müraciəti əsasında aparıldığı məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi tərəfindən təsdiq olunmuşdur. Həmin şəxslərin müraciəti üzrə araşdırma aparılaraq, həmin iki şəxsə, eyni zamanda siyahıda adları qeyd edilmiş digər şəxslərə əmək haqqına müddətli əlavələrin ödənilməsi barədə qeyri-müəyyən bir göstəriş verilmişdir. Bu məsələlərin aydınlaşdırılması ilə bağlı məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsinə müvafiq suallar verilmiş, o isə cavab olaraq “siyahıda adları qeyd edilmiş digər işçilər” dedikdə, kimlərin nəzərdə tutulduğunu dəqiq bilmədiyini, konkret həmin şəxslərin adını bilmədiyini, həmin şəxslərə müvafiq dövrdə məhz nə qədər əlavə ödənilməli olması və faktiki nə qədər ödənilməsi barədə məlumatının olmadığını bildirmişdir. Bu isə onu göstərir ki, X11 Xidməti Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən “Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə 28 yanvar 2025-ci il tarixli göstəriş xarakterli məktub göndərilmiş olsa da, hətta həmin məktubu göndərmiş orqanın nümayəndəsi belə konkret olaraq nəyin icrasının tələb edilməsindən məlumatsızdır və hər hansı bir izah verə bilmir. Ümumiyyətlə, 28 yanvar 2025-ci il tarixli göstərişin qeyri-müəyyənliyi həmin göstərişin əvvəllər də “Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ barəsində inzibati məsuliyyətin tətbiq edilməsinə əsas olmuş göstərişlə eynilik təşkil edib-etməməsini müəyyənləşdirməyə imkan vermir. Belə ki, əvvəllər verilmiş göstərişdə də X7, X2 və digərlərinin əməkhaqlarına müddətli əlavələrin tam ödənilməsi kimi qeyri-müəyyən tələb qoyulduğundan, bu hal hazırkı və əvvəlki göstərişlərdəki “digərləri (digər şəxslər)” dedikdə nəzərdə tutulan şəxslərin eyni şəxslər olub-olmamasını da müəyyən etməyə imkan vermir. Bununla yanaşı, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə ünvanlanmış 14 yanvar 2025ci il tarixli məktubda 2020-2022-ci ilin yanvar ayına kimi işləmiş bütün əməkdaşlara mövcud qanunvericiliyə əsasən bütün hesablamaların aparılaraq ödənişlərin icra olunduğu bildirilmişdir. Məhkəməyə ünvanlanmış etiraz ərizəsində “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi bütün işçilərə müvafiq ödənişlərin edildiyini, ödənilmədiyi iddia olunan məbləğlərin mübahisələndirilməsinin isə artıq əmək mübahisəsi olduğunu bildirmişdir. Hazırda məhkəmənin icraatında da “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı bu cür əmək haqqına əlavələrin ödənilməsi tələbinə dair 2(026)-249/2025 saylı mülki iş var və həmin iş üzrə məhkəmənin ilk hazırlıq iclası 21 aprel 2025-ci il tarixə təyin edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin hərəkətsizliklə ifadə olunan əməlində İXM-in 539.1-1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, inzibati xəta tərkibi olmadığına görə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi barəsində İXM-in 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 53, 114, 115, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi barəsində İXM-in 539.1- 1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-87/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-87/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver