Məhkəmə qərarları › İş №3(026)-88/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-88/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-88/2025 11.03.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1995-ci ildə Qobustan rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 329.3-cü və 333-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 329.3-cü və 333-1.1-ci maddələri ilə 11 mart 2025-ci il tarixli, İXP6965154 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, 11 mart 2025-ci il tarixində, saat 07:30-da “Opel Astra” minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Şəxs işıq cihazlarından istifadə qaydalarını pozma, nəqliyyat vasitəsini idarə etmə hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmə hallarına yol vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2 bildirdi ki, o, Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsi yol-patrul xidmətinin inspektoru vəzifəsində çalışır. 11 mart 2025-ci il tarixdə, saat 07:30 radələrində xidmətdə olduğu zaman Şəxs idarə etdiyi **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlamışlar. Bu zaman xidmət yoldaşı İlkin Kamilov sürücüyə yaxınlaşarkən hərəkətlərindən onun narkotik vasitədən istifadə etməklə avtomobili idarə etdiyindən şübhələnmişdir. Buna görə də o, sərxoşluq vəziyyətinin müayinə olunması üçün göndərilmiş, sürücü tərəfindən hər hansı tabe olmama halı baş verməmişdir. Müayinə nəticəsində onun marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. Buna görə də onun barəsində İXM-in 329.3-cü və 333-1.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, həqiqətən də marixuanadan istifadə etməklə avtomobili idarə etmişdir. O, Bakı şəhərində “Şamaxinka” adlanan ərazidən Qobustan rayonuna gətirmək üçün sərnişin daşımış, bu zaman maşında sərnişinlər narkotik vasitə istifadə etdiklərinə görə o da onlara qoşulmuşdur. Səhəri gün 11 mart 2025-ci il tarixdə isə Qobustan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq barəsində protokol tərtib olunmuşdur. Onun 7 aylıq uşağı vardır. Ona görə də xahiş edir ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq olunsun. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İXM-in 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. İXM-in 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. İşdəki “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 11 mart 2025-ci il tarixli, 1469 nömrəli aktdan görünür ki, sürücü Şəxs 11 mart 2025-ci il tarixdə, saat 09:35 radələrində müayinə olunmuş, onun marixuana qəbul etdiyi aşkarlanmışdır. Şəxs izahatından da görünür ki, sonuncu özünü təqsirli bilib əməlini qəbul edərək narkotik vasitə olan marixuana qəbul etməsini etiraf etmişdir. İş materiallarından görünür ki, Şəxs qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozaraq, avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 11 mart 2025-ci il tarixli, 1469 nömrəli aktla, onun öz etirafı və iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara və onun törətdiyi əməli etiraf etməsinə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Bunu nəzərə alan məhkəmə bildirir ki, Şəxs o, nəqliyyat vasitəsini idarə edərkən narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində olduğundan, məhkəmənin baxmaq səlahiyyəti olan İXM-in 333-1.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməsə də, onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmuşdur. Belə ki, İXM-in 32.1.1-ci maddəsinə görə, onun törətdiyi əməli etiraf edib səmimi peşman olması, İXM-in 32.2-ci maddəsi baxımından isə himayəsində yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması nəzərə alınarsa, onun barəsində daha yüngül inzibati tənbeh növünün seçilməsi məqsədəuyğun sayılmalıdır. Belə ki, Şəxs törətmiş olduğu əməldən peşman olmasının, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasının onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilməsi, həmçinin onun əməlində məsuliyyəti ağırlaşdıran halların olmaması tənbeh tədbiri tətbiq edilərkən nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsi çərçivəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157- 188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206- 208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4-332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1-343.7, 343.9, 343-1.1-343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1-381.7, 388-388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401-404, 406-409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464-466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479-481, 482.1, 482-1, 496.2, 499.2, 502-504, 506-508, 510, 511, 513, 515-517-3, 520, 523, 525-535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549-554, 558-561, 562.1, 562.2, 562-1, 563.2, 567-569, 571, 573, 574, 590-592, 592-1, 594-596, 598, 599- 602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Ona görə də Şəxs İXM-in 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qobustan Rayon Polis X3 Polis Bölməsinə göndərilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 333-1.1-ci maddəsi çərçivəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs İXM-in 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qobustan Rayon Polis X3 Polis Bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar