Məhkəmə qərarları › İş №3(026)-94/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-94/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-94/2025 04.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın nümayəndəsi X12 iştirakı ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli, MN ******* saylı qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və 22 yanvar 2025-ci ildə inzibati xəta haqqında ******* nömrəli protokolun ləğv edilməsini və ona tətbiq edilən inzibati məsuliyyətin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin 21 fevral 2025-ci il tarixli məktubu 01 mart 2025-ci il tarixində ona daxil olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeydiyyatda olan işçilərini istehsalatda baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəlikləri risklərinə görə icbari sığortalanmasını təmin etmədiyi üçün 11 yanvar 2025-ci il tarixində X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən xəta aşkarlanmışdır. 22 yanvar 2025ci ildə inzibati xəta haqqında ******* nömrəli protokola əsasən 31 yanvar 2025-ci il tarixində MN ******* nömrəli qərar qəbul edilmiş və qərara alınmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 1500 manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Lakin bu qərarı aşağıdakılara görə əsassız hesab edərək, ondan şikayətçidir: 1) İnzibati tənbeh qərarının qəbul edildiyi vaxtdan öncə o, atasının vəfatı kimi ağır bir itki ilə üzləşmişdir. Bu hadisə onun üçün böyük psixoloji sarsıntı yaratmış və işlərinin normal idarə olunmasına mənfi təsir göstərmişdir. Atasının vəfatından sonra yas mərasimlərini tam keçirmədən hərbi xidmətə çağırıldığı üçün sahibkarlıq fəaliyyətinə nəzarət etmək imkanı olmamışdır. Belə bir ağır şəxsi vəziyyətdə onun iş fəaliyyətini davam etdirməsi mümkün olmamış, nəticədə işçilərin həyat sığortası ilə bağlı yaranmış problem həll edilə bilməmişdir. Qanunvericiliyin prinsiplərinə əsasən sahibkarın obyektiv səbəblərdən yaranmış vəziyyətə görə inzibati məsuliyyətə cəlb olunması ədalətsiz hesab edilməlidir; 2) Xətanın qabaqcadan bildirilməməsi və aradan qaldırılma imkanının verilməməsi. 11 yanvar 2025-ci il tarixli, 3/75/2-D-1839/2025 nömrəli bildirişin (məktubun) ona göndərilməməsi və əmək müfəttişindən məktubun göndərilməsinin (çatıb-çatmamasının) sübutu poçt bildirişinin nömrəsinin (və ya zərfin) surətlərinin dəfələrlə istənilməsinə baxmayaraq, hələ də təqdim edilməməsi anlaşılan deyil; 3) Protokolun və inzibati qərarın qəbul edildiyi tarixdə (yəni 31 yanvar 2025-ci ildə) o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində N yanvar 2025-ci il tarixindən həqiqi hərbi xidmətə başlamışdır. Bu hal inzibati xətanın onun tərəfindən aradan qaldırılmasının mümkün olmamasına səbəb olmuşdur. Hərbi xidmət müddətində sahibkarlıq fəaliyyətini nəzarətsiz buraxmaq məcburiyyətində qaldığı üçün onun iştirakı olmadan qəbul edilən qərarın hüquqi baxımdan düzgün hesab olunması mümkün deyil; 4) Barəsində aparılmış bütün proseslərin yekunundan sonra məlumatın verilməsi, izahatı alınmadan, sübutları təqdim edilmədən və səbəb göstərilmədən imzalamadığı protokola əsasən qərarın alınması qanunvericiliyin tələbləri ilə uzlaşmır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin nümayəndəsi X20 bildirdi ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi X4 üzərinə qoyulmuş olsa da, o, həmin riskləri sığorta etdirmək məqsədilə sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlamamış, bu səbəblə də X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən onun barəsində əvvəlcə 22 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, 31 yanvar 2025-ci ildə isə onun barəsində 1500 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bu zaman Elmin Dünyamaliyevə 11 yanvar 2025-ci il tarixində məktub göndərilərək, 22 yanvar 2025ci il tarixli iclas barədə məlumat verilmiş, eləcə də, daha sonra 31 yanvar 2025-ci il tarixli iclas barədə də o məlumatlandırılmışdır. Qeyd etdi ki, Elmin Dünyamaliyev tikinti fəaliyyəti ilə məşğuldur. Sistemdə məlumatların yoxlanılması zamanı müəyyən edilmişdir ki, Elmin Dünyamaliyev 5 nəfərlə əmək müqaviləsi bağlamış olsa da, həmin işçilərin istehsalatda bədbəxt hadisələrdən icbari sığortasını təmin etmək vəzifəsini həyata keçirməmişdir. Bununla da, Elmin Dünyamaliyev İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, X4 şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs X6 məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda həqiqi hərbi xidmətdə olduğundan hazırkı iş üzrə bütün məhkəmə proseslərinin onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə şikayətə onu vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında surəti olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən X5 ünvanlanmış 11 yanvar 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. İcbari Sığorta Bürosundan əldə olunmuş məlumatlar və altsistem vasitəsilə aparılan təhlillər zamanı Elmin Dünyamaliyev tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin bağlanılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədilə 22 yanvar 2025-ci il tarixdə, saat 11:00-da X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə (İsmayıllı şəhəri, H.Əliyev prospekti 8 (ƏMAS şəxsi kabinetinə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədlərin müzakirə zamanı təqdim edilməsi tələb olunmuşdur. Elmin Dünyamaliyevin və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin olunması və iş üzrə onda olan bütün sübutların, izahatların və müzakirələrin təqdim olunması təklif edilmişdir; X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən tərtib edilmiş 22 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması 22 yanvar 2025-ci il tarixədək təmin edilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt İSM məlumatı ilə təsdiq edilir. X5 inzibati xətanın aradan qaldırılması və protokolun tərtib edilməsində iştirak üçün 11 yanvar 2025-ci il tarixli məktub göndərilsə də, o, iştirak etməmişdir; X18 Xidməti Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən X5 ünvanlanmış 22 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, İXM-in 469.2-ci maddəsinə əsasən X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin 22 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 31 yanvar 2025-ci il tarixdə, saat 10:00-a təyin olunmuşdur. Qeyd olunan vaxt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə (İsmayıllı şəhəri, H.Əliyev prospekti 8 (ƏMAS şəxsi kabinetinə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. Onun və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi və iş üzrə onda olan bütün sübutların təqdim olunması təklif olunmuşdur. Gəlmədiyi və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyi halda İXM-in 61.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılacaqdır; X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin rəisi X8 tərəfindən qəbul olunmuş 31 yanvar 2025-ci il tarixli, MN ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi protokol tərtib olunan günədək bağlanılmamışdır. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X6 İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 manat inzibati cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İXM-in 469.2-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə görə, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Əmək Məcəlləsinin 312-ci maddəsinə görə, əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati xəta haqqında işə əlavə edilmiş sübutlara qiymət verərək hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi təsdiq olunur. Belə ki, iş materiallarından görünür ki, işəgötürən kimi X2 Rəhim İnşallah oğlu, X15, X16, X10 və X11 ilə əmək müqavilələri bağlamışdır. Lakin təqdim edilmiş elektron sistemdən çıxarılmış siyahıdan göründüyü və X4 özünün də təsdiq etdiyi kimi, o, işçilərini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna uyğun olaraq müvafiq risklərdən icbari sığorta etdirməmişdir. Bununla da onun tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Elmin Dünyamaliyev işçilərini müvafiq risklərdən icbari sığorta etdirməməsinin səbəblərini əsaslandırarkən atasının vəfat etməsinə istinad etmişdir. Lakin məhkəmə həmin dəlili əsaslı hesab etmir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılan zaman müəyyən edilmişdir ki, X4 atası X3 02 noyabr 2024-cü ildə ölmüşdür. Lakin iş materiallarından göründüyü kimi, X6 tərəfindən 04 noyabr 2024-cü ildə X15, X16, X10 və X11 ilə əmək müqavilələri bağlanmışdır. Bu isə o deməkdir ki, Elmin Dünyamaliyevin atasının vəfat etməsi səbəbilə icbari sığorta müqaviləsi bağlaya bilməməsi barədə dəlili əsaslı deyil, çünki onun tərəfindən atasının vəfat etməsindən cəmi 2 gün sonra müvafiq əmək müqavilələri bağlanmışdır. Bundan başqa, Elmin Dünyamaliyev N yanvar 2025-ci il tarixindən etibarən həqiqi hərbi xidmətdə olduğuna görə sahibkarlıq fəaliyyətini nəzarətsiz buraxmalı olduğunu bildirsə də, iş materiallarından da aydın olduğu kimi, onun tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta o, hərbi xidmətə getməzdən əvvəl törədilmiş, bununla bağlı ona 11 yanvar 2025-ci il tarixli məktub da göndərilmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Elmin Dünyamaliyevin sahibkarlıq fəaliyyətini dayandırmadan və işçiləri ilə arasında olan əmək münasibətlərinə xitam vermədən həqiqi hərbi xidmətə getməsi bu zaman yol verilmiş inzibati xətalara görə onun məsuliyyətdən azad edilməsi üçün əsas kimi çıxış etmir. Bundan başqa, İXM-in 469-cu maddəsinin “Qeyd” hissəsinə görə, şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Göründüyü kimi, Elmin Dünyamaliyev tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsindən sonra ona veriləcək müəyyən vaxt ərzində icbari sığorta müqaviləsinin bağlanması halında belə, bu, onun həmin maddə üzrə inzibati məsuliyyətdən azad olunmasına əsas vermir. Şəxs İXM-in 469.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunduqdan sonra 20 gün ərzində icbari sığorta müqaviləsi bağlamalıdır və bu müddətdə o, yalnız əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilmir. Bu da Elmin Dünyamaliyevin şikayətində ona inzibati xətanın aradan qaldırılması üçün müddət verilməməsi ilə bağlı bildirdiklərinin əsaslı olmadığını göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən X6 barəsində qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən X6 barəsində qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar