Məhkəmə qərarları › İş №3(027)-1/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1/2021 10.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Quba rayonu, Amsar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Amsar kəndində qeydiyyatda olan və yaşayan (X7 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba rayon Məhkəməsinin 2(027)-1029/2012 nömrəli, 31 avqust 2012-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 05 mart 2020-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba rayon Məhkəməsinin 2(027)-1029/2012 nömrəli, 31 avqust 2012-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 23 mart 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində aliment alınıb X6 verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına 05.06.2018-ci il tarixdə daxil omuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir və icra məmurunun çağırışına gəlməmişdir. Bununla bağlı olaraq axtarışa verilmişdir və 05.03.2020-ci il tarixdə polis vasitəsilə icra və probasiya şöbəsinə gətirilmişdir. Bununla bağlı icra sənədlərinin icrasının səmərəli təmin etmək məqsədilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Hazırda borclu Şəxs bu vaxta qədər 2115 manat ödəniş etmişdir. İcra sənədi üzrə aliment borcu 4185 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba rayon Məhkəməsinin 2(027)-1029/2012 nömrəli, 31 avqust 2012-ci il tarixli icra sənədinə əsasən, ondan 23 mart 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində aliment alınıb X6 verilməlidir. Quba rayon Məhkəməsinin 2(027)-1029/2012 nömrəli, 31 avqust 2012-ci il tarixli icra sənədi üzrə bu vaxta qədər 2115 manat ödəniş etmişdir. İcra sənədi üzrə aliment borcu 4185 manat təşkil edir. İcra sənədini icra etməkdən imtina etmir. Lakin hal-hazırda həmin borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxs X8 izahat verərək göstərdi ki, Quba rayon Məhkəməsinin 2(027)-1029/2012 nömrəli, 31 avqust 2012-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 23 mart 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində aliment alınıb ona verilməlidir. Hazırda borclu Şəxs bu vaxta qədər 2115 manat ödəniş etmişdir. İcra sənədi üzrə aliment borcu 4185 manat təşkil edir. Bildirmişdir ki, icra sənədi üzrə borcunun hazırda tam şəkildə ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-254/2020 saylı, 06 mart 2020-ci il tarixli qərardadı ilə Şəxs barəsində axtarış elan olunmuş və tapılanadək inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs könüllü olaraq məhkəməyə gəldiyindən, Quba Rayon Məhkəməsinin 3(027)-1/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs borcundan ödəniş etməməsi onun icra sənədi üzrə tələbi qərəzli olaraq icra etməməsi kimi qiymətləndirilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 10 sentyabr 2021-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar