Məhkəmə qərarları › İş №3(027)-1000/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1000/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1000/2021 02.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X1, Zərərçəkmiş şəxs Kazımova Rəqsanə Nəsimi qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə xx.xx.1984-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba rayon Məhkəməsinin 06.07.2017-ci il tarixli, 2(027)- 2497/2017 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(105)- 629 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən 02 dekanr 2021-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba Rayon Məhkəməsinin 06.07.2017-ci il tarixli, 2(027)- 2489/2017 saylı icra sənədinə əsasən borclu Şəxs 30.10.2014-cü il təvəllüdlü X16 və 23.12.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana qədər saxlanması üçün 30.05.2017ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 30 manat olmaqla cəmi 60 manat sabit pul məbləğində aliment tələbkar X7 verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(105)-629/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 30.10.2014-cü il təvəllüdlü X13 və 23.12.2.015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün Quba Rayon Məhkəməsinin 06.07.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırki qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment tələbkar X7 verilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına 01,08.2017-ci il və 19.08.2021-ci tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Ona görə də tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Məlumat üçün bildirirəm ki, hazırda borclu Şəxs bu vaxta qədər tələbkarın xeyrinə 3480 manat ödəniş etmişdir. İcra sənədi üzrə aliment borcu 9070,6 manat təşkil edir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba rayon Məhkəməsinin 06.07.2017-ci il tarixli, 2(027)- 2497/2017 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(105)- 629 saylı icra sənədlərini icra etməkdən boyun qaçırmamış, borcundan imkanı olan qədər ödəniş etmiş, 2020-ci ilin aprel ayından etibarən pandemiya ilə əlaqədar iş olmadığı üçün aliment borcu tam ödənilməmiş qalmışdır. Borcunu ödəməkdən imtina etmir, bu borcu maddi imkanı olduğu təqdirdə hissə-hissə ödəyəcəkdir. Yeni ilin əvvələrində aliment borcunu ödəmək fikrindədir. Həmçinin qeyd edir ki, Rəqsanə Kazımova ona uşaqları ilə görüşməsinə icazə vermir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, himayəsində olan uşaqların tələbatları onlar böyüdükcə daha da artır və onların tələbatlarını ödəməkdə çətinlik çəkir, borclu axırıncı dəfə 2020-ci ilin fevral ayından bu günə kmi aliment borcunu ödəmir, ondan əvvəl də borcunu tam ödəməmişdir. O, hazırda aliment borcunun tam ödənilməsini istəyir. Odur ki, Şəxs oğlunun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-2497/2017 saylı, 06 iyul 2017-ci il tarixli icra sənədindən görünür ki, 30 oktyabr 2014-cü il təvəllüdlü X16 və 23 dekabr 2015-ci il təvəllüdlü X12 yetkinlik yaşma çatanadək saxlanması üçün cavabdeh Şəxs 30 may 2017-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər uşaq üçün 30 manat olmaqla, 60 manat sabit pul məbləğində aliment tutularaq X7 verilsin. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(105)-629 saylı icra vərəqəsindən görünür ki, Quba rayon Məhkəməsinin 06.07.20217-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqadrı artırılaraq 30 oktyabr 2014-cü il təvəllüdlü X16 və 23 dekabr 2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən Şəxs hər ay hər uşaq üçün 130 manat olmaqla iki uşağa görə 260 manat sabit pul məbləğində aliment alınaraq X7 verilməlidir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə, baxmayaraq o, icra sənədini icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli hazırkı qərarın elan olunduğu 02 dekabr 2021-ci il tarixdən saat 15:40-dan hesablanmalıdır. Həmçinin, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X10 tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 2 saat üçün 12 manat pulun “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 02 dekabr 2021-ci il tarixdən saat 15:40-dan hesablansın. Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 2 (iki) iş saatına görə 12 (on iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar