Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1007/2025 20.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31263646 nömrəli inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsilə müraciət edərək, barəmdə tərtib edilmiş EQ 31263646 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində ‘‘Mercedes Benz E220 CDİ” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil var. Həmin avtomobil ilə Bakı-Quba taksisi olaraq fəaliyyət göstərir və qazanc əldə edir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərində yerləşən Binə ticarət mərkəzinin qarşısında müştəri düşürən zaman Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi əsası ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuş, o, avtomobilini hər zaman həmin ünvanda saxlamış və ora ikinci cərgə hesab olunmur. Onun barəsində tərtib edilmiş həmin qərar əsassız və qanunsuzdur, bu qərar ilə razılaşmır. Onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Bu qərar heç bir əsas və sübut olmadan çıxarılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Barəsində tərtib edilmiş yuxarıda göstərilən inzibati xəta haqqında qərar qanunun tələbləri pozulmaqla, qərəzli formada tərtib edilmişdir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhərində yerləşən Binə ticarət mərkəzinin qarşısında müştəri düşürmüş, ayağında hips sarğı olduğundan özü də avtomobildən düşməmişdir. Müştərini düşürdükdən sonra dərhal sürüb getmişdir. Həmin hal DYP tərəfindən çəkilmiş fotoşəkillərdəndən aydın görünür. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31263646 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31263646 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnizbati xəta üzrə qərara əlavə edilmiş fotoşəkildən görünür ki, “Mercedes Benz E220 CDİ” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərində yerləşən Binə ticarət mərkəzinin qarşısında saxlayıb, sürücü özü avtomobildən dümədən sərnişini düşürdür. Göründüyü kimi, “Mercedes Benz E220 CDİ” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında dayanmamış və sürücü qısa müddət ərzində avtomobildə olan sərnişinin maşından düşməsi və baqaj hissəsindən əşyalarını götürməsi üçün avtomobili orada dayandırmışdır. Bu da öz növbəsində sürücünün hərəkətlərində İXM-nın 346.4-cü maddəsinin tərkibinin yaranmasını istisna edir. Beləliklə, Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31263646 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31263646 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1007/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1007/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver