Məhkəmə qərarları › İş №3(027)-1014/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1014/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1014/2021 24.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 342.5 və 333.1-ci maddələrilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Quba rayonu, Yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən Şəxs barəsində 17.11.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3, 342.5 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 342.5 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törətdilməsində özünü təqsirli bilməyərək göstərmişdir ki, içkili olmadığı halda onu saxlamışlar, barəsində tərtib edilmiş protokolu ona verməmişlər. Onu aldadıb protokola imza etdirmişlər. O, heç vaxt işkili halda maşın sürməmişdir. Sərxoşluq arayışının onun olmasına inanmır. Alkotestrdə 5 dəfə üfürmüş, içkili olması barədə ona heç bir məlumat verməmişlər. Göstərdiyi halların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən istifadə edibetməməsinin müəyyən edilməsi ilə bağlı polis əməkdaşının 16.11.2021-ci il tarixli, alkotestr məlumatından görünür ki, Şəxs aşkar olunan alkoqolun miqdarı 0,374 faizdir. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 342.5 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddələrlə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə və Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma nəzərdə tutulmuşdur. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 342.5 və 333.1-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 342.5 və 333.1-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar