Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1015/2025 27.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Quba rayonu, Möhüc kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Quba RPŞ-nin, İTB-nin sahə rəisi polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 24.10. 2025-ci il tarixli inzibati xəta haqqında MN 2215831-3283 saylı protokol tərtib olunmuşdur. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 05:00 radələrində Quba rayon Möhüc kəndində keçmiş qaynatası Qənbər Abdulhüseynovun yaşadığı evin pəncərəsindən daxil olaraq 1 ədəd televizor və 01 ədəd antena oğurlamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, yaşadığı evdə televizor olmadığına görə xx.xx.2025-ci il tarixdə keçmiş qaynatası Qənbər Abdulhüseynovun yaşadığı yaşayış evinə pəncərədən daxil olaraq orada olan televizoru və antena aparatını oğurlayaraq yaşadığı evə aparmışdır. Həmin televizor hazırda evdədir. Quraşdıra bilməmişdir. Əməlindən peşmandır və bir daha belə əməl etməyəcəyini bildirib ona həbs verilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində o televizoru söndürüb yaşadığı evin 2-ci mərtəbəsina yatmaqdan ötrü qalxmışdır. xx.xx.2025-ci il tarixdə saat 07 radələrində yuxudan oyanıb evin 1-ci mərtəbəsində olan qonaq otağına düşən zaman 1 ədəd Yantar markalı televizorun və 1 ədəd antena aparatının yerində olmadığını görmüşdür. Ona dəymiş ziyan ödənilməyib. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Quba Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X8 cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, protokolu və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Həmin inzibati həbsin başlanğıcı xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək saxlanıldığı 01 gün çıxılaraq, 29 gün müddətinə inzibati həbs tətbiq edilməlidir. Həbsin əvvəli 27 oktyabr 2025-ci il tarixdən, saat 16:40-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs barəsində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək saxlanıldığı 01 gün çıxılaraq, 29 gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 27 oktyabr 2025-ci il tarixdən, saat 16:40-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-1015/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1015/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver