Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1018/2021 10.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə 10.12.2021-ci il tarixdə ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(005)-3397/2020 saylı icra sənədinə əsasən borclu Şəxs 3000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına 05.05.2021-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu Şəxs rəsmi bildiriş göndərilmişdir. Borclu Şəxs bildiriş göndərilməsinə baxmayaraq o, icra sənədini icra etməmişdir. Vətəndaşın Quba şəhəri, B.Səfəroğlu küçəsi 22 ünvanında yaşayıb-yaşamaması barədə sorğu zamanı Quba rayon İHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyin sorğuya cavab olaraq vətəndaş Şəxs Bakı şəhərində yaşadığı bildirilmişdir. Bu səbəbdən “borclunun axtarışı barədə qərar” qəbul edilərək Quba Rayon Polis Şöbəsinə göndərilmiş və 10.12.2021-ci il tarixdə polis vasitəsi ilə Quba Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Birclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu Şeydayev Ayaz Qadir bu günə qədər tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu Şəxs icra sənədi üzər qeyd olunan borc məbləğini ödəməsi təklif olunsa da, o müxtəlif bəhanələr gətirərək qeyd olunan məbləği ödəməkdən yayınmışdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, özü maşın təmiri ilə məşğul olur, 2020-ci ilin aprel ayında tələbkarın oğlu onun yanına təmirə maşın gətirmiş, maşının ehtiyat hissələri yararsız olduğundan, yenisi ilə əvəz olunması üçün yeni ehtiyyat hissələri alınmış, pandemiya ilə əlaqəadar iş dayandırılmış, iş yeri açıldıqdan sonra işə gəldikdə, maşın üçün alınan ehtiyyat hissələrinin yerində olmadığını görmüş, həmin hissələrin oğurlandığı məlum olmuşdur. Nəticədə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli qətnaməsinə əsasən oğurlanan ehtiyyat hissələrinin əvəzinin ondan alınıb X1 xeyrinə tutulması qərara alınmışdır. Onun həmin məbləği ödəməyə imkanı yoxdur, belə ki, maddi vəziyyəti ağırdır. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib edən şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(005)-3397 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şeydayev Ayaz Qadir oğlundan 3000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Paşayeva Əfşan Musa qızının xeyrinə tutulmalıdır. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə baxmayaraq o, icra sənədini icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1018/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1018/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver