Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1018/2024 25.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24800372 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 24800372 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 28 noyabr 2024-cü il tarixində barəsində EQ24800372 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar qəbul edilmiş, Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Göstərilən qərar barədə ona 30 noyabr 2024-cü il tarixdə məlumat verilmişdir. Hesab edir ki, barəsində çıxarılmış həmin qərar əsassızdır, bu qərar ilə razılaşmır. Bildirir ki, onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, bu qərar heç bir əsas və sübut olmadan çıxarılmışdır. O idarə etdiyi “VAZ 21063” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən “Baku Elektroniks” mağazasının qarşısında qadağan olunan ərazidən uzaq məsafədə saxlayaraq avtomobili tərk etmədən qısa müddət ərzində ailə üzvünü gözləmişdir, sonradan hərəkətə davam etmişdir. Avtomobildən düşməmişdir, əyləcin işıqları yanılı vəzyyətdə olmuşdur. Çəkilmiş şəkillərdən də qeyd olunanlar aydın olur. Ona görə də DİN BDYPİ Məlumat Mərkəzinin xx.xx.2024-cü il tarixli EQ 24800372 №li qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24800372 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 (qırx) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. “Yol hərəkəti haqqında” AR Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən nəqliyyat vasitələrinin dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanması qadağandır. Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarında olan fotolardan göründüyü kimi, avtomobilin durduğu yerdə 3.28 - durmaq qadağandır qadağan nişanı və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasını bildirən 5.12 yol nişanı mövcuddur. 3.28 qadağan nişanı 5.12 yol nişanından əvvəl quraşdırılmışdır. Belə olan halda 15 metrdən az durma halında məsafəsinin hansı nöqtədən hesablanmaqla dayanma qənaətinə gəlinməsi əsasları müəyyən olunmur. Halbuki, 5.12 yol nişanından 15 metrdən az yaxınlıqda nəqliyyat vasitələrinin nəinki durması, həmçinin dayanmasına məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli EQ 24800372 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24800372 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-1018/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1018/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver