Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1024/2025 11.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,Fin: xxxxxxx, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Quba şəhər bazar ərazisində köşkdən meyvə-tərəvəz oğurlanmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Müşviq Mirzəyev izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Quba RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə ona məxsus Quba şəhəri, bazar ərazisində yerləşən meyvə-tərəvəz köşkündən tanımadığı şəxsin oğurluq etməsi və nəticədə sonuncuya 300 manat məbləğində maddi ziyan dəyməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir və barəsində yüngül tənbeh verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında qeyd etmişdir. 20 ildən artıq müddətdir ki, Quba şəhəri, bazar ərazisində meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olur, ticarət köşkünün təqribi sahəsi 25-30 kv. Metr təşkil edir, həmin köşkdə meyvə-tərəvəzlərin düzüldüyü yerin qapısı yoxdur, gündəlik olaraq səhər saat 06 radələrində işə gəldiyini və axşam saat 21 radələrində həmin köşkü açıq qoyaraq evə getmiş, bu zamana qədər ticarət köşkündən heç bir oğurluq hadisəsi baş verməmiş, qeyd etdiyi kimi 20 ildən artıq müddətdir ki, həmin bazarda çalışır və onun ətrafında olan digər satıcıların da uzun müddətdir ki, həmin yerdə xidmət göstərdiyindən həmin ərazidən oğurluq hadisəsi bu günə qədər baş verməmiş, bir neçə gün bundan öncə fəaliyyət göstərdiyi köşkdə meyvə-tərəvəzlərin azaldığını hiss edir, lakin ziddinə getməmişdir. Əlavə olaraq izahatında xx.xx.2025-ci il tarixdə səhər saatlarında köşkdə quraşdırdığı təhlükəsizlik kameralarına baxdıqda 1 nəfər kişi cinsindən olan şəxsin meyvə-tərəvəzini oğurladığını aşkar etdiyini və dərhal Quba RPŞ-nə gələrək bu barədə məlumat verdiyini, Quba RPŞ-nə gəldikdən sonra onun köşkündən oğurluq edən şəxsin Quba rayonu, 1-ci Nügədi kənd sakini Şəxs olduğunu öyrəndiyini, baş vermiş oğurluq nəticəsində 300 manat məbləğində maddi ziyan dəydiyini, köşkün açıq vəziyyətdə olduğunu, yalnız yan hissələrinin taxta konstruksiyalara bərkidilmiş polletelien material ilə örtülü olduğunu və qapısının olmadığını, köşkə daxil olmaq üçün hər hansı bir müdaxiləyə ehtiyac olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 oktyabr 2025-ci il tarixli qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində olan meyvə-tərəvəz məhsulunu talamış Quba rayonu, 1-ci Nügədi kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcələnin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, Şəxs ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmişdir. AR İXM-in 227-ci maddəsinin sanksiyasına nəzərə yetirdiyimiz zaman ictimai işlər və inzibati həbs cəzasının nəzərdə tutulması müəyyən olunur. Həmin Məcəllənin 28.4.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ictimai işlər cəzası tətbiq edilə bilməz. Eyni zamanda İXM-in 30.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 oktyabr 2025-ci il tarixdə tutulmuşdur və artıq azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və və həmin Məcəllənin 31.4-1 və 34-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-1024/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1024/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver