Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1028/2025 13.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 30595129 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində xx.xx.2025-ci il tarixli EQ 30595129 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 11 sentyabr 2025-ci il tarixdə saat 18 radələrində yağışlı gündə etibarnamə ilə idarə etdiyi VAZ 21102 MİNİK markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhər Bazarının qarşısından keçən T. Əhmədov küçəsində ikizolaqlı yolun sağ tərəf hərəkət hissəsində avtomaşını saxlamış, özü avtomaşından düşüb yanında dayanmışdı. Bu zaman yanından YPX avtomaşını ötüb keçib və keçərkən yanda dayanmış avtomaşınların fotoşəkillərini çəkib. Hətta YPX əməkdaşından onun avtomaşınının şəklinin də çəkib- çəkmədiyini soruşub, bildirib ki, onun avtomaşınının şəklini çəkməmişdir. Çünki onun avtomaşınının şəklinin çəkilməsi üçün heç bir əsas yox idi. Nə orada dayanmanın qadağan edilməsini göstərən yol nişanı yox idi, nə də avtomaşını yolun hərəkət hissəsində ikinci cərgədə saxlamamışdı. Sağ tərəfində saxlanılan avtomaşınlar yolun hərəkət hissəsində deyil, parklanma yerində saxlanılmışdı. Bir qədərdən sonra mobil telefonuna SMS- xəbər daxil olub ki, yolun ikinci və ya sonrakı cərgələrdə dayanmağına görə AR İXM-nin 364.4-cü maddəsilə təqsirləndirilərək BDYPİ vasitəsilə 80 manat məbləğində cərimə edilmişdir. Başa düşüb ki, yanından ötüb keçən YPX avtomaşını şəkillərini çəkmişdir. xx.xx.2025-ci il tarixdə AR DİN BDYPİ-nə şikayət etdim, oradan mənə məlumat verdilər ki, şikayətim baxılması üçün Quba RPŞ-nin DYP bölməsinə göndərilmişdir və baxılmanın nəticəsi barədə məlumat veriləcəkdir. Lakin bu günə kimi ona heç bir məlumat verilməmişdir. 01 noyabr 2025-ci il tarixdə Quba RPŞ-nin DYP bölməsinə gedərək orda bildiriblər ki, onlar bu cəriməni ləğv edə bilmirlər, ona görə Quba rayon Məhkəməsinə müraciət etməlidir. Bu cür vəziyyətdə yalnız indi məhkəməyə şikayət edə bilib. Bu səbəbdən özündən asılı olmayan səbəbdən şikayəti gecikmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 30595129 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. “Yol hərəkəti haqqında” AR Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən nəqliyyat vasitələrinin dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanması qadağandır. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə- 80 manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarında olan foto görüntülərdən aydın olur ki, inzibati xətanın baş verdiyi güman edilən xx.xx.2025-ci il tarixdə saat 18:10-da “X6” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində deyil, birinci cərgədə dayanmışdır. Fotogörüntülərdə həmin ərazidə dayanma-durmanın qadağan edilməsini göstərən yol nişanı müəyyən olunmur. Beləliklə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 30595129 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 30595129 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-1028/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1028/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver