Məhkəmə qərarları › İş №3(027)-1045/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1045/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1045/2024 28.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X1 xx.xx.2024-cü il tarixli EQ 23855692 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, EQ 23855692 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Quba şəhərində H.Əliyev prospektindən marketin qarşısında avtomobilimi saxlayıb sərnişini düşürmüş və sonra avtomobili park etmək üçün dayanacaqda duran avtomobilin çıxmasını təxminən 2-3 dəqiqə gözləmişdir. Həmin vaxt VAZ 2106 markalı avtomobil cərgədən çıxmağa başladı, sol tərəfdə isə “Range Rover” markalı avtomobil olduğu üçün o, cərgəyə keçmək üçün bir qədər gözəməli olmuşdur. Bu fakt inzibati xəta haqqında qərara əlavə edilmiş fotoşəkillərlə də öz təsdiqini tapır. Daha sonra o yaşadığı Bakı şəhərinə qayıtdıqdan sonra sms vasitəsi ilə ona məlumat daxil olmuş və özünə məxsus elektron kabinetə daxil olduqda onun barəsində inzibati xəta haqqında protokol tərtib olunduğu və cərimə olunduğunu öyrənmişdir. O, həmin qərarla qəti razı deyil və hesab edir ki, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, həmin vaxt Quba şəhərinə qonaq getmiş və həmin ərazini o qədər də yaxşı tanmır. Həmin vaxt aptekdən dərman almaq zərurəti yarandığı və marketin qarşısındakı cərgədə avtomobilin çıxmasını gözlədiyi üçün o, məcbur cəmi bir neçə dəqiqə dayanmışdır. Halbuki inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs bu halları nəzərə almamış, onun əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati protokol tərtib edərək qərar qəbul etmişdir. O, bununla bağlı elektron kabinet vasitəsi ilə BDYPİ-yə şikayət etməyimə baxmayaraq müraciətinə heç bir cavab verilmədi və o, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş X3 və Quba RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə X1 və Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ 23855692 saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib, 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. “Yol hərəkəti haqqında” AR Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən nəqliyyat vasitələrinin dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanması qadağandır. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə–səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, Quba rayonu Yol Patrul Xidməti İnspektoru Polis serjantı X2 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarından və şikayətçinin təqdim etdiyi foto görüntülərdən görünür ki, X1 idarə etdiyi avtomobil Quba şəhəri, H.Əliyev prospektində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasını bildirən yol nişanından 15 metrdən uzaq olan məsafədə dayanmışdır. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 23855692 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyindən şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 23855692 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar