Məhkəmə qərarları › İş №3(027)-1058/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1058/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1058/2021 22.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1970-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (X2 5QUGXL4) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 26 noyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Quba rayonunun İ Nügədi kəndində “Əfsan” şadlıq sarayının yaxınlığında üzərindən 0,537 qram qurudulmuş marixuana aşkar olunmuşdur. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində 22 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, tapanda narkotik vasitə marixuananı siqaret tütünü ilə qarışdırıb çəkir. 26 noyabr 2021-ci il tarixdə axşam tərəfi kənd ərazisində yerdən bir kağız bükümdə təsadüfən nəşə kimi tanıdığı narkotik vasitə marixuana tapmışdır və cibindəki “Argo” markalı siqaret qutusunun içinə qoymuşdur ki, hava qaralanda çəkər. Hava qaralan vaxt, saat 19:30 radələrində kəndlərinin ərazisindən keçən Quba- Qonaqkənd avtomobil yolunun kənarına çıxmışdır ki, orada nəşəni çıxarıb çəksin. Həmin vaxt mülki geyimdə olan iki nəfər şəxsi görüb tez qutunu cibinə qoymuşdur, onlar da şübhələnib yaxınlaşmışlar və özlərini təqdim edərək polis olduqlarını bildirib cibində nə gizlətdiyini soruşub, ondan düz danışmağını istəmişlər. Bilmişdir ki, yalan danışsa, onsuz da ciblərini axtarıb tapacaqlar, ona görə də olduğu kimi demişdir. Onlar da vəkil və başqa polislər çağıraraq üzərinə baxış keçirib siqaret qutusunun içindəki narkotik vasitəni tərəzidə çəkib götürmüşlər. Çəkisi 1.5 qram gəlmişdir. Bundan sonra tərəziyə qoyub möhürləmişlər. Bildirmişdir ki, həmin narkotik vasitəni yerdən tapmışdır. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs 26 noyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Quba rayonunun İ Nügədi kəndində “Əfsan” şadlıq sarayının yaxınlığında üzərindən 0,537 qram qurudulmuş marixuana aşkar olunmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, 01 ədəd zərfdə olan 0,537 qram narkotik vasitə sayılan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin Təminat Hissəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 moyabr 2021-ci il tarixli, 7/1223 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfdə bir ədədə kağız bükülüdə tütün hissəcikləri və təmiz çəkisi 0,537 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Şəxs üzərindən aşkar olunmuş 01 ədəd zərfdə təmiz çəkisi 0,537 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar