Məhkəmə qərarları › İş №3(027)-1067/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1067/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1067/2024 25.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba RŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, Quba rayonu, İ Nügədi kəndində küçədə arvadı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Məhkəmə iclasında Quba RŞ-nin İTB-nin polis sahə rəisi X2 ifadəsində bildirmişdir ki, polis şöbəsinə daxil olan məlumata əsasən, Şəxs aralarında yaranan münaqişə səbəbindən, İ Nügədi kəndində küçədə arvadı Zərərçəkmiş şəxs valideynlərinin yanında nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, o yoldaşını işdən çıxmağa məcbur etmiş və müəyyən şübhələri olduğu üçün və içkili olduğu üçün yoldaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Etdiyi əməldən peşman olduğunu bildirmiş və ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, yoldaşı Etibar onu işdən götürən vaxtı onunla mübahisə edib, valideynlərinin yanında onu nalayiq ifadələrlə təhqir etmişdir. Bü cür davranış dəfələrlə təkrarlanmışdır. Hazırda ondan şikayətçidir. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi inzibati məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 25 dekabr 2024-cü il, saat 12:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 05 (beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 25 dekabr 2024-cü il, saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar