Məhkəmə qərarları › İş №3(027)-1075/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1075/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1075/2022 10.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba Bölgəsi üzrə Şöbəsinin nümyəndəsi X1 iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2022-ci il tarixində saat 13:00 radələrində ünvan 2 ünvanında qeyri-qanuni təşkil edilən dini yığıncaqda iştirak etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında MN 1429684-1708 nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Elnur əfəndinin evində usta kimi divar kazğızı vurmuşdur. xx.xx.2022-ci il tarixində saat 12:00-dan saat 13:00-a kimi iş görmüşdür. Həmin vaxt namaz saatı olduğundan birlikdə namaz qılmaq qərarına gəlmişlər. Onlarla hər hansı bir dinin yayılması və ya təbliği ilə bağlı heç bir söhbət aparmamışdır. Onlar dini yığıncaq keçirmək qaydalarını pozmamışlar. Barəsində tərtib olunmuş protokolla bağlı özünü təqsirli bilmir. Ona görə də, barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirmişdir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba Bölgəsi üzrə Şöbəsinin nümayəndəsi X2 bildirmişdir ki, X3 xx.xx.2022-ci il tarixində saat 13:00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evdə qanunsuz şəkildə digər tanışları ilə birgə yığışmaqla namaz qılaraq dini mərasimlərin təşkili və həyata keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması polis əməkdaşları tərəfindən aşkar olunan zaman Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba Bölgəsi üzrə Şöbəsinin nümayəndəsi kimi o da, orada iştirak etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. «X9 Haqqında» Azərbaycan Respublikası Qanununun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. «X9 Haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilir ki, Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini icmalar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən dini ibadət yerlərində və ziyarətgahlarda həmin dini icmalara bu Qanunla müəyyən olunmuş qaydada din xadimi təyin edildikdən sonra dini fəaliyyət göstərə bilərlər. «X9 Haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Göstərilən qanunu normalarının, o cümlədən «X9 Haqqında» Azərbaycan Respublikası Qanununun 6-1.1-ci maddəsinin mənasından görünür ki, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Birmənalı olaraq dini ayinlər kütləvi şəkildə bu məqsədlər üçün nəzərdə tutulmuş və dövlət qeydiyyatına alınmış ərazilərdə, o cümlədən məscidlərdə həyata keçirilə bilər. Hər bir dini yığıncağın, dini yürüşlərin keçirilməsi üçün şəxslər dini icma və ya dini qurum kimi dövlət qeydiyyatından keçməli və bu tədbirlər dini qurumun hüquqi ünvanı olan ərazidə həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İş materiallarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixində saat 13:00 radələrində ünvan 2 ünvanında yerləşən evdə qanunsuz şəkildə digər tanışları ilə birgə, dini yığıncağın iştirakçısı olmaqla, həmin ayinlərin keçirilməsinin qanunla müəyən edilmiş qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərinin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özündə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrinin müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyə hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında müvafiq məsuliyyətinin yaranması ilə nəticələnir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının demokratik dövlət olması və insan və vətəndaş hüquq və azadlıqlarının qarantı olması onun mahiyyəti və məqsədlərindən, Azərbaycan Respublikasının Konstitusiyasından, onun tərəfdar çıxdığı Beynəlxalq müqavilələrdən və qanunlarından irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 515.0.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar