Məhkəmə qərarları › İş №3(027)-108/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-108/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-108/2024 09.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin TP ******* nömrəli, 31 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 ərizə ilə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ-nin TP ******* nömrəli, 31 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və 400 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 16 dekabr 2023-cü il tarixində, etibarnamə ilə idarə etdiyi “Opel Astra” Minik markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri H.Əliyev prospekti ilə hərəkət edərkən guya, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 333.1 maddələrin tələblərini pozub. TP ******* nömrəli qərarla ona 400 (dörd yüz ) manat cərimə yazılıb, 16 dekabr 2023-cü il tarixli İXP ******* nömrəli protokol ilə razı deyil, həmin protokol və əsasında qəbul edilən TP ******* nömrəli qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki, TP ******* nömrəli qərarda göstərilir ki, İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan nəqliyyat vasitəsini təhlükəsizlik kəməri bağlamadan idarə edib, 327.1-ci maddənin tələblərini pozaraq, yol nişanlarının tələblərinə riayət etməyib və 333.1-ci maddəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi tələbinin pozaraq, avtomobil idarə edib. Qəti olaraq bildirir ki, ona tətbiq edilən maddələrin heç birini pozmamışdır. Müasir dövrdə yaşayır. Dövlət vəsait xərcləyərək, ictimai təhlükəsizliyi qorumaq və haqq-ədalətin tez bir zamanda öz yerini tutması üçün müşahidə kameraları və radarlar quraşdırıb. Həmin görüntülər qısa zaman kəsiyində yaddaşdan silinmir. Quba Rayon Polis X6 X7 Xidmətinin inspektoru polis serjantı X4 həmin görüntülərlə ona və ədalət təmsilçisi məhkəmə qarşısında sübut etməlidir ki, o, harada təhlükəsizlik kəmərindən istifadə etməyib, hansı yol nişanlarının ləblərinə riayət etməyib və onu hansı test aparatı ilə yoxlayıb, ona həqiqətən də alkoqollu içki qəbul etdiyini və həmin testin nəticəsini yerindəcə göstərib? Onu yol polisi Quba ASAN xidmətin qarşısında 16 dekabr 2023-cü il tarixində səhər 08:10 radələrində saxlayıb, 08:38-də AZPETROL-da əlində olan aparatla test edib, protokol tərtib olunub (həmin protokol həmin gün saat 12:31-də çap olunaraq ona verilib), lakin, ona tanış olmaq üçün təqdim olunmayıb. 09:00 radələrində Quba RPŞ-nə Yol Patrul Xidmətinin inspektoru polis serjantı X3 yanında olan digər polis əməkdaşı avtomobilin sükanı arxasına keçərək, sürücülük hüququ olmadan avtomobilini idarə edərək onunla birlikdə gəlib. Saat 10:00-da Quba RPŞ-dən çıxıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gedib. Orada, saat 10:48-də Sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçib (Quba RPŞ-də tələb etsə də onu Sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməyə nə aparmadılar nə də göndərmədilər) və müayinədən tam ayıq, qeyri-sərxoş çıxıb. Qeyd edir ki, atası Birinci Qarabağ müharibəsində, özü isə Vətən müharibəsində ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda vuruşublar (buna baxmayaraq, həmişə dövlətin qanunlarına hörmətlə yanaşıb, riayət ediblər). Atası İİ qrup Qarabağ müharibəsi əlilidir. Özü Ali Baş Komandan, cənab prezident İlham Əliyev tərəfindən “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir, 80 manat təqaüd alır. Maddi cəhətdən imkanları məhdud ailədirlər. Ailə lidir, 2 azyaşlı övladı var. Ailəsiylə birlikdə atası və anası bir evdə yaşayır. Qərarı şəxsən özü 25 yanvar 2024-cii il tarixdə Qııba Rayon Polis Şöbəsindən almışdır. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ -nin TP ******* nömrəli, 31 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.1, 329.1 və 333.-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli 411 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X1 alkoqol sərxoşluq vəziyyətinin olmadığı və ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. iş materiallarında olan medalların surətlərindən göründüyü kimi, X2 “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X2 idarə etdiyi avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və alkotester müayinəsilə alkoqol istifadəsi nəticəsinə gəlinmiş və prokol tərtib olunmuşdur. Polis əməkdaşlarına sərxoş olmadığını bildirsə də və sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməyi tələb etsə də, barəsində protokol tərtib edilmiş və protokol əsasında cərimə edilməsi barədə qərar qəbul edilmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin Həmin qərarın İİİ hissəsinə yəni Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması qaydalarının 3.3-cü bəndinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Qeyd edilən Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Qeyd edilən Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Göründüyü kimi, C.Əhmədov müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazı olan xüsusi texniki vasitələr vasitəsilə sərxoşluğunun müəyyən edilməsi nəticələrinə dair xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd edilməmiş, texniki vasitədən istifadə edilməsindən imtina etdiyinə görə tibbi müayinəyə aparılmamış, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunmamışdır. C.Əhmədov 16 dekabr 2024-cü il, saat 10:48-də Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmiş və müayinənin nəticəsinə görə, alkoqol sərxoşluq vəziyyətinin olmadığı və ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən şikayət təmin edilməli X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ-nin TP ******* nömrəli, 31 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və cərimənin silinməsi icraata xitam verilməsi baxımından dəyərləndirilərək həmin inzibati xəta haqqıda iş üzrə icraata xitam veriməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayəti təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 333.-ci maddələrilə inzibati tənbeh vermə haqqında 31 dekabr 2023-cü il tarixli TP ******* saylı qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar