Məhkəmə qərarları › İş №3(027)-11/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-11/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-11/2024 25.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli İnzibati tənbeh vermə haqqında EQ 17812222 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli İnzibati tənbeh vermə haqqında EQ 17812222 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə istifadə etdiyi “Mercedes Benz E320” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə (yol nişanlarının tələblərinə riayət edilməməsi) EQ17812222 saylı, 02.11,2023cü il tarixli protokol üzrə 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan inzibati cərimələr elektron kabinetə yerləşdirilmiş və o həmin inzibati cərimələrdən elektron qaydada xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində şikayət etmişdir. Sonradan təkrarən 06.11,2023-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nə elektron qaydada şikayət etmişdir. Onun elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdə Baş X3 İdarəsindən məktub ünvanlanmış, müraciətlərin Quba RPŞ-nə göndərilməsi qeyd olunmuşdur. Lakin bu günə kimi həmin cərimə ləğv edilməmişdir. Həmin inzibati cərimələr ona qanunsuz olaraq tərtib edilmişdir. O hər gün gedib-gəldiyi yolda olan yol nişanlarına riayət etmişdir. “AsanPay” və “SMS Radar” elektron kabinetlərinə həmin pozuntuların video görüntüləri yerləşdirilməmişdir. İşə baxılmasının yeri və vaxtı barədə X1 və Azərbaycan Respublikası Quba RPŞ-nə məlumat verilsə də, X1 məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə qeyd edilən şəxslərin onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin olunmalı və inzibati iş yenidən araşdırılması üçün göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında EQ 17812222 inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” AR Qanununun 60-cı maddəsinə 2-ci bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd edilən Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). “Mercedes Benz E320” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi yolda 2.5 (dayanmadan keçmək qadağandır) digər nəqliyyat vasitəsinin hərəkətdə üstünlüyünü bildirən üstünlük nişanı mövcuddur. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, qərara əlavə edilmiş fotoşəkilərdən göründüyü kimi, EQ 17812222 saylı inzibati xəta haqqında qərarı qəbul edilməsinə bağlı inzibati icraat materialı məhkəməyə təqdim olunmamış və şikayətçinin əlavə etdiyi xüsusi texniki vasitə məlumatlarına hər hansı nəqliyyat vasitəsi əks olunmadan boş yolda stop-xətt (2.5 xətti) nişanı olduğu foto əlavə olunmuşdur. Pozuntuya sübut olaraq qərara əlavə edilmiş digər fotoşəkildə isə yol nişanı olmadan hərəkət hissəsində **-CY-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilin hərəkətdə olması əks olunmuşdur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin yol nişanının tələbinə riayət edib-etməməsini şübhə altına aldığından, məhkəmə hesab edir ki, həmin şübhələr onun xeyrinə həll edilməli, barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin Azərbaycan Respublikasnın İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ 17812222 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar