Məhkəmə qərarları › İş №3(027)-110/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-110/2022

17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-110/2022 17.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X3 iştirakı ilə, Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında Quba rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ramin Məmmədov tərəfindən tərtib olunmuş 25 yanvar 2022-cı il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Quba rayonu, Ağbil kəndində yaşayır. 25 yanvar 2022-ci il tarixdə Quba rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək özünə məxsus ərzaq mağazasında vaksin olmadan işlədiyini əsas gətirərək, 25 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Həmin protokol əsasında da Quba Rayon Polis şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən, polis mayoru Ramin Məmmədov tərəfindən 25 yanvar 2022-ci il tarixdə, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4000 manat məbləğində cərimə edilməyi qərara alınmışdır. Həmin qərarda onun inzibati məsuliyyətə səbəb olan hərəkəti “25 yanvar 2022-ci il tarixdə saat 13:00 radələrində Quba rayonu Ağbil kəndində özünə məxsus ərzaq dükanında vaksini olmadan işlətmişdir” kimi qeyd edilmişdir. Qərardan fərqli olaraq prokolda isə inzibati xətanın aşkar olunma vaxtı 25 yanvar 2022ci il, saat 15:30 kimi qeyd edilmişdir. Qeyd edilən protokol və qərarla razılaşmır. Belə ki, hazırda mübahisələndirilən qərar qəbul edilərkən onun ********** saylı VÖEN-ə malik olduğu əsas gətirilərək, o, vəzifəli şəxs kimi cərimə olunmuşdur. Halbuki, o, 11 avqust 2021-ci il tarixdən 11 avqust 2031-ci il tarixədək həmin VÖEN əsasında fəaliyyətini dayandırmışdır və bununla bağlı 3 saylı Ərazi Vergilər İdarəsinin 02 fevral 2022-ci il tarixli uçota dair arayışını şikayətinə əlavə etmişdir. Həmin arayışdan da göründüyü kimi qərar qəbul edilən tarixdə həmin VÖEN aktiv olmamışdır. Onun VÖEN- i dayandırıldığı üçün o, qərar qəbul edilən tarixdə fərdi sahibkar olmamışdır və vəzifəli şəxs hesab olunmurdu. Ona görə də o, vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilə və 4000 manat məbləğində cərimə edilə bilməz. Həmçinin o, peyvənd olunmadan ərzaq dükanının mülkiyyətçisi olmağı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması kimi qiymətləndirilməməlidir. O, mülkiyyətində olan mağazanı yeni fəaliyyətə başlatmağa çalışdığı yaxın günlərdə mağazanın açılışına hazırlaşdığı üçün onun xidməti və ya əmək müqaviləsi olan heç bir işçi olmamışdır. Onun ümumiyyətlə heç bir işçisi yoxdur. Mülkiyyətçinin özünün peyvənd sertifikatının olub-olmaması Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibini yaratmır. Onun hər bir halda peyvənd olunmadan öz dükanına daxil olmağı Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tərkibini yaratmır. Onun həmin dükanda peyvənd olunmadan işçi işlətməyini sübut etmək yükü isə onun barəsində protokol və qərarı qəbul etmiş orqanın üzərinə düşür. O, eyni zamanda qeyd etmişdir ki, Covid 19 pandemiyasının fəsadlarını başa düşən bir vətəndaşdır və birinci doza peyvəndi zamanında vurdurmuşdur. Sonradan anasının xəstəliyi ilə bağlı ikinci doza peyvənd üçün müvafiq tibb müəssisəsinə müraciət etməyi üzürlü səbəblərdən mümkün olmamışdır. Vəziyyətinin üzürlü olmasını şikayətinə əlavə etdiyi anası X5 ölüm haqqında şəhadətnaməsi də təsdiq edir. Belə ki, anası uzun müddət səhhətində olan problemlərlə mübarizə aparsa da, 13 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir O, hal-hazırda bir vətəndaş kimi üzərinə düşən öhdəliyimin fərqində olaraq yenidən gedib peyvənd olunmuşdur. Hesab edir ki, Quba rayon Polis Şöbəsi tərəfindən onun 4000 manat məbləğində cərimə olunmağı üçün əsaslar mövcud olmamışdır. Əlavə olaraq bildirmişdir ki, protokol tərtib edilərkən Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ondan etirafedici ifadələr alınmış və onun təzyiq altında verdiyi ifadələr sübut əhəmiyyəti daşımamalıdır. Ümumiyyətlə mövcud qanunvericiliyin tələbinə əsasən inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir və şəxsin təqsirli olmasına dair şübhələr onun xeyrinə həll olunmalıdır. Onun əməlimdə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi yoxdur. Qeyd etdiklərinə əsasən hesab edir ki, həmin qərar ləğv edilərək onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X4 şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X4 barəsində Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilərək, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan 25 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və 25 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 25 yanvar 2022-ci il tarixdə Quba rayonu Ağbil kəndində özünə məxsus ərzaq dükanını vaksini olmadan işlətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 02.02.2022-ci il tarixli arayışından görünür ki, X1 və digər vergi tutulan əmaliyyatları 11.08.2021-ci il tarixdən 11.08.2031-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli, 229 nömrəli qərarına əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVİD-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatının olması tələb edilir: mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVİD-19 pasportunun olması tələb edilir, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələr, mehmanxanalar və iri ticarət mərkəzləri kimi qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Beləliklə, müəyyən olunmuşdur ki, X4 vəzifəli şəxs deyil, fiziki şəxsdir. Belə ki, o, 11 avqust 2021-ci il tarixdən 11 avqust 2031-ci il tarixədək ********** saylı VÖEN-nin fəaliyyətini dayandırmışdır. Ona görə də vəzifəli şəxs kimi deyil, fiziki şəxs kimi məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1-ci maddə). Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2-ci maddə). Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3-cü maddə). İnzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4-cü maddə). tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5-ci maddə). Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X4 barəsində Quba rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ramin Məmmədov tərəfindən tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilərək, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X4 barəsində Quba rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ramin Məmmədov tərəfindən tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar