Məhkəmə qərarları › İş №3(027)-110/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-110/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-110/2024 29.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşqul olan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri 17-ci mikrarayonda kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:20 radələrində Quba rayonu, Qam-Qam kəndində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs qeyd olunan tarixdə Quba RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə həmkəndlisi X4 heç bir səbəb olmadan onu döydüyün bildirmişdir. İnzibati araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 22 noyabr 2023-cü il tarixdə, saat 11:20 radələrində Quba-Qonqkənd avtomobil yolunun Quba rayonu, Qam-Qam kəndi ərazisində küçədə aralarında şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs yumruq və təpiklə sifət və qarın nahiyyəsində vuraraq ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur və himayəsində 1 övladı var. Elşad onun həmkəndlisidir. Əvvəllər münasibətləri yaxşı olmuş, lakin son 2 ildir ki, münasibətləri pozulmuşdur. Bunun səbəbi isə Elşadın onun atasını təhqir etməsi və aralarında mübahisə yaranması olmuşdur. O, Elşad ilə uzun müddətdir ki, görüşmür və danışmır. 22 noyabr 2023-cü il tarixdə, təxminən saat 11:20 radələrində Quba şəhər xəstəxanasından gələrək Quba rayonu, Rustov kəndində yerləşən mağazanın qarşısından “Qazel” markalı avtomobil anidən yola çıxmış və onun qarşısında hərəkət etməyə başlamışdır. O, onu tanımadan siqnal vermiş və hətta işıqla işarə verib saxlamasını tələb etmişdir. Lakin həmin şəxs avtomobili saxlamamışdır. O, “Qazel” markalı avtomobili ötən zaman sürücüsünün həmkəndlisi Elşad olduğunu görmüşdür. Ona əli ilə nə etdiyini soruşmuş, Elşad isə avtombili onun önünə sürmüşdür. O, onu ötərək əl ilə «başın xarabdır»-deyə soruşduqda, o, onu təhqir etdiyini eşitmişdir. Avtomobili saxlamış və düşərək onun üzərinə hücum etmişdir. O, da avtombildən düşərək yumruqla onun sifət nahiyyəsinə vurmuşdur. Daha sonra Elşad öz avtomobilinə, o, da öz avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmışlar. Təxminən 200 metr irəliyə gəldikdən sonra ərzaq mağazasının qarşısında o, avtomobili su almaq məqsədi ilə saxladıqda, Elşad yenidən gələrək onunla mübahisə etmiş, o,da Elşadın qarın nahiyyəsinə yumruq və təpiklə vuraraq döymüşdür. Qısa müddətdə mübahisə yekunlaşmış və o, avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Mübahisə təxminən 20 dəqiqə davam etmişdir. Hadisə Quba-Qonqkənd avtomobil yolunun Quba rayonu, Qam-Qam kəndi ərazisində küçədə baş vermişdir. Mübahisələri və onun onu döyməsinin səbəbi Elşadın onu təhqir etməsi olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, özünə məxsus “Qazel markalı" **-BL-*** d.q.n-lı avtomobili vardır. K. Adıgözəlov onun həmkəndlisidir. 3 ildir ki, pul məbləğilə bağlı aralarında yaranmış mübahisə ilə əlaqədar münasibətləri pozulmuşdur. 22 noyabr 2023-cü il tarixdə, təxminən saat 11:20 radələrində Quba rayonu, Rustov kəndində özünə məxsus Qazel markalı avtomobil ilə yaşadığı Qam-Qam kəndinə gələrkən, kəndin mərkəzində yerləşən mağazanın yaxınlığında arxadan gələn avtomobilin işıq vasitəsilə işarə verdiyini görmüş, idarə etdiyi avtomobili yolun sağ kənarına çəkib saxlamışdır. Həmin vaxt arxadan gələn avtomobil manevr edərək qarşına gələrək avtomobili saxlamış və avtombilin Şəxs məxsus olduğunu bilmişdir. Daha sonra o, avtomobildən düşərək onun üzərinə hücum etmişdir. O, avtomobilin içərisində olduğu zaman yumruqla sifət nahiyyəsinə vurmuşdur. O, avtomobildən yerə düşmüş və aralarında mübahisə yaranmışdır. Kənan təpiklə ayaq və qarın nahiyyəsinə vurmuşdur. O. hansı səbəbdən onu döyməsini soruşduqda, Kənan iddia etmişdir ki, guya o, avtomobilin içindən onu söymüşdür. Halbuki o, Kənanı və digər şəxsləri söyməmişdir. Kənan səbəbsiz yerə onunla mübahisə etmiş, onu söymüş və döymüşdür. Mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 dekabr 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 962 nömrəli, 22 noyabr 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinib ki, onun bədəni üzərində aşkar olunan xəsarət- sol gözün altında və sifətində solda sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 22 noyabr 2023-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutlrı tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, Şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata Şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X3 adlı övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci və 32.2-cü maddəsinə əsasən müvafiq olaraq səmimi peşmançılığı və himayəsində azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar