Məhkəmə qərarları › İş №3(027)-111/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-111/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-111/2024 29.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh X3 qarşı “nikahın pozulması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X7 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə aralarında olan 27 may 2014-cü il tarixdə Quba rayonu Qeydiyyat Şöbəsində qeydə alınmış nikah qeydinin pozulması, birgə nikahlarından doğulmuş övladı 30 oktyabr 2019-cu il təvəllüdlü X6 onun himayəsində saxlanılması, övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət etdiyi tarixdən hesablanmaqla hər ay 220 manat sabit pul məbləğində alimentin eləcə də, ilkin mediasiya prossesi üçün ödədiyi 50 manat və 50 manat dövlət rüsumunun cavabdeh X1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə 27 may 2014-cü il tarixdə nikahları Quba rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmiş və nikahın bağlanması haqqında akt qeydləri kitabında nikahı 182 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından övladı-30 oktyabr 2019-cu il təvəllüdlü Ayaz doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuşdur. Lakin sonradan cavabdehlə xasiyyəti uyğun gəlməmiş, ona qarşı münasibəti dəyişmiş, onunla yola getməmişdir. Elman Məmmədkərimov ona qarşı soyuq münasibət bəsləmiş, mütəmadi olaraq spirtli içki qəbul edərək, evdə səbəbsiz mübahisələr yaratmış, onu söyüb təhqir etmiş və ləyaqətini alçaltmışdır. Cavabdeh dəfələrlə onu təhqir edərək fiziki güc tətbiq etmişdir. Onunla və övladı ilə ümumiyyətlə maraqlanmamışdır. Ailələrinin dağılmaması üçün cavabdehin məişət zorakılığı zəminində həyata keçirdiyi bütün hərəkətlərə və hüquqazidd davranışlarına dözməli olmuşdur. Cavabdehlə bir ailədə yaşamaqları mümkün olmadığından artıq 22 aprel 2023-cü il tarixdən ayrı yaşayırlar. Elman Məmmədkərimov ilə bundan sonra barışaraq, bir ailədə yaşamaqları qeyrimümkündür. Elman günəmuzd işlərlə məşğul olur, gəlir və qazancı kifayət qədərdir. Bütün gəlirini və qazancını ailədən gizləyərək, özünə və ailədən kənar yerlərə xərcləyir. Ona və uşağına qarşı öhdəliklərini yerinə yetirmir. Cavabdehlə barışaraq bir ailədə yaşamaqları mümkün deyildir. Ona görə də nikahlarını pozmaq qərarına gəlmiş və qərarı qətidir. Məhkəmə həmçinin tərəflərin ailə münasibətlərinin bərpa edilməsinə kömək etmək məqsədi ilə işə baxılmasını 3 (üç) ay müddətinə təxirə salmış, lakin tərəflər bu müddət ərzində barışmamış, iddiaçı nikahın pozulmasına təkid etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh X5 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış və nikah Quba rayon qeydiyyat şöbəsi tərəfindən həmin tarixli 182 nömrəli akt qeyd ilə qeyd edilmişdir. İş materiallarında əlavə edilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarından görünür ki, 50 manat dövlət rüsumu və 50 manat mediasiya üçün ödəniş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduqlarını, tərəflərin qanunla müəyyən edilmiş müddətdə barışmadıqlarını və faktiki ailə münasibətləri kəsildiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyrimümkündür. Ona görə də nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağıdır. Məhkəmə uşağın yaşını, iddiaçının uşağın onun yanında qalmasını tələb etdiyini, cavabdehin isə buna etiraz etmədiyini nəzərə alıb hesab edir ki, nikahın pozulmasından sonra uşaq iddiaçının (ananın) himayəsində qalmalıdır. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ona görə də cavabdeh iddiaçının yanında qalan uşağın saxlanması üçün aliment ödəməyə borcludur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı uşaq üçün 220 manat məbləğində müəyyən edilə bilməz. iddiaçının uşağın onun yanında qalmasını tələb etdiyini və onun saxlanılmasında çətinlik çəkəcəyini nəzərə alınaraq, aliment uşaq üçün hər ay 190 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı, iddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 50 (əlli) manat pul və Kapital banka ödədiyi 50 (əlli) manat dövlət rüsumu olmaqla ümumilikdə 100 (bir yüz) manat məbləğində pulun yarısı, yəni 50 (əlli) manat məbləğində pul cavabdeh X1 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddian qismən təmin edilsin. X7 ilə X5 arasında xx.xx.2014-cü il tarixdə Quba rayon qeydiyyat şöbəsi tərəfindən bağlanmış 182 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşaq X2 himayəsində qalsın. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment X1 tutularaq X4 verilsin. İddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 50 (əlli) manat pul və Kapital banka ödədiyi 50 (əlli) manat dövlət rüsumu olmaqla ümumilikdə 100 (bir yüz) manat məbləğində pulun yarısı, yəni 50 (əlli) manat məbləğində pul cavabdeh X1 alınaraq iddiaçı X4 ödənilsin. Qətnamə alimentin tutulması hissəsində Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar