Məhkəmə qərarları › İş №3(027)-1115/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1115/2022

18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1115/2022 18.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru (probasiya üzrə) X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.4-cü maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru (probasiya üzrə) X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 529.4-cü maddəsilə xx.xx.2022-ci il tarixdə protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs Quba Rayon Məhkəməsinin 3(027)-111 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarını icra etməmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru (probasiya üzrə) X2 izahatında göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 3(027)-111 saylı, xx.xx.2022-ci il tarixli, qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 200 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixdə ictimai işlərin yerinə yetirilməsi ilə əlaqədar göndəriş verilmişdir. Şəxs izahatında ictimai işləri yerinə yetirməkdən imtina etdiyini bildirmişdir. Bununla da o, inzibati tənbehin çəkilməsindən boyun qaçırmışdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, göstərmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)-111 saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 saat ictimai işlər cəzası tətbiq olunmuşdur. O, ona tətbiq olunan inzibati tənbehin çəkilməsindən boyun qaçırmamış, icra məmuru tərəfindən ona hər hansı bir iş yeri təklif olunmamış, iş təklif olunduğu halda gedib işləməyə hazır olduğunu bildirmişdir. Göstərdiyi halları nəzərə alaraq, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)- 111/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinb, barəsində 200 (iki yüz) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 18 oktyabr 2022-ci il tarixli göndərişdə Şəxs Quba rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru (probasiya üzrə) Umud Məhsimov tərəfindən ictimai işlərin yerinə yetirilməli olması ilə bağlı göndəriş alması qeyd olunmuşdur. Barəsində inzaibat xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında iş üzrə icraat başlamış Quba rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru (probasiya üzrə) X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ictamai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asuldə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixlit, 438 №-li qərarı ilə təsdiq edilmiş «İctimai işlər cəzasına məhkum olunmuş və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası»ın 1.5-ci bəndinə əsasən o cümlədən ictimai işlər növündə inzibati tənbehin icrası zamanı bu tənbeh tətbiq edilən şəxslərin əmək qanunvericiliyində nəzərdə tutulmuş əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri ilə əlaqədar hüquqları təmin olunmalıdır. Həmin Qaydanın 2.1, 2.1.1, 2,1.2, 2.1.3, 2.1.4, 2.1.5 və 2.1.6-cı bəndlərinə əsasən barəsində ictimai işlər tətbiq edilən şəxslər aşağıdakı işlərə cəlb edilirlər: şəhər, rayon ərazisinin, küçə, park və meydanların, yolların abadlaşdırılıması və təmizlənməsi (o cümlədən, yaşıllaşdırılması, qar və yağış sularının fəsadlarının aradan qaldırılması); məişət tullantılarının (əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyaların, maddələrin və materialların, tullantıların) yığılması (toplanılması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istfadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması; yaşayış ərazilərinin, xəstəxanaların, məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, yataqxana və pansionatların, sosial xidmət müəssisələrinin, habelə sosial sferanın digər obyektlərinin tikintisi və təmiri; kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi; təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması; ictimai əhəmiyyətli digər işlər. Bu Qaydanın 3.1 və 3.3-cü bəndlərinə əsasən ictimai işlərin icrası bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə barəsində ictimai işlər tətbiq edilən şəxslərin yaşadığı ərazinin yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə həyata keçirilir; yerli icra hakimiyyəti orqanı müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlanadək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən barəsində ictimai işlər tətbiq edilən şəxslərin cəlb ediləcəyi işlərin həyata keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi zamanı yerli icra hakimiyyəti orqanları tərəfindən həmin şəxslərin peşə vərdişləri, təcrübəsi, yaşı, eləcə də iş rejimi və zəruri əmək şəraitinin həmin şəxslərin sağlamlıq vəziyyətinə uyğunluğu nəzərə alınmalıdır. Yenə də həmin Qaydanın 3.6-cı bəndinə əsasən iş yerlərinin müəyyənləşdirilməsi məqsədi ilə inzibati-ərazi vahidinin ərazisində fəaliyyət göstərən mühəndis-kommunikasiya və yol-infrastruktur layihələrini həyata keçirən qurumların siyahısı (bundan sonra siyahı) şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunur və onların internet səhifəsində dərc edilir. Bu siyahı yarım ildə bir dəfə yenilənir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 5-N nömrəli qərarı ilə təsdiq edilmiş «İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası Qaydaları» ın 2.3.4-cü bəndinə əsasən ictimai işləri icra edən icra məmuru barəsində ictimai işlər tətbiq edilmiş şəxslərə ictimai işlərin icrasının qayda və şərtlərini izah etməlidir. Bu Qaydaların 4.5. 4.6, 4.7, 4.8 və 4.9-cu bəndlərinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxs bu Qaydaların 4.3-cü bəndində göstərilmiş müddətdə üzrsüz səbəblərdən gəlmədikdə, “İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən icra məmuru həmin şəxsin məcburi gətirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edir. Qərar məlumat məqsədilə barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxsə göndərilir; icra məmuru ictimai işlərə cəlb olunan şəxslərə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısındakı iş yerlərindən birində işləmək üçün göndəriş verir; ictimai işlərə göndərilən şəxs müvafiq işlə təmin edildikdən sonra, işəgötürən bu barədə dərhal icra icra məmuruna məlumat verir. Məlumat daxil olmadıqda icra məmuru şəxsin ictimai işlə təmin edilməsi barədə işəgötürənə sorğu edir; icra məmuru ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı tələb olunan hər hansı məlumatın alınması ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarına sorğu verir; icra məmuru barəsində ictimai işlər tətbiq edilmiş şəxsin işləmiş olduğu vaxtın uçotunu aparmaq üçün qeydiyyat vərəqəsini tərtib edir. Yenə də həmin Qaydaların 6.1.1-ci maddəsinə əsasən ictimai işlərin icrası zamanı işəgötürən ictimai işlərə cəlb olunmuş hər bir şəxs barədə ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək, üç gündən gec olmayaraq icra məmuruna göndərir; 6.2-ci maddəsinə əsasən işəgötürən ictimai işlərin keçirildiyi yerlərdə əməyin mühafizəsi qaydalarına və təhlükəsizlik texnikası normalarına əməl olunmasına, ictimai işlərə cəlb olunan şəxslərin əməyindən səmərəli istifadəyə görə məsuliyyət daşıyır. Həmin Qaydaların 7.10-cu maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən qoyun qaçıran şəxslər aşağıdakılar hesab olunur; 7.10.1.üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmayanlar; 7.10.2. həftədə iki dəfə və daha çox ictimia işin icrası yerlərində əmək intizamını pozanlar; 7.10.3. inzibati tənbehi çəkməmək məqsədilə gizlənənlər. Qanun normalarından görünür ki, ictimai işlər növündə inzibati tənbehin çəkilməsi zamanı yerinə yetirilməli olan işlərin adı dəqiq göstərilmişdir. Həmçinin bu zaman yerli icra hakimiyyəti orqanı müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını dəqiq göstərməli və bu barədə məlumat verməlidir. Bundan başqa, işəgötürən ictimai işlərə cəlb olunmuş hər bir şəxs barədə ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək, üç gündən gec olmayaraq icra məmuruna göndərməli, ictimai işlərin həyata keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi zamanı yerli icra hakimiyyəti orqanları tərəfindən həmin şəxslərin peşə vərdişləri, təcrübəsi, yaşı, eləcə də iş rejimi və zəruri əmək şəraitinin həmin şəxslərin sağlamlıq vəziyyətinə uyğunluğu nəzərə alınmalıdır. Qanunun başqa tələbinə görə ictimai işləri icra edən icra məmuru barəsində ictimai işlər tətbiq edilmiş şəxslərə ictimai işlərin icrasının qayda və şərtlərini izah etməli, ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısındakı iş yerlərindən birində işləmək üçün göndəriş verməli, şəxs ictimai işləri yerinə yetirməkdən boyun qaçırdıqda, onun məcburi gətirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar verməli və bu qərarı şəxsə göndərməlidir. İş materiallarından isə görünür ki, Şəxs “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyində hansı işləri, harada və hansı vaxt ərzində yerinə yetirilməli olması müəyyən olunmamış, məhz bu barədə müvafiq cədvəl tərtib edilməmiş (işlərin sayı, yeri və vaxtı), həmin siyahı və cədvəllə Şəxs tanış edilməmiş, onun hansı ictimai yerləri, konkret hansı ünvanda və konkret hansı vaxtda (işin başlanması və qurtarması vaxtları) yerinə yetirəcəyi barədə ona rəsmi qaydada heç bir məlumat verilməmişdir. İş materiallarında olan olan 18 oktyabr 2022-ci il tarixli göndərişdə də Şəxs konkret olaraq hansı ictimai işləri yerinə yetirməsi üçün göndərilməsi öz əksini tapmamışdır. Həmçinin bu zaman onun konkret hansı ictimai işə cəlb edilərkən peşə vərdişləri, təcrübəsi, yaşı, eləcə də iş rejimi və zəruri əmək şəraitinin onun sağlamlıq vəziyyətinə uyğunluğunun nəzərə alınması bir sübutla təsdiqini tapmamışdır. Eyni zamanda işəgötürən tərəfindən Şəxs münasibətdə ictimai işlərin keçirildiyi yerlərdə əməyin mühafizəsi qaydalarına və təhlükəsizlik texnikası normalarına əməl olunması ilə bağlı hansı kokret tədbirləri görməsi və iş yerində təhlükəsiz iş şəraiti yaratması barədə heç bir sübut yoxdur. İş materiallarında, o cümlədən Şəxs şəxsi işində ictimai işləri icra edən icra məmurunun barəsində ictimai işlər tətbiq edilmiş Şəxs ictimai işlərin icrasının qayda və şərtlərini izah etməsi barədə heç bir sübut yoxdur və belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iş materiallarında olan Şəxs izahatnın onun tərəfindən və onun sözlərindən iradə ifadəsinin nəticəsi olaraq yazılması, həmin izahatda yazılanların Şəxs oxunması və onun həmin izahatda göstərilən məlumatları təsdiq etməsi da böyük şübhələr doğurur. Belə ki, həmin izahat Şəxs öz xətti ilə deyil, kompyüterdə Quba rayon İcra və Probasiya Şöbəsində yazılmış, bu zaman izahatın onun sözlərindən yazılması, ona oxunması və doğru olaraq yazılması barədə heç bir qeyd yazılmamış və həmin qeyd Şəxs imzası ilə təsdiq olunmamışdır. Həmin izahatda həmçinin onun konkret harada, hansı vaxtda və hansı ictimai işləri yerinə yetirməyə çıxmaması öz əksini tapmamışdır. Belə ki, əgər Şəxs konkret harada, hansı vaxt ərzində və hansı ictimai işlərə cəlb edilməsi ona məlum olsaydı, onda işdə olan sənədlərdə, o cümlədən izahatda bu dəqiq göstərilərdi. Bundan başqa, Şəxs ictimai işlərə çıxmamasının üzrlü səbəblərlə əlaqədar olub-olmaması araşdırılmamış, onun ictimai işlərdən qəsdən boyun qaçırması müəyyən olunmamışdır. Qeyd olunanlar əslində Şəxs ictimai işlərə cəlb edilməsinin formal xarakter daşıdığını göstərir və reallıqda ictimai işin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində təşkil edilməsinə və Şəxs hansı işləri, konkret hansı ünvanda və hansı vaxt ərzində yerinə yetirilməsində dəqiq ifadə olunmalı olan ictimai işlərə həqiqətən də cəlb edilməsinə əsaslı və icra məmuru tərəfindən heç bir konkret sübutla aradan qaldırıla bilməyən şübhələr yaradır. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Şəxs həqiqətən də dəqiq ünvanda, dəqiq vaxt ərzində kokret ictimai işlərə cəlb edilməsi və onun heç bir üzrlü səbəb olmadan bu işləri yerinə yetirməkdən qəsdən boyun qaçırmasını, bununla da Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, Şəxs ona inkriminə olunan inzibati xətanı törətməsində təqsirli olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə bunu sübut etmək vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın nə obyektiv tərəfi, nə də subyektiv tərəfi (təqsiri) mövcud deyildir. Belə olan halda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsilə başlanmış inzibati xəta hıqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar