Məhkəmə qərarları › İş №3(027)-1139/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1139/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1139/2025 09.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şəxs MMC-nin X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 229-cu maddəsilə Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 13 saylı Quba-Xaçmaz regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 13 saylı Quba-Xaçmaz regional bölməsindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 229-cu maddəsilə 20 noyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə, saat 10.00-da Quba rayonu, Dəlləkli kəndi ərazisində Qudyal çayının məcrasında su obyektinin özbaşına tutulması ilə hər hansı icazə və lisenziya sənədi olmadan xüsui texnika vasitəsi ilə qazıntı işlərinin aparıldığı müəyyən olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 protokolda qeyd edilənləri qəbul edərək, barələrində inzibati tənbeh tədbiri görülməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 13 saylı Quba-Xaçmaz regional bölməsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmiş, habelə vəsatət daxil olmamışdır. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 262.1.2-ci maddəsinə əsasən su obyektlərinin özbaşına tutulmasına görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 229-cu maddəsinə əsasən Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə- fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-na istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 13 saylı Quba-Xaçmaz regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 002628 nömrəli akta əsasən Qudyal çayının sol sahilində Quba rayonu Dəlləkli kəndi ərazisindən keçən hissəsində çayın sağ sahilində qum-çınqıl emalı sexinin fəaliyyət göstərdiyi qeydə alınmışdır. Yerində araşdırma zamanı müvafiq icazə sənədi və su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan, su obyektini özbaşına tutmaqla çay məcrasında xammalın çıxarılması məqsədi ilə dövlət qeydiyyat nişanı olmayan traktor vasitəsilə torpaq qazıntı işlərinin aparıldığı aşkar edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən qum-çınqıl karxana sexi və xüsusi texnikalar Şəxs MMC məxsusdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş Şəxs MMC tərəfindən su obyektlərinin özbaşına tutulmasına və su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 229-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Törədilmiş əməl düzgün olaraq qeyd edilən maddə ilə tövsif olunmuşdur, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, ona həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd edilən Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. AR İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar nəzərə alınmaqla Şəxs MMC barəsində 3000 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin təmin edilməsi baxımından daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 262.1.2 və 229-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar