Məhkəmə qərarları › İş №3(027)-1141/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1141/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1141/2025 24.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba RPŞ-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci və 206-cı maddələriylə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Quba-Xaçmaz yolunda DYPB-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Quba rayonu, Zizik kəndi ərazisində DYPB-nin əməkdaşlarını nalayiq ifadələrlə söymüşdür. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz MRX-nın narkoloji kabinetində keçirilmiş müayinə zamanı narkotik vasitənin qəbul etməsi aşkar olunmuşdur. Məhkəmə iclasında Quba RPŞ-nin İTB-nin sahə rəisi, X2 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Quba-Xaçmaz yolunda DYPB-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, DYPB-nin əməkdaşlarını nalayiq ifadələrlə söymüş və Xaçmaz MRX-nın narkoloji kabinetində keçirilmiş müayinə zamanı narkotik vasitəni qəbul etməsi aşkar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək, cəriməsi olması səbəbindən hesab etmişdir ki, avtomobili duracağa yerləşdirəcəklər. Ona görə də avtomobilə əyləşib uzaqlaşmaq istəmişdir. Narkotik vasitəni təxminən 1 ay olar qəbul etmişdir, lakin əməlindən çox peşmandır. Hər hansı bir nalayiq ifadəni isə səsləndirməmişdir. Məhkəmə iclasında iştirak edən və raportu tərtib edən Quba RPŞ-nin DYPB-nin YPXİ polis baş serjantı Sahil Əhmədov verdiyi izahatında qeyd etmişdir ki, şəxs nəqliyyat vasitəsinin təhlükəsizlik kəməridən istifadə etmədiyi üçün və kobud qayda pozuntularına yol verdiyi üçün tərəflərindən saxlanılan zaman ünvansız nalayiq söyüşlər söyməyə başladı. Lakin uzaqda olmasına görə video görüntülərdə eşitmək mümkün olmayacaqdır. Sonra maşına əyləşib sürətlə yoluna davam etdi. Şəxsin hərəkətlərindən onun narkotik vasitə istifadə etməsinə şübhə yarandı. Şəxs o vəziyyətdə avtomobili idarə etməsi hər bir kəsin həyatı üçün təhlükə yaradırdı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materialında olan xx.xx.2025-ci il tarixli, 63 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan göründüyü kimi, Şəxs narkotik test müayinəsi nəticəsində narkotik vasitə qəbul etdiyi aşkar olunmuşdur. Narkotik maddə qəbulu nəticəsində yüngül dərəcə sərxoşluq müəyyən edilmiş və məcburi müalicəyə ehtiyacı olmadığı qeyd edilmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, o cümlədən inzibati xəta haqqında protokolu və işdə olan sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, o polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, habelə narkotik test müayinəsi nəticəsində narkotik vasitə marixuana qəbul etdiyi aşkar olunduğu, qanunsuz olaraq narkotik vasitə istehlak etməklə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı və 535.1-ci maddələrilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd edilən Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi əlamətlərini daşıyan hər hansı əməl (hərəkət və ya hərəkətsizliyi) müəyyən olunmur. Belə ki, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Qeyd edilən Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, qeyd edilən maddənin tələbi nəzərə alınmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinlə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 206-ci maddəsilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan göründüyü kimi, Şəxs xx.xx.2025-ci il, saat 17:30-dan inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 34,114, 115, 130, 206, 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələrilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il, saat 17:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar