Məhkəmə qərarları › İş №3(027)-1159/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1159/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1159/2025 04.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 01 noyabr 2025-ci il il tarixdə təxminən səhər saat 11 radələrində idarə etdiyi özünə məxsus MERSEDES BENZ C200 BLUETEC MİNİK markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomaşınla 2-ci Nügədi kəndinin içərisi ilə şosse yolla saatda 30-40 km sürətlə nəvəsi Quba şəhərinin 2 № li məktəbində keçirilən şəhidin anım mərasiminə gətirmək məqsədilə hərəkətdə idi. Qarşısına məktəbə gedən uşaqlar çıxdığına görə avtomaşını oz yolundan az miqdarda sola döndərməyə məcbur olmuşdur. Bu zaman qəfildən arxasınca eyni istiqamətdə hərəkətdə olan bir ağ rəngli NİVA markalı avtomaşın gəlib onun avtomaşınımın qabaq sol qapı hissəsinə çırpılıb dayanmışdı. Xəsarət alan olmadı. Hadisə yerinə DYP-nin əməkdaşı gəldi və hadisə yerinin fotoşəklini telefonla çəkib avtomaşınları hadisə yerindən götürtdü. O,avtomaşını götürüb əvvəlcə məktəbə, sonra isə evə gəlmişdir. xx.xx.2025-ci il tarixdə mobil telefonuna SMS- xəbər daxil olaraq manevr qaydalarını pozduğuna görə AR İXM-nin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə olunması bildirilmişdir.Cərimə olunmağının səbəbini öyrənmək məqsədilə Quba RPŞ-nin DYPB-nə gəlmişdir. Burada polis mayoru Nail Əliyev əsassız olaraq onu günahlandırmış və təzyiq altında protokolo imza etdirmişdir. Onda o məhkəməyə şikayət edəcəyimi bildirib və barəsində qəbul edilmiş qərarın surətini istəmişdir.O,yalnız xx.xx.2025-ci il tarixdə DUPB-dən qərarın surətini ala bilmişdir və polis rəisinə şikayət etmişdir. O, işə obyektiv baxılmasını tapşırdı.Ona görə yalnız bu gün məhkəməyə şikayət edə bilmişdir. Polis tərəfindən barəsində qəbul edilmiş qərarı aşağıda göstərilən səbəblərə görə əsassız hesab edir və ləğv edilməsini tələb edir Əvvələn, o heç bir qayda pozuntusu törətməmişdir. Əksinə,arxadan gələn NİVA markalı avtomaşının sürücüsü sürət və ara məsafəsini gözləməklə yol şəraitinə uyğun avtomaşını idarə etməli idi və bunu etmədi. İkincisi, o öz yolu ilə getmişdir, qarşısına məktəbə gedən uşaqlar çıxdığına görə avtomaşını sola meylləndirməyə məcbur olmuşdu,əks halda bədbəxt hadisə baş verə bilərdi. Üçüncüsü onların hərəkətdə olduğu yerdə NİVA markalı avtomaşın ötmə əməliyyatı etməməli idi. Çünki,həmin yerdə ötmənin qadağan olunmasını göstərən nişan və şosse yolda bütov xətt vardır. Dördüncüsü, hadisə yerinə gələn DYP əməkaşı hadisə yerini ətraflı müayinə etməli idi, etmədi ,yalnız bir dəfə fotoşəkil çəkməklə kifayətləndi, hadisənin baş vermə mexanizmini aydınlaşdırmadı.Ona görə də Quba RPŞ DYPB-nin xx.xx.2025 ci il tarixli TP ******* №li qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikasının DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BDYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 (qırx) manat cərimə cəzası tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” AR Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.6 — əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti — cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər-üfiqi nişanlanma (yolun uzununa nişanlama) xətlərinə aiddir. “Yol hərəkəti haqqında” AR Qanununa əsasən ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görəqırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəməyə təqdim edilmiş videogörüntülərdən X1 iddia etdiyi kimi həqiqətən də azyaşlıların avtomobilin qarşısı ilə hərəkət etməsi halı müşahidə edilir. Lakin görüntüdə avtomobilin önündə olan maneələr baş vermiş hadisəni tam olaraq müayinə etmək imkanını məhdudlaşdırır. Nəzərə alınmalıdır ki, digər tərəf məhkəməyə şəxsin inzibati xəta törətməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Beləliklə Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ YPX-nın İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN DİN Quba RPŞ YPX –ya göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar