Məhkəmə qərarları › İş №3(027)-1171/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1171/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1171/2022 05.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Quba şəhərində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək olan narkotik vastə aşkar edilmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X4 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, X2 təxminən 3 ildir ki, tanıyır. Taksi sürücüsü kimi Azadı və ailə üzvlərini aparıbgətirmişdir. 13 iyun 2022-ci il tarixdə günorta saatlarında Azad Rəsulov ona zəng edərək ailə üzvlərini aparmaq üçün çağırmışdır. O Azadın yaşadığı ünvana gəlmişdir. Azadı və ailə üzvlərini Quba şəhəri ərazisində lazım olan yerlərə aparmışdır. Təxminən 2-3 saat sonra Azadı və ailə üzvlərini yaşadıqları ünvana geri gətirmişdir. Həmin vaxt Azad ona 7 manat pul vermişdir. O isə əlavə olaraq bir qədər də pul verməsini xahiş etmişdir. Azad ona hazırda üstündə başqa pul olmadığını, axşam ona əlavə 5 manat da verəcəyini bildirmişdir. Axşam saat 23 radələrində o Azadın yanına getmişdir. Azad onu yaşadığı ünvana dəvət etmişdir. O Azadın evində olduğu zaman qapı döyülmüş və polis əməkdaşları özlərini təqdim edərək evə baxış keçirmək istədiklərini bildirmişlər. Azad da etiraz etməmişdir. Daha sonra Azaddan evində narkotik vasitə olub olmadığını soruşduqda Azad, evində narkotik vasitə olduğunu demiş və otaqların birində masanın üzərində olan narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Həmin otaqda stolun üstündə şəffaf sellofana bükülü vəziyyətdə, açıq şəkildə narkotik vasitələr və narkotik istifadə etmək üçün alətlər, elektron tərəzi və istifadə olunmuş şpris olmuşdur. Həmin kütlələr polis əməkdaşları tərəfindən tərəzidə ölçülərək qablaşdırılmış və götürülmüşdür. Həmin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Azadın evində narkotik vasitə olmasından məlumatı olmamışdır. Azad ilə birlikdə həmin narkotik vasitələrdən istifadə etməmişdir. Narkotik vasitələrdən ara-sıra istifadə edir, əvvəllər narkotik vasitələrin istifadəsi, saxlanması və daşınması ilə bağlı məhkum olunmamış, lakin az miqdarda üzərində narkotik vasitə aşkar olunduğuna görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan 2164/K nömrəli Ekspert rəyindən görünür ki, Şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qurupuna aid olan alkoloid aşkar edimişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Belə ki, xx.xx.2022-ci il tarixli məktuba əsasən Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınmalıdır. Şəxs barəsində həbs etmənin 05 noyabr 2022-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 05 noyabr 2022-ci il tarixdən, saat 17:30-dan hesablansın. Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınsın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar