Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1191/2025 09.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-645/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, borcu ödəməkdən imtina etmir, səhhəti ilə bağlı problemləri olmuş, həm də xx.xx.2025-ci il tarixdə həbsdən çıxmışdır. Vaxt verilərlə bir həftəyə borcun müəyyən qismini ödəyəcəkdir. Sonda Şəxs icra sənədinin icrasından yayınmadığını bildirərək, məhkəmədən barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 bildirdi ki, Quba Rayon Məhkəməsinin 2(027)-645/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi onun icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, Şəxs həbsdə olduğu üçün icra vərəqəsi cəzaçəkmə müəssisəsinə göndərilmiş, lakin icra edilməmişdir. 2025-ci ilin avqust ayında Şəxs həsdən azad edilmiş, lakin borcdan heç bir ödəniş etməmişdir. Şəxs iki dəfə icra şöbəsinə gəlmiş, noyabr ayının 5-i isə ona izah olunmuş, lakin yenə də ödəniş etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə barəsində İXH protokol tərtib olunan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyən edilir ki, Şəxs Suraxanı rayon məhkəməsinin 1(010)-605/2023 saylı hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2025-ci il tarixdə cəzası bitmişdir. Məhkəmə tərəfindən araşdırılmış icra işində olan Şəxs xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli izahatlarından görünür ki, Şəxs icra məmuruun çağırışlarından yayınmadan icra şöbəsinə gəlmiş və izahatında 3 ay əvvəl həbsdən azad olmasını və hal-hazırda işləməməsi, məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmadığını bildirərək, ona vaxt verilməsini xahiş etmişdir. Şəxs həbsdən yeni çıxması onun sosial mühitə adaptasiyası və işlə təmin olunması üçün müəyyən vaxt tələb edir. Bu hal onun faktiki olaraq ödəniş etməyə imkanı olmadığını göstərir. Şəxs borcu ödəməməsi onun niyyətindən yox, obyektiv sosial-iqtisadi çətinliklərdən qaynaqlanır. Borclu maddi imkanlara malik deyildirsə və bu obyektiv hallarla təsdiq edilirsə, onu qəsdən yayınan şəxs hesab etmək olmaz. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Quba Rayon Məhkəməsinin 2(027)-645/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 6400 (altı min dörd) manat maddi zərər tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir; - “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Quba Rayon Məhkəməsinin 2(027)-645/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır; - xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, “İcraata başlamaq haqqında” qərarın surəti borclu Şəxs təqdim edilmişdir; - Quba rayon İcra və probasiya şöbəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Xidmətinin rəisinə olan məlumatından görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrası barədə borclu Şəxs bildiriş göndərilmiş, borclu tərəfindən könüllü icra müddətində tələb təmin etmədiyi üçün onun əmlak və gəlir yerləri barədə aidiyyəti üzrə sorğular verilmiş, lakin onun adına borcun ödənilməsinə yönəldilməli əmlak və gəlir yerləri müəyyən edilməmişdir. İcraat zamanı borclu Şəxs Azrəbaycan Respublikası Ədliyyə Nazirliyinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən edilmiş və icra sənədi xx.xx.2024-cü il tarixdə həmin müəssisəyə göndərilmişdir. 14 saylı cəzaçəkmə müəssisəsi tərəfindən xx.xx.2025-ci il tarixdə şöbəyə məktub ünvanlanmış və müəssisədə təsərüfat sahəsində iş yerləri məhdud olduğundan və istehsalat sahəsi olmadığından icra sənədi üzrə tələbi yerinə yetirmək mümkün olmadığı qeyd edilərək icra sənədi geri qaytarılmışdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə Şəxs bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Hazırki vəziyyətdə isə məhkəmənin gəldiyi nəticəyə görə, Quba Rayon Məhkəməsinin 2(027)-645/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin 2(027)-645/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1191/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1191/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver